Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1246/2023 13.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu İddiaçı Cəlal oğlunun cavabdehlər Cavabdeh2 və Tovuz Rayon Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı Cəlal oğlu cavabdehlər Cavabdeh2 və Tovuz Rayon Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 ilə aralarında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3799/2020 saylı qərarına əsasən, iddia tələbində göstərilən kredit müqaviləsi üzrə işə mahiyyəti üzrə baxılmış və yekun məhkəmə qərarı çıxarılmışdır. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli, 02/2022 saylı Qərardadında qeyd olunmuşdur ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.2-ci maddələrinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 153, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Cəlal oğlunun cavabdehlər Cavabdeh2 və Tovuz Rayon Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1246/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1246/2023
13.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver