Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8678/2021 14.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qızına (bundan sonra – cavabdehlər) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 654,81 manat borcun tutularaq **********160 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehlərə su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 25.08.2021-ci il tarixinə 654,81 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçi tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 11.05.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8678/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, digər cavabdeh keçmiş həyat yoldaşıdır. 2005-ci ildə onların nikahları pozulmuşdur. Cavabdeh anası ilə yaşayırdı. Anası isə 09 aprel 2019-cu ildə vəfat etmişdir. İddiaçı tərəfindən ilk dəfə 5 nəfərə görə borc hesablanmışdır. İddiaçı daha sonra cavabdehdən ailə tərkibi haqqında arayış tələb etmiş, cavabdeh həmin arayışı iddiaçıya təqdim etdikdə qəbul etməmişdir. Belə ki, iddiaçının əməkdaşları ona bildirmişlər ki, digər şəxslərin evdə qeydiyyatda olmamalarına dair sənəd təqdim etməlidir. Faktiki olaraq mənzildə yaşamayan şəxslərə görə iddiaçı tərəfindən borc hesablanmışdır. Cavabdeh ona aid olan ödənişləri vaxtı-vaxtında yerinə yetirmişdir. İddiaçıya və digər cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və bu barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Günay Cəfərova iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən X3 09 aprel 2019-cu ildə vəfat etmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 08.08.1964-cü ildə anadan olmuşdur. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən cavabdehlərin nikahları 26 oktyabr 2005-ci ildə ləğv edilmişdir. İşdə olan abonent kartında cavabdehin su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartından görünür ki, iddiaçının 2012- 2019-cu illər üzrə iddiaçının yekun olaraq 654,81 manat borcu qalmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün 01.01.2002-ci il tarixli, 30373596 saylı müqavilə bağlandığı qeyd edilmişdir. 5 saylı Mənzil-Kommunal Sahəsinin 592 saylı arayışında göstərilmişdir ki, X3 09.04.2019-cu il tarixində vəfat etmişdir. O, ünvan 2-da yaşamışdır. Arayışda onun ailə üzvləri kimi cavabdehlərlə yanaşı X1 və X4 göstərilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən X3 09.04.2019-cu il tarixində vəfat etmişdir. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən cavabdehlər arasında nikahın pozulması barədə 26.10.2005-ci ildə akt qeydi aparılmışdır. İşdə olan 5 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş, Sumqayıt şəhəri, 5 saylı Mənzil-Kommunal sahəsinin sahə ustası X5, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 2a/15, mənzil 13-də yaşayan X8, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 2a/15, mənzil 18-də yaşayan X2 tərəfindən tərtib edilərək imzalanmış aktda göstərilmişdir ki, ünvan 1-da qeydiyyatda olan Cavabdeh2 qızı, X1 və X4 göstərilən mənzildə yaşamırlar. Cavabdeh1 2010-cu ildən ünvan 1 ünvanında tək yaşayır. 5 saylı Mənzil-Kommunal Sahəsinin 1069 saylı arayışına əsasən cavabdeh həqiqətən ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31.01.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat müəyyən edilmişdir. Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İşdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilə 2002-ci ildə bağlanmışdır. Cavabdeh2 qızı, X1 və X4 2005-ci ildən ünvan 2 ünvanında yaşamamışlar. İddiaçı isə Cavabdeh1 yaşadığı ünvana su və kanalizasiya xidmətlərindən istifadəyə görə 4 nəfərlik ailə tərkibinə uyğun hesablama aparmışdır. Göründüyü kimi Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında su sayğacı olmadığından cavabdeh tərəfindən hesablama 4 nəfərlik ailə tərkibinə uyğun aparılmışdır. Lakin, həmin ünvanda 2005-ci ildən bəri Cavabdeh1 tək yaşamışdır. Bu səbəbdən iddiaçının cavabdehlərdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 654,81 manat borcun tutularaq **********160 saylı abonent koduna ödənilməsi barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı cavabdehlərdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 654,81 manat borcun tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8678/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8678/2021
14.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver