Məhkəmə qərarları › İş №2(062)-1240/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1240/2024

14.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1240/2024 14.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yazılmış 420 manat məbləğdə cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Cəlilli kəndində fərdi yaşayış evi vardır. Elektrik sayğacı evin çöl tərəfində quraşdırılmışdır. Cavabdeh təşkilatın nümayəndələri onun rəsmi ərizəsinə əsasən sayğaca baxış keçirmişdir. Ərizəsində göstərmişdir ki, sayğac işlək deyildir. Baxış zamanı da müəyyən edilmişdir ki, sayğac işləmir. Sayğacın aşağı hissəsinin kabeli xarab olmuşdur. Bu barədə akt tərtib edilmiş və 420 manat ziyan vurması göstərilmişdir. Hansı ki, sayğaca müdaxilə etməmişdir. Sayğacın xarab olmasında onun hər hansı bir təqsiri yoxdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, onun fərdi yaşayış evinə aid elektrik sayğacı çöl ərazidə yerləşir. Sayğaca müdaxilə etməmişdir. Əksinə özü ərizə ilə müraciət etmişdir ki, elektrik sayğacı işləmir gəlib dəyişsinlər. Cavabdehin əməkdaşları da gəlib sayğacı dəyişmişdir. Həmin vaxt belə özü evdə olmamışdır. Daha sonra sayğacı dəyişən şəxs ona telefonla məlumat vermişdir ki, naqillərdə problem vardır. Başqa da nəsə bildirməmişdir. Ümumiyyətlə evdə çox vaxt olmamışlar. Çünki oğlu hərbçi olduğu üçün onun uşağının saxlanılması üçün arvadı ilə birlikdə oğlunun evində yaşamışlar. Aylıq ödənişləri ən çoxu 10 manata kimi olmuşdur. Bu halda sayğaca müdaxilə etməyə ehtiyac yoxdur. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, 09 oktyabr 2023-cü il tarixdə iddiaçının müraciətinə əsasən Cəmiyyətin təsis etdiyi X5 Təchizatı və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X2 əməkdaşları tərəfindən Cəmiyyətin informasiya satış proqram bazasında **********00351 saylı istehlakçı kodla əhali qrupuna daxil olan İddiaçı fərdi yaşayış evinə quraşdırılmış, zavod nömrəsi **********, tipi DDS-26 olan sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzildə daimi yaşayış olmur. Sayğac köhnə tipli sayğac olduğundan axan yükü ölçmək mümkün deyildir. Aşkar edilmiş enerji pozuntusuna dair əməkdaşları tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Tərtib olunmuş sözügedən aktın nəticə hissəsində sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanılması göstərilmişdir. Daha sonra isə iddiaçıya məxsus fərdi yaşayış evinə yeni sayğac quraşdırılmışdır. Çıxarılan sayğacda yoxlama zamanı məlum olmuşdur ki, A möhürü yerindən çıxarılıb, kustar üsulla yenidən yerinə salınıb, sayğac enerjini qeyd edir. Daxili sxemdə müdaxilə izi var. Qeyd olunmalıdır ki, hər bir elektrik hesablaşma sayğaclarının üzərində 5 (beş) ədəd möhür olur ki, həmin möhürlərdən biri də zavod A möhürüdür. Sayğacların üzərində olan möhürlərdən hər hansı birinə o cümlədən zavod A möhürünə müdaxilə etmək qəsdən enerji göstərişini təhrif etmək məqsədi daşıyır. Hazırkı işdə sayğacın A möhürünün çıxarılıb yenidən kustar üsulla yerinə salınması onunla xarakterizə olunur. Nəticədə iddiaçıya 414,44 manat məbləğdə itirilmiş enerjinin bərpası məqsədi ilə cərimə hesablanmışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Çünki Cəmiyyətin nümayəndələri tərəfindən görülən tədbirlər qanuni əsaslara söykənmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, abonent kodu **********003851 olan İddiaçı məxsus sayğaca baxış keçirilən zaman mənzildə yaşayış olmadığından və sayğacın köhnə olmasından axan yükün ölçülməsinin mümkün olmadığı qeyd olunmuşdur. "xxxx" ASC-nin «Qərb» RETSİ-nin AKT komissiyasının verdiyi xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, İddiaçı yaşadığı Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evinin sayğacında aşkar edilmiş qüsur – sayğacın A möhürünün yerindən çıxardılıb, kustar üsulla yerinə salınması və daxili sxemdə iz olmasıdır. Sayğac enerjini qeyd edir. Hesablanmış ziyan 414,44 manatdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, enerji təchizatı müəssisəsi ilə abonent arasında enerjidən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətlərdir. Bu mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları» və əlaqəli hüquq normaları əsasında həll edilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.1-ci bəndində qeyd olunmuşdur ki, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 4.1-ci bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin **********00351 saylı məişət abonentidir. İddiaçı Tovuz rayonu Cəlilli kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində ailəsi birlikdə yaşayır. Fərdi yaşayış evinin sayğacı açıq ərazidə yerləşir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində olan sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın A möhürü yerindən çıxardılıb, kustar üsulla yerinə salınmışdır. Sayğacda daxili sxemdə iz vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində qeyd olunmuşdur ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Sadalanan qanunvericilik normalarını rəhbər tutan məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən cərimə yazılması əsassız olmuşdur. İlk növbədə ona görə ki, elektrik sayğacı açıq ərazidə yerləşir və quraşdırılmış hesablaşma elektrik sayğacının işlək vəziyyətdə olmasına Cəmiyyət özü cavabdehlik daşıyır. Digər tərəfdən iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Çünki aktın tərtibatı zamanı «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələblərinə riayət edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq cərimənin yazılmasının əsaslı olmasını sübuta yetirməmiş, iddiaçı isə həmin normanın tələbinə əsasən iddiasının əsası kimi təsdiq edən halları sübuta yetirə bilmişdir. Həmin normanın tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 81-ci maddəsində qeyd olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıya cərimənin hesablanması qanunsuz olmuşdur. Lakin bununla belə iddia tələbi tam təmin oluna bilməz. Çünki hesablanmış cərimə 414,44 manat olduğu halda iddiaçı 420 manat məbləğdə cərimənin silinməsini xahiş edir. Hansı ki, akt üzrə iddiaçıya hesablanan cərimə məbləği 414,44 manatdır. Ona görə də iddia qismən təmin edilməli və göstərilən həddə cərimə silinməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 414,44 (dörd yüz on dörd manat qırx dörd qəpik) manat cərimə İddiaçı məxsus **********00351 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar