Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-979/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus evin qaz hesabat sayğacına tərtib edilmiş 07 avqust 2020-ci il tarixli, ******* saylı aktın etibarsız və hesablanmış borcun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda ünvan 1 ünvanda quraşdırılan sayğacla bağlı cavabdeh “Cavabdeh " İstehsalat Birliyi tərəfindən 07.08.2020ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilmişdir. Həmin Aktda qeyd olunmuşdur ki, sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərq var. Cavabdeh elə buna əsaslanaraq 253,30 manat məbləğində borc hesablamışdır. Hesab edir ki, cavabdeh tərəfindən evinə külli miqdarda borcun hesablanması qeyri-qanuni və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, sayğac evindən kənarda quraşdırılıb və onun tərəfindən saygaca müdaxilə olunmayıb. Saygaca baxış keçirilməsinə iştirak etməyib, ona cavabdeh tərəfindən heç bir məlumat verilməyib. Odur ki, həmin aktı və hesablanmış cərimə borcunu əsassız hesab edir və silinməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07.08.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinə aid quraşdırılmış sayğac yoxlaması zamanı məlum olunmuşdur ki, sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərq var. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 26.02.2021-ci il tarixli sorğusuna əsasən «Cavabdeh» İB-nin 14 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında quraşdırılmış G-4 markalı, 1602AZ**********74 nömrəli smart tipli qaz sayğacı, göstəricilər arasında yaranmış fərq səbəbindən, 07.08.2020-ci il tarixində yeni G-4 markalı **********7 nömrəli mexaniki qaz sayğacı ilə əvəz olunmuşdur. Əvəz olunmuş sayğaca vizual baxış zamanı sayğacın elektron və mexaniki göstəriciləri arasında fərqin yarandığı bir daha öz əksini tapmışdır. Belə ki, sayğacın mexaniki göstəricisi 9163 m3 olduğu halda, elektron göstəricisi 6545 m3, yəni 2618 m3 aşağı olmuşdur. Bu da onu göstərir ki, sayğacın elektron hissəsi istifadə olunmuş təbii qazın sərfiyyatını müəyyən xəta ilə ölçmüşdür. Smart tipli sayğaclarda hər 2 göstəricinin olması elektron hissənin düzgün işləmədiyi halda göstəricinin mexaniki hissəyə əsasən, mexaniki hissənin isə düzgün işləmədiyi halda göstəricinin elektron hissəyə əsasən götürülməsi üçündür. Yaranmış fərqin dəyəri tərəflərindən hesablanmış və abonentin istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 253.30 manat borcunun olması müəyyənləşdirilmişdir. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.5-ci bəndə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşin hallarından göründüyü kimi iddiaçının qazdan istifadə etməsi üçün quraşdırılmış qaz sayğacına baxış keçirilməsində iddiaçının iştirakı ilə akt tərtib olunmamış, aktın istehlakçı kimi iddiaçıya təqdim edilməsi təmin edilməmişdir. Bundan başqa, qanunun göstərişinə əsasən qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Buna görə də məhkəmə hesab edir ki, akt əsasında 253,30 manat borcun hesablanması və iddiaçıdan tələb edilməsi əsaslı deyildir. Məhkəmə, həmçinin hesab edir ki, aktın etibarsız hesab edilməsinə əsas yoxdur, çünki, həmin akt sayğacda qüsur olmasını özündə əks etdirir. Həmin qüsurun müəyyən edilməsi isə bu qüsurun (müdaxilənin) abonentin tərəfindən müdaxilə ilə bağlı yaranması nəticəsinə gəlməyə və ona qeyd edilən məbləğdə borcun hesablanmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus yaşayış sahəsinə hesablanmış 253,30 manat borc onun abunə hesabından (abonent kodu **********08165) silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus yaşayış sahəsinə hesablanmış 253,30 (iki yüz əlli üç manat otuz qəpik) manat borc onun abunə hesabından (abonent kodu **********08165) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-979/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-979/2021
19.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver