Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1014/2023 01.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yazılmış 793,05 manat məbləğində cərimənin silinməsi, həmin borca görə ondan tutulmuş vəsaitlərin cavabdeh tərəfindən onun abonent hesabına köçürülməsi və qeyd olunan məsələ ilə bağlı məsul şəxsin barəsində ölçü götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Aşağı Quşçu kənd sakini olmaqla həmin kənddə yaşayır. xx.xx.2022-ci il tarixdə həftənin qeyri iş günü, yəni bazar günündə ona məxsus fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi qanunsuz qaydada kəsilmişdir. Kəsilmənin səbəbini isə elektrik enerjisinin dəyərinin ödənilməməsi göstərilmiş, səhəri gün elektrik borcu tərəfindən ödənilmişdir. "xxxx" ASC-nin əməkdaşına elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə dəfələrlə müraciət edilmiş və ona bildirmişlər ki, öz vəsaiti hesabına bunu etsin. Nəticədə elektrik enerjisinin verilməsi bərpa edilməmişdir. Ona məxsus həyətyanı torpaq sahəsinin yol tərəf sərhəddinə quraşdırılmış işıq dirəyi uzun illərdir ki, qəzalı vəziyyətdədir və hər dəqiqə aşmaq təhlükəsi vardır. Dirəyin dəyişdirilməsi ilə bağlı dəfələrlə müraciət etsə də buna məhəl qoyulmamışdır. Bununla bağlı video görüntünü də iddia ərizəsinə əlavə edir. İşığın kəsilməsi idarəyə məxsus qaldırıcı kranla həyata keçirilmişdir. Həmin texnika olmasa həmin işıq dirəyinə çıxaraq işığın yenidən qoşulması mümkün deyildir. Nə vaxt həmin texnika Tovuz rayonu Aşağı Quşçu kəndinə gələrsə onda işığım şəbəkəyə qoşulacaq, başqa yolu yoxdur. Çıxış yolu kimi isə demişlər ki, əgər qoşdura bilirsənsə get özün qoşdur. Bir neçə mühəndis dəvət edib öz vəsaiti hesabına işığı bağlatmaq istəsə də, heç biri işıq dirəyinə çıxmamış və bunun həyat üçün təhlükəli olmasını bildirmişlər. Belə olan halda həyatını təhlükəyə ataraq dirəyin yaxınlığında olan meyvə ağacının üstünə çıxaraq, el urasında “qarmaq” deyilən üsulla naqillə elekirik enerjisi çəkib işiq sayğacının yanındakı üstü acıq naqilə birləşdirmiş və bu barədə "xxxx" ASC-nin Tovuz paylayıcı elektrik şəbəkəsinin əməkdaşına öncədən məlumat vermişdir. Üç-dörd gündən sonra "xxxx" ASC-nin Tovuz paylayıcı elektrik şəbəkəsinin həmin əməkdaşı Vüqar Mansırlı gələrək elektrik xəttinin düzgün qoşulmadığını əsas gətirərək cərimə yazacağını bildirmiş və səhv qoşulan xətti düzəltdirmədən getmişdir. Təxminən üç-dörd gün sonra kənd ərazisində qaldırıcı kranın olduğunu görüb xahiş etmişdir ki, gəlib işiq təminatını düzgün bərpa etsin. Həmin gün texnika ilə birlikdə onun evinə gələrək elektrik enerjisinin düzgün verilməsini bərpa etmişlər. Hadisədən bir müddət sonra (təxminən 1 aydan çox) onun mənzilinə smart tipli sayğac quraşdırılmışdır. İşıq kartına ödəniş edərkən ona əlavə cərimənin yazıldığını bilmişdir. Bu xüsusatları həmin ərazi üzrə Tovuz PEŞ-in məsul şəxsi olan Vüqar Mansırlı adlı əməkdaş da təsdiq edə bilər. Sonradan ona məlum olmuşdur ki, barəsində xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında ona 793.05 manat miqdarında cərimə hesablanmışdır. Dəfələrlə bununla bağlı müraciət etsə də hər dəfə özümüz qaydasına qoyacağıq deyərək onu arxayın salmışlar, sonuncu dəfə isə bu cəriməni silə bilmirik get məhkəmə silsin demişlər. Tərtib olunmuş cərimə ilə yanaşı qeyd etdiyi işıq dirəyi yenə də qəzalı vəziyyətdədir və onun şikayətlərinə məhəl qoyulmur. İşıq dirəyi gediş-gəliş yolunun kənarında yerləşir və insanların həyatı üçün hər an təhlükədir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, sayğac onun yaşadığı evə məxsusdur. Kənar xətt onun tərəfindən çəkilmişdir. Lakin əlacsız qaldığından bu addımı atmışdır. Bu barədə cavabdeh təşkilata da məlumat vermişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, Cəmiyyətin əməkdaşları Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayan və fəaliyyət göstərən istehlakçıların elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əməl edib-etməmələrini araşdırmaq məqsədilə onların yaşayış və sahibləri olduğu obyektlər üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirmişlər. İddiaçıya məxsus fərdi yaşayış evində olan sayğaca baxış keçirilən vaxt müəyyən olmuşdur ki, abonent tərəfindən kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilir. Qeyd olunan hallar cəmiyyətin əməkdaşları tərəfindən aşkar edilmiş və dərhal bu barədə akt tərtib edilmişdir. Kənar xətt üzrə istifadə edilmiş enerjinin dəyəri qanunla müəyyən edilmiş qaydada hesablanmış və abonentə müvafiq cərimə hesablanmışdır. Doğrudur ki, kənar xəttin olması əməkdaşlar tərəfindən video lentə alınmamışdır. Lakin iddiaçı özü bu halı təsdiq edir. Eyni zamanda iddiaçı ona 793,05 manat məbləğində cərimənin yazılmasını bildirsə də, nümayəndəsi olduğu təşkilat iddiaçıya 687,03 manat cərimə hesablamışdır. Qeyd olunan məbləğ isə ümumi 365 günə hesablanmışdır. Hesab edir ki, iddia tələbi qanuni əsaslara söykənmir. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, X3 nəzarətçi-mühəndis vəzifəsində çalışır. İddiaçıya məxsus fərdi yaşayış evinə kənar elektrik xətti çəkilməsi halı aşkar edildiyi üçün xx.xx.2022-ci il tarixdə akt tərtib etmişlər. Həmin vaxt digər əməkdaş aparıcı mühəndis Vüqar Mansırlı da hadisənin şahidi olmuşdur. Bu fakt iddiaçının da diqqətinə çatdırılmış və onun özü tərəfindən inkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı onun dayısıdır. Həqiqətən də dayısı tərəfindən fərdi yaşayış evinə kənar işıq xətti çəkilmişdir. Buna səbəb isə dayısına məxsus fərdi yaşayış evinə borcun olması səbəbi ilə elektrik xəttinin açılması, daha sonra isə borc ödənilməsinə baxmayaraq elektrik xəttinin bağlanılmaması olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 267706 saylı aktdan görünür ki, abonent İddiaçı yaşadığı fərdi yaşayış evinin sayğacına baxış keçirilmiş və kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsi halları aşkar edilmişdir. "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının verdiyi xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, fərdi abonent İddiaçı məxsus həyətdə yerləşən sayğacda aşkar edilmiş qüsur kənar xəttin olmasıdır. Dəymiş ziyan 687,03 manat məbləğdə hesablanmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, enerji təchizatı müəssisəsi ilə abonent arasında enerjidən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətlərdir. Bu mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları» və əlaqəli hüquq normaları əsasında həll edilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.1-ci bəndində qeyd olunmuşdur ki, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 4.1-ci bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin **********01189 saylı məişət abonenti olmuşdur. Fərdi abonent İddiaçı məxsus məxsus fərdi yaşayış evində olan elektrik sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, onun tərəfindən sayğaca müdaxilə edilərək kənar xətt çəkilmişdir. Bu barədə video görüntü olmasa belə, iddiaçı özü də bu halı təsdiq etmiş və belə izah etmişdir ki, məcbur qalıb etmişdir. Çünki elektrik enerjisinin verilməsi borcu olduğu üçün dayandırılmış, sonradan borcunu ödəsə də, enerjini cavabdeh bərpa etməmişdir. O da əlacsız qaldığı üçün bu üsula əl atmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.11-ci bəndində qeyd olunmuşdur ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.17-1 və 8.17-2-ci bəndləri). Sadalanan qanunvericilik normalarını rəhbər tutan məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən cərimə yazılması əsaslı olmuşdur. Çünki onun tərəfindən sayğacdan əlavə kənar xətt çəkilmişdir. Bu hal özünün etirafı ilə də təsdiqin tapır. Lakin bununla belə məhkəmə diqqətə çatdırır ki, hesablamanın 365 günə münasibətdə aparılması düzgün deyildir. Çünki kənar xətt aşkar edilmiş və qısa zaman kəsiyində ləğv edilmişdir. Belə olan halda iddiaçıya ümumi il üçün cərimənin yazılması qanunamüvafiq deyildir. Yuxarıda adıçəkilən Qaydalar da belə hesablamanın ilin bütün ayları üzrə hesablanması barədə imperativ norma mövcud deyildir. Eyni zamanda kənar xəttin iddiaçı tərəfindən hansı tarixdə qoşulması barədə iş materiallarında mötəbər sübutlar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, 3 ay üzrə iddiaçının üzərində cərimənin saxlanması qanuni və ədalətli olar. Bu halda yazılmış qalan cərimə məbləği silinməlidir. Məhkəmə göstərir ki, iddiaçıya bir il üçün 687,03 manat cərimə hesablanmışdır. Bu halda istifadə edilmiş enerjinin dəyəri aylıq 57,25 manat təşkil edir. Həmin məbləğ 3 ay üçün isə 171,75 manat təşkil edir. Yəni hesablanmış cərimə məbləğindən göstərilən hissə çıxılaraq geri qalan 515,28 manat iddiaçının abonent hesabından silinməlidir. İddia tələbinin qalan hissələri ilə bağlı məhkəmə diqqətə çatdırır ki, həmin hissələr üzrə iddia tələbi təmin oluna bilməz. Çünki cavabdeh təşkilat Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq cərimənin yazılması üçün əsasların olmasını sübuta yetirilmişdir. Həmin normanın tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya hesablanmış 687,03 manat cərimə məbləğinin 515,28 manat hissəsi onun abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 687,03 manat məbləğdə cərimənin 515,28 (beş yüz on beş manat iyirmi səkkiz qəpik) manat hissəsi İddiaçı məxsus **********01189 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1014/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1014/2023
01.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver