Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1103/2023 10.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı «mirasın qəbulu və vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı «mirasın qəbulu və vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək qızı X9 məxsus olan əmlakın bütövlükdə onun tərəfindən qəbul edilməsi, X1ndan miras qalmış miras əmlakdan isə vərəsələrin hər birinin payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə ailə qurmuşam, birgə yaşayışlarından hazırki iddia üzrə cavabdehlər və mərhum X10 anadan olmuşdur. X1 və qızı X10 hazırda vəfat etmişlər. Tovuz Rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1998-ci il tarixli 26 saylı qərarı ilə ona və ailə üzvlərinə (cavabdeh X15 xaric) 0.26 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi “Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə”də JN-869A KOD 50300078 sayla qeydə alınaraq rəsmiləşdirilmişdir. Tovuz Rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1998-ci il tarixli 26 saylı qərarı ilə ona və ailə üzvlərinə (cavabdeh X15 da daxil olmaqla) 0.94 ha kənd təsərüffatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi də “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında JN 622 KOD 50300078 sayla qeydə alınaraq rəsmiləşdirilmişdir. X1 və qızı X10 hazırda vəfat etdiyinə görə Nailə Hüseynovadan miras qalmış əmlakın tamamilə ona verilməsinə, arvadı Tamara Hüseynovadan miras qalmış əmlakın isə vərəsələr arasında bölünməsinə görə Tovuz Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə yaxınlaşaraq həmin əmlakların rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin, X17 Xidmət Mərkəzinin Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1132 saylı məktubuna əsasən, arvadı Tamara Hüseynovadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir, buna səbəb olaraq isə notarius vərəsələr arasında mübahisə olduğu qeyd edtmişdir. Tovuz Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1133 saylı məktubuna əsasən mərhum qızı Nailə Hüseynovadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Buna da səbəb olaraq isə vərəsələr arasında mübahisə olduğu qeyd edilmişdir. Notariusa aralarında heç bir mübahisə olmadığını, sadəcə sənədləri rəsmiləşdirmək istədiklərini qeyd etsələr də, nəzərə alınmamışdır. Notarius məsələyə səthi yanaşaraq imtina cavabı vermişdir. Belə ki, mərhum qızı Nailə Hüseynovanın birinci dərəcəli vərəsəsi tək odur, hər hansı mübahisə yoxdur. Hesab edir ki, notariusun imtina məktubları qanunsuzdur, çünki qızının birinci dərəcəli vərəsəsidir, ondan miras qalmış əmlakı tamamilə adına rəsmiləşdirməyə hüququ vardır. Bundan əlavə həyat yoldaşımdan miras qalmış miras əmlak isə vərəsələr arasında bərabər şəkildə bölünməlidir. Hazırda həmin miras mülklər üstündə heç bir mübahisə yoxdur sadəcə əmlakı adılarına keçirtmək istəyirlər. Notariusun qanunsuz və əsassız imtina cavablarına görə məhkəməyə müraciət etməli olmuşlar. Sonradan iddiaçının nümayəndəsi Rəşad Abdullayev iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X10 və X2 qalmış miras əmlaklardan İddiaçı vərəsəlik qaydasında payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X7 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, miras əmlaka faktik olaraq sahiblik daim hüquqlarını müdafiə etdiyi şəxs, habelə bütün vərəsələr tərəfindən həyata keçirilmişdir. Həmçinin digər iki vərəsə ona çatacaq paydan iddiaçının xeyrinə imtina etmişdir. Ümumiyyətlə vərəsələr arasında hər hansı mübahisə yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə tərəflər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçını məhkəmə iclasında nümayəndəsi kimi vəkili təmsil etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1132 və 1133 saylı məktublardan görünür ki, mərhum X10 və mərhum X2 miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi vərəsələr arasında mübahisə olması göstərilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktından görünür ki, İddiaçı və onun ailə üzvülərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,94 hektar torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A ******* saylı şəhadətnamədən görünür ki, İddiaçı və onun ailə üzvüləri – X6, X10, Cavabdeh3 və Cavabdeh1 Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X10 öldüyü xx.xx.2022-ci il tarixə kimi subay olmuşdur. Onun barəsində vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və haqqında nikah qeydi aşkar edilməmişdir. Ölüm haqqında AZ İİ 078787 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ İİ 250434 saylı şəhadətnamədən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə mərhum Tamara Hüseynovanın birgə nikahlarından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mərhum Nailə Hüseynova doğulmuşdur. Miras qoyanlar iddiaçının arvadı Tamara Hüseynova və qızı Nailə Hüseynovadır. Onlardan qalmış miras əmlaklar isə “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A ******* saylı şəhadətnamədə qeyd olunan torpaq sahələrindən mərhumlara aid olan hissələrdir. Miras əmlak vərəsələr tərəfindən faktik olaraq qəbul edilmiş, yəni mirasa əmlaklara sahiblik onlar tərəfindən həyata keçirilmişdir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyanlar 2000-ci ildən sonra vəfat etdiklərinə görə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (Mülki Məcəllənin 1243.3 və 1245-ci maddələri). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, bütün vərəsələr tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Həmçinin cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq onlara düşəcək miras əmlakdan ataları İddiaçı xeyrinə imtina etdiklərini bildirmişlər. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi nəticəsinə gəlindiyi üçün mirasın kütləsi müəyyən edilməlidir. Bu hissədə işin halları araşdırılan zaman müəyyən edilir ki, mirasın kütləsinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A KOD 50300078 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən Tamara Hüseynova və Nailə Hüseynovanın hər birinə aid 1/5 hissə, habelə “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktında göstərilən torpaq sahəsindən isə hər birinə aid 1/6 hissə daxildir. Məhkəmə ilk növbədə iddiaçının mərhum arvadı Tamara Hüseynovadan miras qalmış əmlaklar üzrə payın müəyyən edilməsi zamanı göstərir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A KOD 50300078 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən mərhum Tamara Hüseynovaya məxsus 1/5 hissə üzrə vərəsələr – iddiaçı, cavabdehlər və mərhum Nailə Hüseynova olmaqla beş nəfər təşkil edir. Bu halda onların hər birinin payı 1/25 (1/5:5=1/25) hissə təşkil edir. Vərəsələrdən Cavabdeh1 və Cavabdeh2 öz paylarından atalarının xeyrinə imtina etdikləri üçün İddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A KOD 50300078 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən X8 qalmış miras əmlakdan payı 3/25 (1/25+1/25+1/25=3/25) hissə olur. Cavabdeh3 çatacaq pay üzrə 1/25 hissə isə onun tərəfindən məhkəməyə hər hansı müraciət edilmədiyi üçün açıq saxlanılır. X8 miras qalmış “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin 1/6 hissəsi üzrə yenə də vərəsələr – iddiaçı, cavabdehlər və mərhum Nailə Hüseynova olmaqla beş nəfər təşkil edir. Bu halda onların hər birinin payı 1/30 (1/6:5=1/30) hissə təşkil edir. Cavabdeh1 və Cavabdeh2 öz paylarından atalarının xeyrinə imtina etdikləri üçün İddiaçı payı “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktında göstərilən torpaq sahəsindən X8 qalmış miras əmlakdan payı 3/30 (1/30+1/30+1/30=3/30) hissə olur. Cavabdeh3 çatacaq pay üzrə 1/30 hissə isə onun tərəfindən məhkəməyə hər hansı müraciət edilmədiyi üçün açıq saxlanılır. İddiaçının qızı mərhum Nailə Hüseynovadan miras qalmış əmlaklar üzrə məhkəmə qeyd edir ki, onun yeganə vərəsəsi atası İddiaçıdur. Çünki mərhum Nailə Hüseynova ailə qurmamışdır və Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə uyğun olaraq tək vərəsəsi valideyni hesab olunan atası İddiaçıdur. Mirasın kütləsinə isə ona məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A KOD 50300078 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən 6/25 (öz payı 1/5 hissə, anasından miras qalan 1/25 hissə olmaqla) hissə, “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktında göstərilən torpaq sahəsindən isə 6/30 (öz payı 1/6 hissə, anasından miras qalan 1/30 hissə olmaqla) hissədir. Deməli, mərhum Nailə Hüseynovanın başqa vərəsəsi olmadığından ona məxsus olan və mirasın kütləsinə daxil edilən yuxarıdakı hissələr bütövlükdə atası – İddiaçı keçmişdir. Bu halda İddiaçı ümumi payı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A KOD 50300078 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən 14/25 (1/5 öz payı, 3/25 mərhum arvadından qalmış pay, 6/25 mərhum qızından qalmış pay) hissədə, “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktında göstərilən torpaq sahəsindən isə 14/30 (1/6 öz payı, 3/30 mərhum arvadından qalmış pay, 6/30 mərhum qızından qalmış pay) hissədə müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı payı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A KOD 50300078 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən mərhum Tamara Hüseynovaya məxsus 1/5 hissə üzrə 3/25 hissə, “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktında göstərilən torpaq sahəsindən 1/6 hissə üzrə 3/30 hissə, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A KOD 50300078 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən mərhum Nailə Hüseynovaya məxsus 1/5 hissə və “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktında göstərilən torpaq sahəsindən 1/6 hissə üzrə isə tam olmaqla, ümumi əmlaklardan payı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A KOD 50300078 saylı şəhadətnaməyə münasibətdə 14/25, Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktına münasibətdə isə 14/30 hissədə müəyyən edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A KOD 50300078 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən mərhum X4 məxsus 1/5 hissə üzrə 3/25 hissə, “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktında göstərilən torpaq sahəsindən mərhum X4 məxsus 1/6 hissə üzrə 3/30 hissədə payı müəyyən edilsin. İddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A KOD 50300078 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən mərhum X9 məxsus 1/5 hissə və “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktında göstərilən torpaq sahəsindən 1/6 hissə üzrə payı tam müəyyən edilsin. İddiaçı ümumi əmlaklardan payı - “Torpağın mülkiyyətə verilməsinə dair” JN 869A KOD 50300078 saylı şəhadətnaməyə münasibətdə 14/25, “Torpağa mülkiyyət hüququna dair” JN 622 KOD 50300078 saylı Dövlət Aktına münasibətdə isə 14/30 hissədə müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu X5 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1103/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1103/2023
10.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver