Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1296/2024 29.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Ərizəçi mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən göründüyü kimi iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin məzmunundan göründüyü kimi ərizəçi atasından miras qalmış mülkdən payın müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qeyd olunan normaların məzmunundan görünür ki, ərizəçi anasından miras qalmış əmlakı rəsmi qaydada qəbul etmədən məhkəməyə müraciət etmişdir. İddiaçının vərəsə kimi miras əmlakı qəbul etməsinin başqa qaydası mümkündür, yəni, ərizəçi vərəsəliklə bağlı hüquqlarının təmini üçün mirasın açıldığı yer üzrə notariat orqanına müraciət etməlidir. İddiaçı bununla bağlı notariat kontoruna müraciət etmədən bir başa məhkəməyə müraciət etmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarı) Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. İddiaçıya göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1296/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1296/2024
29.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver