Məhkəmə qərarları › İş №2(061)-1584/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1584/2025

05.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1584/2025 05.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555 manat 20 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ona məxsus fərdi yaşayış evinə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacına Cavabdeh əməkdaşları tərəfnndən baxış keçirilmiş və qaz sayğacından müdaxilə ilə təbii qazdan istifadə olunduğunu qeyd edilmişdir. Bununla əlaqədar qanunsuz olaraq, onun barəsində «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 1555 manat 20 qəpik məbləğində cərimə hesablanmışdır. Onun təkidlə tələb etməsinə baxmayaraq, Cavabdeh onun və ya ailə üzvlərinin tərəfindən qaz sayğacına əlavə kənar xətt çəkmələri, qaz sayğacına hər hansı müdaxilə etmələrinə və ya qəsdən sayğacı zədələmələrinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçının yaşadığı ünvanda yerləşən sayğaca baxış keçirilərkən sayğacın lcd ekranının zədələnməsi, istismara yararsız olması aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6x 24 x 90 =12960 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan **********05510 abonet kodlu İddiaçının abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin dekabr ayında akt üzrə 1852 manat 44 qəpik borc hesablanmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı qaz təchizatı üzrə **********05510 abonent kodlu istehlakçıdır. Cavabdeh əməkdaşları tərəfindən 17 mart 2023-cü il tarixdə İddiaçının barəsində «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib olunmuş, vurulmuş zərərin əvəzi qismində borc hesablanmışdır. Qeyd olunan hər üç akt sayğacdan kənar əlavə xəttin aşkar edilməsi ilə əlaqədar olmuşdur. İddiaçı 17 mart 2023-cü il tarixlərdə tərtib olunmuş aktda göstərilən müdaxilə faktının mövcud olmadığını, qeyd olunan borcun əsassız olaraq, hesablandığını bildirmiş və həmin borcların silinməsini məhkəmədən xahiş etmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11.6-cı maddəsinə əsasən qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.1-ci bəndinə görə qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, qaz borusuna sayğacdan kənar qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş üzrə İddiaçı tələb olunan borc məbləğinin əsasını onun tərəfindən təbii qazdan müdaxilə olunması faktı təşkil edir. Buna görə də həmin faktın həqiqətən aşkar olunmasını və məhz aşkar olunmuş fakt əsasında vurulmuş zərərin əvəzi qismində borc hesablanmasını sübut etmə vəzifəsi Cavabdeh İB-nə aiddir. Belə ki, hüquqpozuntusu və zərərvurulması ilə nəticələnən hərəkətin aşkar edilməsi zamanı sübutların toplanması və sonradan onların aidiyyəti üzrə təqdim edilməsi yükü həqiqətən ona zərər vurulmasını iddia edən tərəfin, xüsusilə bu sahədə ixtisaslaşmış və əmək funksiyaları məhz bundan ibarət olan əməkdaşlarla təmin edilmiş hüquqi şəxslər və təşkilatların üzərinə düşür. Lakin hazırki halda Cavabdeh İB «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilən xüsusatların həqiqiliyini sübuta yetirmək üçün tələb olunmasına baxmayaraq, sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi Cavabdeh İB tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş və bununla da «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt aktda göstərilən xüsusatların həqiqiliyi sübuta yetirilməmişdir. Lakin İddiaçı iddianın əsasını təşkil edən halları təsdiq edən sübutları, həmin şəxs barəsində tərtib edilən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı vurulmuş zərərin əvəzi qismində Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktxx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555 manat 20 qəpik məbləğində borc silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilməli dövlət rüsumunun əvəzi qismində 35 manat 55 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555.2 qəpik məbləğində borc silinsin. İş üzrə ödənilməmiş 35 manat 55 qəpik məbləğində pul vəsaiti Cavabdehndən dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar