Məhkəmə qərarları › İş №2(061)-1264/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1264/2025

03.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1264/2025 03.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1555,20 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ona məxsus Tərtər rayonunun Sarıcalı kəndində yerləşən fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində həyətdən çöldə qaz sayğacı quraşdırılmışdir. Həmin qaz sayğacı həyətdən çöldə yerləşir. Qaz sayğacı Cavabdeh İB-nin Tərtər RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək yenisi ilə əvəzləşdirilmişdir. Həmin vaxt sayğaca hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş, bu barədə hər hansı bir akt tərtib edilməmişdir. Lakin, bir müddət sonra Cavabdeh Tərtər X2 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən sayğaca guya müdaxilə səbəbi ilə dəymiş ziyanın həcminə görə 12960 m/k qaz sərfiyyatı hesablanmış və bu səbəbdən ondan 1555,20 manat pulun ödənilməsi tələb edilmişdir. Sayğaca müdaxilə edilmiş olsaydı, bunu sayğaca hər ay baxış keçirən Qaz İdarəsinin əməkdaşı aşkar etmiş olardı. Lakin, belə bir hal aşkar olunmamış, bu barədə hər hansı bir Akt tərtib edilməmişdir. Bundan başqa qaz sayğacı həyətindən kənarda açıq şəkildə, yəni qoruyucu örtüksüz quraşdırıldığından ona kənar mexaniki təsirin olması istisna deyildir. İstənilən kənar şəxsin müdaxiləsi mümkündür. O, heç vaxt sayğaca müdaxilə etməmişdir. Belə olan halda istehlakçı olaraq qaz paylayıcısı olan cavabdeh qarşısında məsuliyyət daşımamalıdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın təsdiq olunmuş surətindən görünür ki, istehlakçı İddiaçı adına olan qaz sayğacı yeni sayğacla əvəz edilmişdir. İşdə olan Cavabdeh Tərtər X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın təsdiq olunmuş surətindən görünür ki, istehlakçı İddiaçı adına olan qaz sayğacının qoruyucu qapağı gövdədədn tamamilə aralandığı, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, hesablaama mexaniziminin keçən qazı qeydə almadığı, sayğacın istifadəyə yararsız olduğu qeyd olunmuşdur. İşdə olan Cavabdeh Tərtər X2 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən qaz sayğacının nominal qaz sərfinin 6 kub/m/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, cəmi 6 x 24 x 90 = 12960 kub/metr göstərilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, abonentə - İddiaçı akta əsasən 1555,20 manat qalıq pul hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş (xx.xx.2016-cı il tarixli, 180 saylı Qərarla dəyişikliklər təsdiq edilmiş) “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda ona sərfiyyata görə əlavə pulun hesablanması yolverilməzdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, müdaxilə edildiyi qeyd edilən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, istehlakçı tərəfindən sayğacın kənar müdaxilələrdən qorunması qeyri-mümkün olduğundan, iddia olunan müdaxilənin məhz istehlalkçı - hazırkı iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, bununla belə yuxarıda adıçəkilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən istehlalkçıya hazırkı iddiaçıya qanunsuz olaraq sərfiyyata görə əlavə 1555,20 manat pul hesablandığından və həmin pulun ödənilməsi tələb edildiyindən İddiaçı hazırkı iddianı verməkdə haqlıdır və iddiaçı əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, hazırkı iddia istehlakçı hüquqlarının pozulması ilə bağlı iddia verildiyindən və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu, habelə iddiaçının silinməsini tələb etdiyi məbləğ 1000 manatdan çox olduğu üçün həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 35,55 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən İddiaçı hesablanmış 1555,20 manat məbləğində pul onun hesabından silinsin. Cavabdehndən 35,55 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar