Məhkəmə qərarları › İş №2(060)-9236/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9236/2021

23.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9236/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 09 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun adına (abunə kodu **********01290) olan və Sumqayıt şəhəri, Kimyaçıları qəsəbəsi, S.Vurğun küçəsi, Azərkimyatikinti İB-nin ərazisində yerləşən tikiliyə hesablanmış 247 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə Zəngilan rayonundan məcburi köçkün düşməklə yuxarıda göstərilən ünvanda 2000-ci ildən məskunlaşmışdır. Yaşadığı 2 otaqdan ibarət tikiliyə cavabdeh təşkilat tərəfindən sayğac quraşdırılmış, həmin sayğac tikilinin çöl hissəsində yerləşir. O, sayğac göstəricisi əsasında enerji sərfıyyatını vaxtlı-vaxtında ödəyir və onun cavabdeh təşkilata sayğac üzrə borcu yoxdur. O, 20.10.2021-ci il tarixdə Sumqayıt «Asan» Xidmət Mərkəzinin kommunal ödənişlər şöbəsində olarkən ona məlum olmuşdur ki, yaşadığı tikiliyə aid olan **********01290 kod üzrə sistemdə 247 manat məbləğində borcu vardır. O, həmin borcun nədən yarandığını soruşduqda isə ona bildirilmişdir ki, bu «dondurulmuş» köhnə borcdur, silinməmişdir. Həmin borcun ona hər hansı bir aidiyyəti yoxdur, belə ki, o sayğac üzrə bütün ödənişləri etmiş və bu borcun haradan, nədən yarandığı ona məlum deyil, digər tərəfdən 2009-cu ildə həmin tikilliyə sayğac quraşdırılmış, lakin sonradan həmin sayğac işləmədiyi üçün cavabdeh təşkilatın nümayəndələri 11.12.2018-ci ildə baxış keçirməklə həmin sayğacı yenisi ilə əvəzləyiblər. Əgər bu borc (cərimə) bununla bağlı yazılmışsa, o, buna görə cavabdehlik daşımır. Sayğac evin çöl hissəsində, küçədə quraşdırılmışdır, sayğacda baş verən hər hansı bir pozuntuya və defektə görə o, cavabdehlik daşımır, əksinə sayğacın tam işlək olmasına cavabdeh məsuldur. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 mübahisələndirilən borc məbləğinin debitor borc olduğunu, 31.12.2016-cı il tarixdə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 235,40 manat borcunun dondurulduğunu, həmin borcun abonentlərə verilən bildirişlərdə qeyd edilmədiyini və bu borcların silinməsinin müəssisənin səlahiyyətinə aid olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abunə haqqında 20.10.2021-ci il tarixli invoisdən görünür ki, Sumqayıt şəhəri, Kimyaçıları qəsəbəsi, S.Vurğun küçəsi Azərkimyatikinti İ/B-nin ərazisində yerləşən tikiliyə quraşdırılmış sayğaca əsasən 31.12.2016-cı ildə 235,40 manat borc “Məcburi köçkün borcunun dondurulması” kimi göstərilmişdir. İşdə olan AAA 244255 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Səfərova X2 rayonundan məcburi köçkündür. İş materiallarında olan 266 nömrəli, 26.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2000-ci ildən etibarən məcburi köçkün kimi Birliyin ərazisində məskunlaşmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı məcburi köçkün kimi Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində məskunlaşmışdır. Həmin ünvan "xxxx" ASC-də Sumqayıt şəhəri, Kimyaçıları qəsəbəsi, gecəqondu B:K000, M:890 kimi qeydə alınmışdır. Cavabdeh tərəfindən 31.12.2016-cı il tarixdə iddiaçının məcburi köçkün kimi 235,40 manat məbləğində borcu dondurulmuşdur. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Həmin Fərmanın 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 247 manat məbləğində borcun silinməsini tələb etsə də, cavabdeh tərəfindən 31.12.2016-cı il tarixdə iddiaçının məcburi köçkün kimi 235,40 manat məbləğində borcu dondurulmuşdur. Məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından, iddia qismən təmin edilməli, həmin Fərman əsasında cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı elektrik enerjisinə görə 31.12.2016-cı il tarixə yaranmış Sumqayıt şəhəri, Kimyaçıları qəsəbəsi, S.Vurğun küçəsi Azərkimyatikinti İ/B-nin ərazisində yerləşən tikiliyə X1yə görə hesablanmış 235,40 manat məbləğində borcu silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı (abunə kodu: **********01290) elektirik enerjisindən istifadəyə görə hesablanmış 235,40 (iki yüz otuz beş manat qırx qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar