Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1105/2023 10.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, cavabdehlər Cavabdeh5 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Gəncə şəhəri 3 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək mərhum X3 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Nəzərov küçəsində 0,0573 ha torpaq sahəsində yerləşən 7A nömrəli 3 mərtəbəli binanın 3-cü girişində 2-ci mərtəbəsində ümumi sahəsi 29,1 kv.m. yaşayış sahəsi 15,9 kv.m olan 1 otaqlı 24 nömrəli mənzildən vəsiyyətnamə üzrə payının müəyyən edilməsi, habelə Tovuz rayonu Cilovdarlı kəndində yerləşən JN 141F KOD 50300218 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evindən payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X5 onun nənəsidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra ondan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Nəzərov küçəsində 0.0573 ha torpaq sahəsində yerləşən 7A nömrəli, 3 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində ümumi sahəsi 29.1 kv.m. yaşayış sahəsi 15,9 kv.m olan 1 otaqlı 24 nömrəli mənzil miras qalmışdır. X1 vəfatından əvvəl, yəni xx.xx.2010-cu il tarixdə Gəncə şəhər 3 saylı Dövlət Notariat Kontorunda ona vəsiyyətnamə vermişdir. Qeyd olunan vəsiyyətnamədə göstərilmişdir ki, X5 ölən günədək ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Nəzərov küçəsində 0.0573 ha torpaq sahəsindəki 7A nömrəli binada yerləşən 24 nömrəli yaşayış evini ona vəsiyyət etmişdir. Hazırda həmin vəsiyətnamə qüvvədədir. Eyni zamanda onu qeyd edir ki, bir çox vərəsələr məcburi payı belə onun xeyrinə məhkəmədə imtina edəcəklər. Bundan başqa Tovuz rayonu Cilovdarlı kəndində nənəsi Şanqa Əliyevaya və ona Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarikxli 08 saylı qərarına əsasən JN 141F KOD 50300218 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0.03 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində onlara məxsus 2 otaqlı tikili də mövcuddur. Hesab edir ki, sözügedən daşınmaz əmlaka idarəçilik etdiyi üçün həmin əmlakdan da payı müəyyən edilməlidir. Bununla bağlı notariusa müraciət edilmiş, lakin notarius səbəbsiz olaraq birinci dərəcəli vərəsələr arasında ziddiyət olduğuna görə imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh5 da işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbi ilə bağlı göstərdi ki, iddiaçı onun qardaşı Arzunun oğludur. X11 Rusiya Federasiyasında yaşayır. Mərhum anası Şanqa Əliyevanın vərəsələri qardaşı Arzu və hazırki iş üzrə tərəf olan şəxslərdir. Hazırda aralarında hər hansı miras əmlak ilə bağlı mübahisə yoxdur. Elə mərhum anası Şanqa Əliyeva tərəfindən İddiaçı vəsiyyətnamənin verilməsinə təşəbbüs onun özü tərəfindən göstərilmişdir. Miras əmlak olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Nəzərov küçəsində 0.0573 ha torpaq sahəsində yerləşən 7A nömrəli, 3 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində ümumi sahəsi 29.1 kv.m. yaşayış sahəsi 15,9 kv.m olan 1 otaqlı 24 nömrəli mənzildən ona düşən paydan iddiaçının xeyrinə imtina edir. Onun da payının iddiaçıya verilməsinə razıdır. Odur ki, iş üzrə qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbi ilə bağlı göstərdi ki, İddiaçı onun qardaşı oğludur. X11 işi ilə əlaqədar Rusiya Federasiyasında yaşayır. Mirasqoyan X12 isə onun anasıdır. Vərəsələrin əhatə dairəsi elə iş üzrə tərəflərdən ibarətdir. Miras əmlaka dair onların arasında hər hansı mübahisə yoxdur. O da daxil olmaqla bütün cavabdehlər miras əmlakdan İddiaçı xeyrinə imtina edirlər. Bu barədə onların hamısının ərizəsi vardır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Gəncə şəhəri 3 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmişlər. Eyni zamanda İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəciyini və işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Evlənmək haqqında İ-ИЕ 222967 saylı şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 nikahlarını xx.xx.1959-cu il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ölüm haqqında İİ ЖГ 488335 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1996-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ İİ 197495 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Nəzərov küçəsində 0.0573 ha torpaq sahəsində yerləşən 7A nömrəli, 3 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində ümumi sahəsi 29.1 kv.m. yaşayış sahəsi 15,9 kv.m olan 1 otaqlı 24 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında X4 məxsusdur. Gəncə şəhəri 3 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, vəsiyyət edən X2 şəhəri, Ə.Nəzərov küçəsi, 7A nömrəli binada yerləşən 24 nömrəli mənzili İddiaçı vəsiyyət etmişdir. JN-141F KOD 50300218 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı və X4 Tovuz rayonu, Cilovdarlı kəndi ərazisindən 0,03 ha torpaq sahəsi verilmişdir. Gəncə şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Nəzərov küçəsi, 7A nömrəli binada yerləşən 24 nömrəli mənzilə dair vərəsəlik şəhadətnaməsi verilməsi üçün tələb olunan sənədlər təqdim edilmədiyindən, habelə birinci dərəcəli vərəsələr arasında ziddiyyət olduğundan vərəsəlik işinin təsdiq edilməsindən imtina edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, X5 ilə X8 nikahlarını xx.xx.1959-cu ildə rəsmi qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından Arzu, Əhməd, Bəsti, Validə və Raisə adlı uşaqları doğulmuşdur. Həsən Əliyev xx.xx.1996-cı ildə, Şanqa Əliyeva isə xx.xx.2021-ci ildə ölmüşdür. X7 ölümündən sonra miras əmlak kimi Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Nəzərov küçəsində 0,0573 ha torpaq sahəsində yerləşən 7A nömrəli 3 mərtəbəli binanın 3-cü girişində 2-ci mərtəbəsində ümumi sahəsi 29,1 kv.m. yaşayış sahəsi 15,9 kv.m olan 1 otaqlı 24 nömrəli mənzil və Tovuz rayonu Cilovdarlı kəndində yerləşən JN 141F KOD 50300218 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan 0.03 ha torpaq sahəsindən ona məxsus hissə qalmışdır. X12 sağlığında nəvəsi olan İddiaçı Gəncə şəhəri 3 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2010-cu il tarixli vəsiyyətnamə qoyaraq Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 7A nömrəli binada yerləşən 24 nömrəli mənzili ona vəsiyyət etmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə vərəsələr (cavabdehlər) Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 onlara çatacaq miras paydan İddiaçı xeyrinə imtina etmişlər. Bu barədə onlara məhkəməyə ərizə təqdim etmişlər. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə vəsiyyət üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan xx.xx.2021-ci ildə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimivərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdənəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığıməcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə X12ya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Nəzərov küçəsində 7A nömrəli binadakı 24 nömrəli mənzil və Tovuz rayonu Cilovdarlı kəndində yerləşən JN 141F KOD 50300218 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan 0.03 ha torpaq sahəsindən ona məxsus ½ hissə daxildir. İddiaçı X12ya münasibətdə vəsiyyət üzrə vərəsə kimi çıxış edir. Çünki onun atası sağdır və Rusiya Federasiyasında yaşayır. Qanun üzrə vərəsəlik zamanı növbəlikdən bəhs edən Mülki Məcəllənin 1160-cı maddəsi deyir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Ona görə də Tovuz rayonu Cilovdarlı kəndində yerləşən JN 141F KOD 50300218 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan 0.03 ha torpaq sahəsindən mirasın kütləsinə daxil olan X12ya məxsus ½ hissədən iddiaçının payının müəyyən edilməsi mümkün deyildir. Bu hissədə iddia tələbi qanuni əsaslara söykənmir. Odur ki, göstərilən hissədə iddia təmin edilə bilməz. Məhkəmə göstərir ki, iddiaçının vəsiyyət üzrə vərəsə kimi mərhum nənəsindən ona verilmiş notarial qaydada təsdiq edilmiş vəsiyyətnamədə göstərilən əmlakdan payının müəyyən edilməsi üzrə araşdırılma aparılır. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhumun qanun üzrə vərəsələri uşaqları Arzu, Əhməd, Validə, Bəsti və Raisədir. Vəsiyyət üzrə vərəsəsi isə nəvəsi olan İddiaçıdur. Belə ki, X12 tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Nəzərov küçəsində 7A nömrəli binadakı 24 nömrəli mənzilə dair nəvəsi İddiaçı notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə verilmişdir. Bununla da digər vərəsələr həmin əmlak üzrə mirasdan pay almaq hüququndan məhrum edilmişdir. Həmçinin vərəsələr (cavabdehlər) Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 onlara çatacaq miras paydan İddiaçı xeyrinə imtina etmişlər. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsində qeyd olunmuşdur ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”2021-ci il 8 yanvar tarixli Qərarında məcburi pay institutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, qanunverici Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür.Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. X13 məcburi pay institutunun Mülki Məcəllənin 1159.1.1-ci maddəsində təsbit edilmiş qanun üzrə vərəsəlik hüququ ilə qarşılıqlı və funksional əlaqəsinin mövcudluğunu qeyd etmiş və həmin maddənin mülki qanunvericiliyin məcburi pay institutuna dair normalarına münasibətdə müəyyənləşdirici olduğunu göstərmişdir. Göründüyü kimi İddiaçı adına mərhum nənəsi Şanqa Əliyeva tərəfindən vəsiyyətnamə verilsə də, vəsiyyətnamədə qeyd olunan əmlak - Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Nəzərov küçəsində 7A nömrəli binadakı 24 nömrəli mənzil üzrə cavabdehlərin qanun üzrə birinci növbəli vərəsələr kimi məcburi payları vardır. İddiaçı adına vəsiyyətnamə olduğundan həmin miras əmlakın ½ hissəsi ona məxsus olmuş olur. Cavabdehlərin isə məcburi payı onlara çatacaq hissənin yarısıdır. Yəni cavabdehlərin hər birinin mirasdan payı normalda 1/5 hissə olduğundan Mülki Məcəllənin 1193-cü maddəsinə müvafiq olaraq onlara çatacaq pay həmin payın yarısı kimi 1/10 (1/5:2=1/10) hissə olur. Vərəslərdən Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 özlərinə çatacaq miras paydan İddiaçı xeyrinə imtina etdiyindən sonuncunun payı vəsiyyət üzrə vərəsə olaraq Mülki Məcəllənin 1202-ci maddəsinə uyğun olaraq artaraq 9/10 (1/2+4/10=9/10) hissədə olacaqdır. İddiaçının atası Arzu Həsənova çatacaq 1/10 hissə üzrə pay isə açıq saxlanmalıdır. Mülki Məcəllənin 1202.1-ci maddəsində qeyd olunmuşdur ki, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Nəzərov küçəsində 0,0573 ha torpaq sahəsində yerləşən 7A nömrəli, 3 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində ümumi sahəsi 29,1 kv.m. yaşayış sahəsi 15,9 kv.m olan 1 otaqlı 24 nömrəli mənzildən vəsiyyət üzrə vərəsə olaraq İddiaçı payı 9/10 hissədə müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Nəzərov küçəsində 0,0573 ha torpaq sahəsində yerləşən 7A nömrəli, 3 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində ümumi sahəsi 29,1 kv.m. yaşayış sahəsi 15,9 kv.m olan 1 otaqlı 24 nömrəli mənzildən vəsiyyət üzrə vərəsə olaraq İddiaçı payı 9/10 hissədə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1105/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1105/2023
10.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver