Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-248/2025 11.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında 11 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R 355868 saylı Akta əsasən onun adına hesablanmış 789,26 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, yaşadığı Tərtər rayonunun Cəmilli kəndində yerləşən evinə gedən elekrtik xəttinin üzərində elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin nəzarətçiləri tərəfindən hər ay sayğaca baxış keçirilmiş və sayğacın göstəriciləri çıxarılaraq ödəniş edilməsi üçün iddiaçıya təqdim olunmuşdur. Elektrik enerjisindən istifadə haqlarını həmişə sayğacın göstəricilərinə uyğun olaraq vaxtı-vaxtında ödəmişdir. Bununla bağlı "xxxx" ASC-nin əməkdaşları heç vaxt ona hər hansı bir pretenziya bildirməmişlər. Lakin "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə onun sayğacına baxış keçirilmiş və baxışın nəticələrinə dair xx.xx.2024-cü il tarixli R 355868 saylı Akta əsasən ona 789,26 manat cərimə yazılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, o, ayğaca hər hansı bir müdaxilə etməmiş, nə də ki sayğacdan kənar hər hansı bir xəttdən istifadə etməmişdir. Ona görə də xx.xx.2024-cü il tarixli R 355868 saylı Akta əsasən ona əsassız hesablanmış cəriməyə görə 789,26 manat pulun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının yaşadığı Tərtər rayonunun Cəmilli kəndində yerləşən evinə gedən elekrtik xəttinin üzərində elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin nəzarətçiləri tərəfindən hər ay sayğaca baxış keçirilmiş, sayğacın göstəriciləri çıxarılaraq ödəniş edilməsi üçün iddiaçıya təqdim olunmuş və iddiaçı elektrik enerjisindən istifadə haqlarını həmişə sayğacın göstəricilərinə uyğun olaraq vaxtı-vaxtında ödəmişdir. "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə iddiaçının sayğacına baxış keçirilərkən sayğacın giriş və çıxış xətlərinin abonent tərəfindən kəsilərək birbaşa xəttə qoşulduğu, yəni enerjidən sayğacdan “kənar xətt” xətt vasitəsi ilə istifadə olunduğu aşkar olunmuşdur. Ona görə də əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli R 355868 saylı Akt tərtib edilmişdir. İddiaçı aktın tərtibatında iştirak etsə də, aktı imzalamaqdan imtina etmişdir. Bu səbəbdən “kənar xətt”dən istifadə olunması ilə bağlı telefon vasitəsi ilə video çəkilmişdir. Akta əsasən “Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 803.26 manat təşkil edən 6502 kvt saat miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Tərtər EŞ-in Proqram bazasında abonent İddiaçı abunə haqqında məlumatına əsasən onun 04.02.203-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yaşadığı evdə 245,4 manat (aylıq 20,45 manat) məbləğində elektrik enerjisindən istifadə etdiyi halda xx.xx.2024-cü il tarixdən sonrakı dövrlərdəsayğacın göstəricilərinin olmadığı müəyyən edilmişdir. Həmçinin bu hal da onu göstərir ki, iddiaçı kənar xətlərdən istifadə etmişdir. Hesab edir ki, iddia əsassız və qanunssuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R 355868 saylı Aktdan görünür ki, Tərtər EŞ-nin Proqram bazası”nda **********00325 saylı sayğac kodu ilə qeydiyyatda olan İddiaçı yaşadığı Tərtər rayonunun Cəmilli kəndində yerləşən evinə gedən elekrtik xəttinin üzərində quraaşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı abonent tərəfdən sayğacın giriş və çıxış xətlərinin kəsilərək birbaşa qoşulduğu, enerjidən sayğacdan kənar nənar xətt vasitəsi ilə istifadə olunduğu, enerji uçotunun pozulduğu aşkar olunmuşdur. Amprmaşa ilə ölçü aparılmış və xəttən keçən cərayan yükünün J=4,7 A, P=1,0 kvt olduğu müəyyən edilmişdir. İşdə olan “Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə komissiya” tərəfindən tərtib edilmiş 355868 saylı icra vərəqəsinin surətindən görünür ki, R 355868 saylı Akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 803.26 manat təşkil edən 6502 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: P =4,3 kvt; W = 4,3 kvt x 90 gün x 24 s x 0,07 = 6502 kvt saat; 600 kvt x 0,08 = 48 manat; 300 kvt x 0,09 = 27 manat; 5602 kvt x 0,13 = 728,26 manat; Cəmi: 803,26 manat. İşdə olan cavabdeh tərəfin təqdim etdiyi məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən DİSK-dəki məlumatlardan (videogörüntülərdən) görünür ki, üzərində Tərtər EŞ, Cəmilli kəndi, sayğac N-si **********6 və MUROV sözləri qeyd edilmiş keçrilən baxış zamanı sayğacın giriş və çıxış xətlərinin kəsilmiş vəziyyətdə olması, abonentin birbaşa xəttə qoşulduğu, yəni enerjidən sayğacdan “kənar xətt” xətt vasitəsi ilə istifadə etdiyi əks olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndəsinin izahatlardan, tədqiq edilən DİSK-dəki məlumatlardan (videogörüntülərdən) və işin digər materiallarından müəyyən olundu ki, iddiaçının yaşadığı Tərtər rayonunun Cəmilli kəndində yerləşən evinə gedən elekrtik xəttinin üzərində elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə iddiaçının sayğacına baxış keçirilərkən sayğacın giriş və çıxış xətlərinin abonent tərəfindən kəsilərək birbaşa xəttə qoşulduğu, yəni enerjidən sayğacdan “kənar xətt” xətt vasitəsi ilə istifadə olunduğu aşkar olunmuşdur. Bu barədə "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli R 355868 saylı Akt tərtib edilmiş və “kənar xətt”dən istifadə olunması ilə bağlı telefon vasitəsi ilə videogörüntü çəkilmişdir. Həmin akta əsasən “Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 803.26 manat təşkil edən 6502 kvt saat miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin Tərtər EŞ-in Proqram bazasında abonent İddiaçı abunə haqqında məlumatına əsasən onun 04.02.203-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yaşadığı evdə 245,4 manat (aylıq 20,45 manat) məbləğində elektrik enerjisindən istifadə etdiyi halda xx.xx.2024-cü il tarixdən sonrakı dövrlərdə sayğacın göstəricisinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı №25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçı öddia tələbini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Cavabdehin nümayəndəsi isə yuxarıda sadalanan qaydada öz etirazını sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.35-ci bəndinə görə enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçının elektrik şəbəkəsinə qanunsuz qoşulması məhkəmə araşdırması zamanı yuxarıda sadalanan qaydada sübut olunmuşdur. İddiaçının iddianın müdafiəsinə dair məhkəmə iclasında veridi izahatı cavabdehin nümayəndəsinin izahatı ilə yanaşı iş materialları ilə birmənalı şəkildə təkzib edilmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, iddiaçının sayğacının giriş və çıxış xətlərinin kəsilərək birbaşa xəttə qoşulduğu, yəni enerjidən sayğacdan “kənar xətt” xətt vasitəsi ilə istifadə etdiyi aşkar olunduğundan “Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə komissiya” tərəfindən R 355868 saylı Akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 803.26 manat təşkil edən 6502 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisinin bərpa edilməsi və itirilmiş elektrik enerjisinin dəyərinin iddiaçıdan tələb olunması qanunsuz deyildir. Ona görə də məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müdəalarını rəhbər tutaraq hesab edir ki, iddia əsassız və qanunsuzdur. Ona görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından və iddiaçının silinməsini tələb etdiyi məbləğ 1000 manatdan az olduğu üçün həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsiniyalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi”nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №2(061)-248/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-248/2025
11.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver