Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-953/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh "xxxx" X8 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X6rşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh "xxxx" X6rşı iddia qaldıraraq, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evinə sudan istifadəyə görə əsassız hesablanmış 397,11 manat məbləğində borcun **********000 saylı abonent kodundan silinməsi tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cəbrayıl rayonu, Dağmaşanlı kəndində anadan olmuşdur. Hal-hazırda sözügedən ünvanda yaşayır. Sudan istifadəyə görə sayğac əsasında bu günə qədər borcu olmayıb. Sayğac quraşdırılıb istismarına verilən güdən hər ay mütəmadi olaraq vaxtı-vaxtında ödənişlərini etmişdir. Sözügedən borc məbləği sayğac quraşdırılmamışdan əvvəlki dövrə aiddir. Bu barədə ona təqdim olunan bildirişdə də göstərilib. Belə çıxır ki, həmin borc metodiki olaraq hesablanmış borcdur və tamamilə əsassızdır. Əgər həmin borc məbləği tələb olunmalı borc məbləği olsaydı sudan istifadəsinə məhtudiyyət qoyulardı. Bu səbəbədən məhkəməyə müraciət etmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, sayğac həyətdən çöldə yerləşir. Həmin ünvanda daimi yaşamır. Cərimə yazaraq sayğaca müdaxilə etdiyini bildirirlər. Amma sözügedən mənzildə daimi yaşayış olmamışdır. Sayğac ümumi istifadədə olan küçədə yerləşir, orda 5-6 sayğac var. Kənardan kimsə də sayğaca müdaxilə edə bilər. Bu barədə məlumatları yoxdur. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X3 izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunan ünvana su xəttləri çəkdirəndə heç bir sayğac olmadan ödənişlər etmişdirlər. Sonradan 2016-cı ildən sayğac quraşdırılmışdır. Silinməsi üçün məhkəməyə müraciət etdiyimiz borc 2016-cı ilə qədər hesablanan borcdur. 397,11 manat borcun silinməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" X8 nümayəndəsi X5 izahatında bildirdi ki, 2013-cü ildə abonentin adına kod açılmışdır. 2016-cı ildə sayğac quraşdırılmışdır. 2013-cü ildən 2016-ya kimi hesabat aparılsa da, ödənişlər edilməmişdir. İddiaçıya məxsus ünvanda 01 iyun 2013-cü ildə kod açılmışdır. 3 nəfər ailə tərkibinə uyğun hesabat aparılmışdır. 23 noyabr 2016-cı ildə həmin ünvanda sayğac quraşdırılmışdır. Həmin ünvanda məcburi köçkünlər üçün nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. İddiaçı tərəfindən məcburi köçkün olması ilə bağlı sənəd təqdim edildikdən sonra ona güzəşt tətbiq edilmişdir. İddia tələbində qeyd olunmuş məbləğ limitdən artıq istifadə üçün hesablanmışdır. Limitdən artıq sərfiyyat torpaq sahəsinə görə hesablanmışdır. Hal-hazırda iddiaçının borcu 377,41 manat təşkil edir, iddiaçı tərəfindən artıq ödənişlər onun borcuna hesablanmışdır.
Tədqiq olunan sübutlar:
6. Abonent kartından görünür ki, abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 2013-cü ildən 2016-cı ilə qədər 371,4 manat borcu yaranmışdır.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
9. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun
-4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. -4.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. -30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və ya müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. -61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın
-2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. -4.1.3-cü maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. -5.1.5-ci maddəsinə əsasən istehlakçının hüquqlarına verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ aid edilmişdir. -7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
12. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya ünvan 3 ünvanında su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 2013-2016-cı il tarixlərində 371,40 manat məbləğində borc hesablanmışdır. Həmin borcun hesablanması ünvana sayğac quraşdırılmaması səbəbindən 3 nəfər ailə tərkibinə və 2 sot torpaq sahəsinə görə aparılmışdır. Abonent kartından görünür ki, iddiaçıya 2013-cü il ərzində 157,80 manat, 2014-cü il üzrə 122,40 manat, 2015-ci il üzrə 64,80 manat, 2016-cı il üzrə 26,40 manat məbləğində borc hesablanmışdır. İddiaçı həmin dövrdə məcburi köçkün statusuna malik olduğunu bildirmişdir. Cavabdeh də qeyd olunan halı təsdiq edərək həmin dövrlərdə iddiaçının məcburi köçkün olmasının nəzərə alındığını, lakin abonent kartındakı həmin dövrləri əhatə edən sərfiyyatın iddiaçının fərdi yaşayış evində yaşaması səbəbindən həyətyanı torpaq sahəsinə münasibətdə limitdən artıq sərfiyyat kimi qeydə alındığını bildirmişdir. Yəni cavabdehin nümayəndəsinin izahatı əsasında müəyyən olunmuşdur ki, iddiaçının qeyd olunan dövrlər də məcburi köçkün olması səbəbindən ona su və kanalizasiya xidmətlərindən istifadəyə görə borc hesablanmasa da həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə görə limitdən artıq sərfiyyat hesablanmışdır.
13. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 2013-2016-cı illərdə sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə hesablanmış məbləğ əsassız olmuşdur.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş və Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmiş “məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydasının 3-cü bəndində göstərilmişdir ki, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitənin) həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir.
16. Həmin Qaydaların 4-cü bəndinə əsasən Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. Həmin Qaydaların 5-ci bəndinə əsasən istehlakçıların istifadə etdikləri kommunal və digər xidmət haqları bu Qaydanın 4-cü bəndinə əsasən onların həcmi və dəyəri barədə təqdim olunmuş müvafiq maliyyə-mühasibat sənədlərinə uyğun olaraq Komitə tərəfindən mərkəzləşmiş qaydada xəzinədarlıq vasitəsilə aşağıdakı kimi ödənilir: -şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan istifadə haqqı – xidmət idarələrinə, o cümlədən “Azərsu” Səhmdar Cəmiyyətinə, rayon (şəhər) su təsərrüfatı idarələrinə;
17. Həmin Qaydaların 6-cı bəndinə əsasən kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kvt.s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir.
18. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi 2013-2016-cı illərdə məcburi köçkün tərəfindən istifadə olunan şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün suya görə haqqın Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə qeyd olunan dövrlərdə iddiaçı məcburi köçkün olmaqla sudan istifadəyə görə haqq ödəmək vəzifəsindən azad edilmişdir.
19. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin limitdən artıq sərfiyyat kimi qiymətləndirdiyi məbləğ hər hansı bir hüquq normasına əsaslanmamaqla əsassızdır. Başqa sözlə desək cavabdeh məcburi köçkünün faktiki yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə görə limitdən artıq sərfiyyat kimi hesablanmalı olmasını qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia 371,40 manat məbləğində borcun silinməsi hissəsində əsaslıdır.
20. Bununla yanaşı, məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 1206 nömrəli xx.xx.2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Beləliklə qanunvericilikdə məcburi köçkünlərin 2016-cı ildən sonra kommunal xidmətlərdən istifadəsinə görə haqqın onların özü tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının sudan istifadəyə görə silinməsini tələb etdiyi 2016-cı il tarixdən sonrakı dövrə aid olan 25,71 manat məbləğində borc iddiaçı tərəfindən ödənilməli olduğundan, iddia həmin hissədə əsassızdır.
21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında sudan istifadəyə görə hesablanmış 371 (üç yüz yetmiş bir) manat, 40 (qırx) qəpik məbləğində borc **********000 saylı abunə hesabından silinməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında sudan istifadəyə görə hesablanmış 371 (üç yüz yetmiş bir) manat, 40 (qırx) qəpik məbləğində borc **********000 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva