Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-879/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Arif oğlu tərəfindən iddiaçı “Qarabağ Taxıl“MMC-yə məxsus olan üç vahid soyuducu anbar kamerasının müqavilə əsasında istifadəsinə görə yaranmış 52.650 manat (əlli iki min altı yüz əlli) manat məbləğində əsas borcun və ödənişin gecikdirilməsinə görə yaranan 900 (doqquz yüz) manat məbləğində faiz borcunun, həmçinin, 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumundan ibarət olan cəmi 53.800 (əlli üç min səkkiz yüz) manat pul vəsaitinin iddiaçı "xxxx"MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 52.650 manat (əlli iki min altı yüz əlli) manat məbləğində əsas borcun və 900 manat məbləğində əldən çıxmış faydanın, həmçinin 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumundan ibarət olan cəmi 53.800 (əlli üç min səkkiz yüz) manat pul vəsaitinin iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh Arif oğlundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh arasındakı 17.07.2020-ci il tarixli RM-156 saylı Müqaviləyə əsasən yaranmış öhdəliyini Cavabdeh Arif oğlu icra etmədiyinə görə, artıq onun bu öhdəliyini məhkəmə qətnaməsinə əsasən məcburi qaydada icra etməsi üçün tədbir görülməsi olduqca zəruridir. Belə ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında 17.07.2020-ci il tarixdə bağlanmış RM-156 saylı müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam və vaxtında icra olunaraq Cavabdeh Arif oğluna üç vahid soyuducu anbar kamerası müvəqqəti istifadəyə verilmişdir. Lakin, cavabdeh öz öhdəliklərini lazımi qaydada axıra qədər yerinə yetirməmişdir və icarə haqqının ödənilməsini təmin etməmişdir. Müqavilə üzrə Cavabdeh Arif oğlu tərəfindən ödənilməli olan, lakin, hələ də ödənilməyən borc təşkil edən icarə haqqı məbləği 52.650 manatdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, o cümlədən, qeydiyyatda olduğu ünvana borcun könüllü şəkildə ödənilməsi barədə müraciət məktubu göndərilmişdir. İddiaçının cavabdehə üç vahid soyuducu anbar sahəsini müvəqqəti istifadəyə verməsi və cavabdehin bunları qəbul etməsi iddia ərizəsinə əlavə olunmuş Üzləşmə aktı sənədi ilə sübut olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh sözügedən pulu əsassız özündə saxlamaqla daha çox zərər vurmuşdur. Belə ki, 52.650 manat (əlli iki min altı yüz əlli) manat pulu Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot faizi ilə depozit hesabı açaraq əmanət qoya bilərdilər. Belə olan halda artıq bu müddət ərzində minimum 15% olmaqla həmin məbləğdən 900 (doqquz yüz) manat gəlir əldə etmək, mümkün idi. Cavabdeh isə öz qanunsuz hərəkətləri ilə "xxxx" MMC-yə olan borcunu ödəmədiyindən əldə ediləcək gəlirdən onları məhrum etmişdir. Həmçinin bildirdi ki, cavabdehin və şahidin ödənişləri əlbəəl şəkildə iddiaçının nümayəndəsinə ödəməkləri barədə göstərdikləri doğru deyil. Təmsil etdiyi təşkilatın qaydalarına görə ödənişlərin nümayəndələr vasitəsilə yığılması, əlbəl ödənişlərin edilməsi qadağındır və heç vaxt belə bir hal olmayıb. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. "xxxx" MMC ilə aralarında icarə müqaviləsi bağlanmış və 3 soyuducunu icarə götürmüşdür. İcarə haqqlarını vaxtında ödəmişdir. Bir müddət sonra soyducularda nasazlıq yaranmış, soyuduculardakı məhsulları xarab olmuş, 230.000 manat zərərə məruz qalmışdır. Sonra o, məcbur olub öz vəsaiti hesabına soyuducları təmir etdirmiş, təmirə 88.000 manat vəsait xərcləmişdir. İddia olunan məbləğdə icarə haqqı borcu olduğunu təsdiq edir. Lakin, iddiaçı ilə aralarında olan razılığa əsasən təmir xərcləri icarə haqqı ilə əvəzləşdirilməli idi. Bu baxımdan iddiaçıya heç bir borcu yoxdur və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh həmçinin bildirdi ki, üzləşmə aktı onun iştirakı ilə tərtib edilmişdir, oradakı imza onun tərəfindən icra olunmuşdur. Daha sonra cavabdeh bildirdi ki, icarə haqqı üzrə qalıq borcdan 12800 manat işlədikləri bazarda iddiaçının nümayəndəsinə əlbəəl ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili cavabdehin göstərdiklərini müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ç.Quliyev öz ifadəsində bildirdi ki, Cavabdeh onun şərikidir. Artıq 10 ildir ki, onu tanıyır. Onlar birgə qaydada tərəvəz ticarəti ilə məşğul olurlar. Malın satışı ilə o, məşğul olur. Maliyyə məsələləri isə Cavabdeh tərəfindən həyata keçirilir. Məhsullar soyuducuda saxlanılırdı. Soyuducuya görə icarə haqqı borcu sonuncu dəfə 54.000 manat qalmışdır. Cavabdeh göstərişi ilə o, 24.000, 10.000 və 10.000 manat olmaqla, cəmi 44.000 manatı əlbəəl olaraq ödəmiş, qəbz verilməmişdir. Ödənişləri iddiaçının nümayəndəsinə bazarda ödəmişdir. Yerdə qalan 10.000 manat isə Cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki materiallarında olan: İcarəyə verən "xxxx" MMC ilə İcarəçi Cavabdeh arasında bağlanmış 17.07.2020-ci il tarixli № RM-156 saylı icarə müqaviləsinə əsasən “İcarəyə verən” mülkiyyətində olan 3 ədəd soyuducu anbar kamerasını bir kamera üzrə qiymət 6000 manat olmaqla (toplam 3 kamera üzrə aylıq xərc 18.000 manat) bir il müddətinə “İcarəçi”nin istifadəsinə verməyi, “İcarəçi” isə istifadə etdiyi müddətdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Üzləşmə aktından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 20.04.2021-ci il tarixə 52650 manat borcu vardır. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC 3 ədəd soyuducu anbar kamerasını 17.07.2020-ci tarixdən 17.07.2021-ci il tarixədək faktiki istifadə edilən günlərin sayına uyğun olaraq bir kamera üzrə 6000 manat olmaq şərti ilə cavabdehin istifadəsinə vermişdir. Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və nəticədə 52650 manat məbləğində icarə haqqı borcu yaranmışdır. İddiaçı icarə müqaviləsinin predmeti olan obyektin icarə haqqının cavabdeh tərəfindən ona tam ödənilmədiyini iddia edir, ödənilməmiş icarə haqqını və pul vaxtında ödənilmədiyi üçün əldən çıxmış fayda olaraq 900 manat ödənilməsini tələb edir. İddianın əsası olaraq tərəflər arasında imzalnmış üzləşmə aktına istinad edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin üzləşmə aktı mübahisələndirilməmiş, «təsdiqləndi» qrafasındakı imza və sözlərin onun tərəfindən icra olunduğu etiraf edilmişdir. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 700, 675, 684, 462-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının icarə haqqının ödənilməsi hissədə iddia tələbi əsaslıdır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında cavabdehlik və mülki məsuliyyət daşıyır. Cavabdehin etirazına gəlincə məhkəmə qeyd edir ki, cavabdehin etirazında göstərdiyi hallar özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Cavabdeh tərəfin vəsatəti əsasında dindirilən şahid ifadəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, şahid cavabdehlə iş birliyi olmaqla işin nəticəsində maraqlı şəxsdir. Odur ki, məhkəmə şahid ifadəsini əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etmir. Məhkəmə əldən çıxmış faydaya görə pul tələbi hissədə isə iddianı əsaslı hesab etmir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı əldən çıxmış faydaya görə 900 manat tutulması ilə bağlı hissədə tələbini təsdiq edən sübut məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilməli, 245 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 52.650 manat icarə haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 245 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 52.650 (əlli iki min altı yüz əlli) manat icarə haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 245 (iki yüz qırx beş) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-879/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-879/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver