Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-112/2024 28.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 28 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 28 aprel 1985-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X4 ilə birgə yaşayışlarından 28 aprel 1985-ci ildə Samirə adlı uşağı anadan olmuşdur. O, doğulduğu vaxtdan ruhi xəstədir və etdiyi əməllərin nəticəsini qavramır. Həmin vaxtdan etibarən Samirə ev şəraitində yaşayır. Onun tərəfindən ona qulluq edilir. Qızı əvvəllər olduğu kimi, indi də hərəkətlərinin nəticəsini qavramır, psixi cəhətdən problemlidir. Bununla bağlı maraqlı şəxs olan Tovuz rayon İcra Hakimiyyətinin Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanına müraciət etmişdir, lakin oradan məhkəməyə müraciət olunması bildirilmişdir. Odur ki, 28 aprel 1985-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Tovuz rayon İcra hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə X1 məhkəmə iclasında dindirilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 28 aprel 1985-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuşdur. İşə əlavə olunmuş 12 yanvar 2024-cü il tarixli, 42 saylı ekspertiza rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik formasında psixi xəstəlikdən əziyyət çəkir. X3 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X3 28 aprel 1985-ci ildə anadan olmuşdur. X3 ərizəçinin qızıdır. İşdə olan sənədlərdən görünür ki, Samirə Qasımova doğulduğu vaxtdan əqli gerilik, davranış pozuntusu olan xəstədir və etdiyi əməllərin nəticəsini qavramır. Samirə Qasımova hazırda hərəkətlərinin nəticəsini qavramır, şəxsdə əqli gerilik, davranış pozuntusu var. 12 yanvar 2024-cü il tarixli, 42 saylı ekspertiza rəyindən də göründüyü kimi, X2 ağır dərəcəli əqli gerilik müəyyən olunur. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi, ərizə təmin olunmalı və X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. 28 aprel 1985-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 28 aprel 1985-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-112/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-112/2024
28.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver