Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-887/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, onun yaşadığı (abonent kodu **********03150) Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Fariz 99 firmasının inzibati binasına Cavabdeh tərəfindən hesablanmış 3253,50 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Qubadlı rayonundan məcburi köçkün düşməklə ailə üzvləri ilə yuxarıda göstərilən ünvanda yaşayır. Həmin ünvana xidmət göstərən qaz sayğacı üzrə abonent kodu **********03150 olmaqla anası N.Bayramovanın adınadır. Anası xx.xx.2020-ci ildə vəfat etmişdir. Həmin evə qaz sayğacı çöl tərəfdə quraşdırılmış və cavabdeh təşkilatın nümayəndələri 2023-cü ilin yayında həmin sayğacı çıxarmaqla aparmış və yeni sayğac quraşdırmışlar. Tərəfindən ödəmələr aparılmış, lakin həmin ödəmələr artıq silinmişdir. O da bunun səbəbi ilə maraqlandıqda ona məlum olmuşdur ki, cavabdeh sayğacı dəyişdikdən sonra yaşadıqları evə əlavə 2023-cü ilin iyul ayına qaz sərfiyyatına görə 3253,50 manat vəsait hesablamış və tərəfindən hər dəfə ödənişlər olanda həmin ödənişdən qeyd olunan əsassız məbləğ üzrə qismən silinmələr aparılmış və buna görə də hesaba yüklənən vəsait tez qurtarmışdır. Cavabdeh orqana müraciət edərək qeyd olunan ünvanda məcburi köçkün ailəsinin yaşadığını və onlara dövlət tərəfindən limit təyin olunduğunu və qazdan istifadə ilə bağlı sərfiyyatın onlardan tutulmalı olmadığını və qeyd olunan məbləğdə qazdan istifadə olunduğunu təsdiqləyən sübutlarını təqdim etmələrini bildirmişdir. Lakin cavabdeh orqan buna əhəmiyyət verməmiş və əsassız yazılan borcu da silməmişdir. Belə hesab edir ki, cavabdeh tərəfindən əsassız hesablanmış borc silinməlidir. Həmin borcun məbləği 3253,50 manat təşkil etmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən sayğacın götürülməsindən sonra borcu olduğu haqqında məlumat vermişdirlər. Hər ay ödənişlər etmişdir. Kart olmadığı halda qazdan istifadə etməmişdir. Pensiyası yüklənəndən sonra ödənişləri etmiş və qazdan istifadə etmişdir. Aktı imzalayan həyat yoldaşı olmuşdur.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, 2022-ci ildə iddia tələbində qeyd edilən ünvanda sayğac dəyişdirilmiş, yenisi ilə əvəz olunmuşdur. Köhnə sayğacın qaz borcu yeni sayğaca köçürülmüşdür. Sayğacın elketron hissəsi işləməmiş, lakin mexaniki hissəsi qaz sərfini qeydə almışdır. 3253 manat borc 2017-2022-ci illər arasında olan borcdur. İddiaçı az məbləğdə ödənişlər həyata keçirmişdir. İddiaçı karta pul yükləməmiş, lakin qazdan istifadə etmişdir. Sayğaca müdaxilə edilməmişdir. Sayğacın mexaniki hissəsinin qapağı açıq qalmış və qaz sərfiyyatı davam etmişdir. Tədqiq olunan sübutlar:
5. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 10 avqust 2022-ci il tarixdə tərtib olunmuş ******* saylı “Qaz sayağacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmişdir.
6. Abonentin saldosundan görünür ki, İddiaçı ünvan 2 ünvanında təbii qazdan istifadəyə görə akt üzrə 2023-cü il tarixinə 3253,50 manat məbləğində borcu yaranmışdır.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
9. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
-13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
-3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. -4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; -5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu -3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. -18.1-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. -18.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. -26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Abonentin saldosu”ndan aydın olur ki, X1 adına Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 315 saylı evdə qazdan istifadəyə görə **********03150 saylı kod açılmışdır. Qubadlı rayon İcra Hakimiyyəti başçısının Xanlıq kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 25 noyabr 2024cü il tarixli arayışında İddiaçı X1 övladı olması, X1 xx.xx.2020-ci ildə vəfat etməsi və halhazırda İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, Fariz-99 firmasının inzibati binasında müvəqqəti məskunlaşdığı qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qeyd olunan ünvanda yerləşən mənzildən istifadə etməklə hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.
14. İddiaçı Cavabdeh İB tərəfindən qeyd olunan ünvana qaz sərfinə görə hesablanmış borcun silinməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2023-cü il tarixinə abonentə 3253,50 manat məbləğində borc yazılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd edilən borc məbləğinin 2017-2022-ci illəri əhatə etdiyini, sayğacın “Smart-kart” tipli qaz sayğacı olduğunu, elektron hissəsinin işləmədiyini, lakin mexaniki hissəsinin qaz sərfini qeydə aldığını, nəticədə həmin məbləğdə borc yarandığını, sayğacın yeni sayğacla əvəz edildiyi zaman köhnə sayğacın qaz borcunun yeni sayğaca köçürüldüyünü bildirmişdir.
15. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilən sənədlərlə və eyni zamanda cavabdehin izahatı ilə borcun yarandığı iddia edilən dövrlərdə, yəni 2017-2022-ci il tarixlərində iddiaçının istifadəsində olan ünvana quraşdırılmış qaz sayğacı “Smart-kart” tipli qaz sayğacı olmuşdur. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu növ qaz sayğacı ilə təmin edilmiş istehlakçı əvvəlcədən karta müvafiq məbləğ yükləməklə həmin vəsaitə uyğun qazdan istifadə edir.
16. Cavabdeh 2017-2022-ci illərdə iddiaçı tərəfindən karta pul vəsaitinin yüklənibyüklənməməsindən asılı olmayaraq, ünvana qaz sərfiyatının davam etdiyini bildirmişdir. Lakin o, qeyd olunan qaz sayğacı nasaz olduğu halda buna görə məsuliyyətin niyə məhz iddiaçının üzərinə düşməsinin, eyni zamanda qeyd olunan uzun müddət ərzində, yəni 2017-2022-ci illər ərzində həmin sayğaca tərəflərindən nəyə görə baxış keçirilməməsinin, baxış keçirilmişdirsə sayğacda nəyə görə həmin qüsurların aşkar edilmədiyinin ağlabatan izahını verə bilməmiş, eyni zamanda qeyd olunan halın, yəni sayğacın müvafiq karta pul vəsaiti ödənilmədiyi halda sərfiyyatın davam etməsinin məhz istehlakçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
17. Bundan başqa sözügedən “Smart-kart” tipli qaz sayğacında qeyd olunan nasazlığın olması cavabdeh tərəfindən hər hansı bir aktla rəsmiləşdirilməmişdir. Cavabdeh məhkəmə iclasında izahatında karta yüklənmiş müvafiq vəsaitdən əlavə qaz sərfinin olmasını sayğacın mexaniki hissəsinin qapağının açıq qalması ilə əlaqələndirmişdir. Lakin bu halın məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
18. Bundan əlavə iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, istehlakçı tərəfindən qeyd olunan dövrlər ərzində qazdan istifadəyə görə karta müvafiq məbləğlərdə pul vəsaiti yüklənmiş və həmin vəsait əsasında qazdan istifadə edilmişdir.
19. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.
20. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.
22. Hazırki işdə cavabdeh abonentin borcu olaraq qeydə alınmış 3253,50 manat məbləğində borcun iddiaçının təqsiri üzündən yaranmasını, istehlakçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməsini və ya hansısa qanun pozuntusunun törədilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqim etməmişdir.
23. Yuxarıda adı qeyd edilən qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələbinə uyğun olaraq qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır.
24. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 3253 (üç min iki yüz əlli üç) manat, 50 (əlli) qəpik borc **********03150 saylı abunə hesabından silinməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 3253 (üç min iki yüz əlli üç) manat, 50 (əlli) qəpik borc **********03150 saylı abunə hesabından silinsin. Cavabdehndən 52 (əlli iki) manat, 53 (əlli üç) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva