Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8706/2021 30.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 3-cu mkr., ev7/2b, mənzil 49-da istifadə olan qaza görə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi barədə 22.09.2020-ci il tarixli aktın ləğv edilməsi və götürülmüş sayğacın dəyəri üçün hesablanmış 185,73 məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 3-cu mkr., ev7/2b, mənzil 49-da istifadə olan qaza görə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi barədə 22.09.2020-cı il tarixli aktın ləğv edilməsi və götürülmüş sayğacın dəyəri üçün hesablanmış 185,73 manat borcun silinməsi və 22 sentyabr 2020-ci il tarixli tələbnaməyə əsasən itirilmiş 2160m3 qazın bərpası üçün hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, 3-cü mkr., ev7/2b, mənzil 49-da yaşayır. 2021-cı ilin sentyabr ayında Azəriqaz İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən mülkiyyətçisi olduğu mənzilin əvvəlki qaz sayğacının dəyişdirilərək yeni smart tipli qaz sayğacının quraşdırılması işləri həyata keçirilmişdir. Sayğacın çıxarılması və yenisinin quraşdırılması barədə akt tərtib edilsə akt tərəfindən imzlanmamışdr. Bildirir ki, aktın bir nüsxəsinin ona təqdim edilməsi qanunvericiliklə nəzərdə tutulsa da cavabdeh aktı ona təqdim etməmişdir. Əvvəlki qaz sayğacının çıxarılması zamanı Sumqayıt Qaz istismar sahəsinin işçiləri tərəfindən ona bildirilmişdir ki, ona məxsus mənzilə aid olan dəyişdirilməsi nəzərdə tutulan qaz sayğacına müdaxilə olmuşdur. Məlumat üçün bildirir ki, sayğacın plombuna hər hansı bir müdaxilənin olması müəyyən olumamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, mənzildə istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən ona məxsus mənzilin daxilində deyil, blokun 1-ci və 2-ci mərtəbələri arasındakı pilləkən meydançasında yerləşdirilmişdir. Bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq cavabdeh təşkilatın ona ünvanladığı 29.09.2021-ci il tarixli məktubunda bildirilir ki, götürülmüş qaz sayğacının laboratoriyada yoxlamadan keçirilmiş və sayğacın çıxışındakı plastmas boru deşici alətlə deşildiyi və guya bu səbəbdən sayğac istismara yararsız vəziyyətə gətirilmişdi. Qeyd olunan məktubda əsassız olaraq ona çıxarılmış sayğaca görə 185.73 manat məbləğində borc hesablanması qeyd olunmuşdur. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona 185.73 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. İlk növbədə bildirir ki, sayğac necə yararsızdır ki, o, həmin sayğacın göstəricilərinə uygun istifadə olunan qaza görə ödənişləri müntəzəm ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 22.09.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilə aid qaz sayğacının yoxlanılması zamanı müəyyən edilmişdir ki, sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınmış, nəticədə sayğac ALARM-1 rejimindədir, klapanı bağlıdır. Qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombları aşkar olunmamışdır. Göstəriciliər arasında fərq mövcuddur. Sayğacın hesablanma mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda 15.12.2018., 07.04.2019., 14.04.2019., 11.08.2020ci il tarixlərdə ALARM-1 rejimi aşkar olunmuşdır. 29.09.2021-ci il tarixli “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” arayışdan görünür ki, G-4 markalı 1402AZ**********96 nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır, nəticədə sayğac ALARM-1 rejimindədir, qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombları aşkar olunmadı, göstəriciliər arasında fərq olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Sayğacın dəyəri 185,73 manatın abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtükləörtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə hesab edir ki, qazdan istifadə üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eləcə də qanunvericiliyin tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 1, 49 saylı mənzilə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 185,73 manat borc ləğv olunmalı, abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinin tələbləri pozulmaqla verildiyindən həmin hissədə tələbə məhkəmə qiymət vermir. Bundan başqa, məhkəmə, hesab edir ki, aktın ləğv edilməsinə əsas yoxdur, çünki, həmin akt sayğacda qüsur olmasını özündə əks etdirir. Həmin qusurun müəyyən edilməsi isə bu qüsurun (müdaxilənin) abonentin tərəfindən müdaxilə ilə bağlı yaranması nəticəsinə gəlməyə və ona qeyd edilən məbləğdə borcun hesablanmasına əsas vermir. Qeyd edildiyi kimi qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1, 49 saylı mənzilə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 185,73 (bir yüz səksən beş manat yetmiş üç qəpik) manat borc ləğv olunsun, **********00490 nömrəli abunə hesabından silinsin. Cavabdeh «Azəriqaz» İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-8706/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8706/2021
30.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver