Məhkəmə qərarları › İş №2(060)-896/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-896/2022

18.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-896/2022 18.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki işə 18 fevral 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.05.2010-cu ildə vəfat etmiş mərhum atası X4 məxsus Sumqayıt şəhəri, 2-ci mkr ünvanında yerləşən 65/26 saylı evin 52-ci mənzilinə dair miras əmlakın qəbulu müddətinin buraxılmasınını üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun atasıdır. Bunu ona məxsus olan İ-HE 738225 saylı doğum haqqında şəhadətnamə təsdiq edir. Atası 31.05.2010-cu il tarixdə Kardioqan Şok xəstəliyindən dünyasını dəyişmişdir. Bunu mərhum atasının adına verilmiş AZ–İ 411607 saylı ölüm haqqında şəhadətnamə təsdiq edir. Mərhum atasının vəfatı tarixinə mülkiyyətində Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, 65/26 saylı evin, 52-ci mənzili olmuşdur. Bu barədə mərhumun adına 03.07.1963-cii ildə, 03/2550 saylı Order verilmişdir. Həmin mənzili mərhum atasının vəfatından sonra o, atasının qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Lakin hüquqi savadsızlıq səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişdir. Sumqayıt Regional "Asan xidmət” Mərkəzinin Notariat Ofisindən mirasın qəbulu müddətini buraxdığı üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bir daha bildirir ki, mərhum atasına məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, 65/26 saylı evin, 52-ci mənzilini faktiki qəbul edib, onu idarə edir. İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, o, ümumiyyətlə mirasın qəbulu üçün qanunda konkret müddətin olduğunu bilməmiş, istənilən vaxt bu barədə notariusa müraciət edə biləcəyini fikirləşmişdir. Ondan başqa vərəsə - bir qardaşı var. O isə fəaliyyət qabiliyyəti olmayan şəxsdir, onun üzərində özü qəyyum təyin edilmişdir. Cavabdeh Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materialında olan AZ-İ 411607 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 31.05.2010-cu il tarixində “kardiogen şok” səbəbindən Lerik rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.06.2010-cu il tarixə 06 nömrə ilə qeyd edilmişdir. İşdə 03 iyul 1963-cü il tarixli 03/2550 nömrəli orderin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 65/26 saylı evin 52 saylı mənzili X4 və onun ailə üzvlərinə verilmişdir. Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən X2 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəyə cavab olaraq İddiaçı Zülfiqar oğluna ünvanlanmış 04.12.2021-ci il tarixli 3781 saylı məktubla qanunla müəyyənləşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan AZ İE- 738225 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Zülfiqar oğlu xx.xx.1959-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası X6, anası isə X7r. İş materialında olan AZ-İ 858694 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 22.08.2017-ci il tarixində “beynə qansızma” səbəbindən Lerik rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.10.2017-ci il tarixə 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ 075890 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 oğlu 08.10.1961-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası X6, anası isə X7r. İş materiallarında olan Azərbaycan Resoublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 19.08.2021-ci il tarixli 472 nömrəli qəyyum təyin edilmısi barədə sərəncamının surətindən görünür ki, ərizəçinin qardaşı 08.10.1961-ci X9 oğlu Sumqayıt Şəhər Məhkəməinin 2(060)-1044/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və İddiaçı Zülfiqar oğlu X9 oğlunun qəyyumu təyin edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı Zülfiqar oğlunun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 31.05.2010-cu il tarixində vəfat etmiş, ondan Sumqayıt şəhəri, 2-ci mkr ünvanında yerləşən 65/26 saylı evin 52 saylı mənzili miras qalmışdır. İddiaçı Rəhimov X3 Rəhimovun birinci növbə vərəsəsidir. X2 digər vərəsəsi X9 oğlu isə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, İddiaçı Mirkərim Rəhimovun qəyyumu təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə İddiaçı Zülfiqar oğlunun Zülfiqar Rəhimovun birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 31.05.2010-cu il tarixində vəfat etmiş X1 miras qalmış əmlakın İddiaçı Zülfiqar oğlu tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 31.05.2010-cu il tarixində vəfat etmiş X1 miras qalmış əmlakın qəbulu müddətinin İddiaçı Zülfiqar oğlu tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar