Məhkəmə qərarları › İş №2(060)-8957/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8957/2021

14.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8957/2021 14.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11/17-də yerləşən 24 saylı mənzilə akta əsasən hesablanmış 135 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11/17-də yerləşən 24 saylı mənzil iddiaçının atasına məxsus olmuşdur. X1 05 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. Həmin evdə yaşayış olmamış və arada bir iddiaçı gedib həmin evdə qalmışdır. 11 iyun 2021-ci il tarixli çıxarış əsasında həmin mənzil iddiaçının mülkiyyətinə keçmişdir. 29 iyul 2020-ci il tarixdə mənzilə “Zenner G4T” mexaniki sayğac quraşdırılmışdır. Cavabdehin əməkdaşları iddiaçının iştirakı olmadan 30 noyabr 2020-ci il tarixdə mənzilin blokunda olan qaz sayğacına baxış keçirərək akt tərtib etmişlər. Onun sonradan əldə etdiyi aktın surətindən görünür ki, G25 markalı ******* nömrəli sayğaca müdaxilə olunmuş və sayğacın çıxış plasmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanmışdır. Nəticədə, mənzilə itirilmiş qazın bərpası üzrə əlavə 135 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. Ümumiyyətlə, akt tərtib olunan zaman evdə heç kim olmamış, abonentin saldosundan da göründüyü kimi 2019-cu ilin son altı ayı və 2020-ci ilin bütün aylarında qaz sərfiyyatı elə də çox olmamışdır. Sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralanmasının nə vaxt baş verməsi halı da məlum deyildir. İddiaçı qaz sərfiyyatına görə ödənişləri vaxtında etmiş, tərəfindən sayğaca hər hansı bir müdaxilə etməmişdir. Qaz sayğacı mənzildən kənarda, blokda yerləşdiyindən istənilən halda kənar şəxs sayğaca toxuna və hər hansı müdaxilə edə bilər. Mənzildən kənarda quraşdırılmış sayğaca görə iddiaçı və ailə üzvləri heç bir məsuliyyət daşımırlar. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1965-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Ölüm haqqında şəhadətnaməyə əsasən Şamil Yadigarov 05 oktyabr 2018-ci ildə vəfat etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 iddiaçının mülkiyyətindədir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.11.2020-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, 24.11.2020-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş G2,5 markalı ******* saylı qaz sayğacalrının müayinəsi laboratoriyasının rəyinə görə sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanıb. Aktda dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 30.11.2020-ci il tarixdə iddiaçıya 1350 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın **********00240 saylı abonent saldosunda iddiaçıya akt əsasında 135 manat borc hesablandığı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 135 manat borcun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 135 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanına dair tərtib edilmiş akt əsasında hesablanmış 135 (yüz otuz beş) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar