Məhkəmə qərarları › İş №2(062)-1304/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1304/2025

28.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1304/2025 28.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 28 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia qaldıraraq cavabdehə məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən evə azyaşlı uşaqları Elgün və Elmir ilə birlikdə yaşamaq hüququnun qüvvədə olmasını və ona həmin evdə cavabdeh tərəfindən yaşamağa imkan verilməməsini nəzərə alınaraq 15000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qətnaməsi ilə o və azyaşlı uşaqları Elgün və Elmir ilə birlikdə cavabdehə məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən, ümumi sahəsi 86,6 kv metr və yaşayış sahəsi 69,8 kv metr fərdi yaşayış evinə köçürülmələri qət olunmuşdur. Həmin qətnamə icra olunaraq onlar həmin evə köçürülmüşlər. O, övladları ilə birlikdə bir müddət həmin evdə yaşamışdır. Lakin sonradan keçmiş əri başqa ailə həyatı qurduğuna görə bir yerdə yaşamaları mümkün olmamışdır. Ona görə də o, övladları ilə birlikdə Tovuz şəhərində kirayədə yaşayırlar. Yaşamağa başqa yeri yoxdur. Odur ki, cavabdehə məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən evə azyaşlı uşaqları Elgün və Elmir ilə birlikdə yaşamaq hüququnun qüvvədə olmasını və ona həmin evdə cavabdeh tərəfindən yaşamağa imkan verilməməsini nəzərə alınaraq 15000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə əvvəlllər evli olmuşdur. Məhkəmə qaydasında ayrılmışlar. Birgə nikahlarından Elmir və Elgün adlı uşaqları anadan olmuşdur. Məhkəmənin qətnaməsi ilə iddiaçı və övladları onun yaşadığı, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşlər. Hazırda həmin ev onun deyildir, ev satılmışdır. Ev hazırda onun ikinci həyat yoldaşının adınadır. O özü də mübahisəli evə mülkiyyətçi deyildir. Ona görə də hesab edir ki, iddia düzgün deyil, təmin edilməməsini xahiş edir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)-151/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən, ümumi sahəsi 86,6 kv metr və yaşayış sahəsi 69,8 kv metr fərdi yaşayış evindən İddiaçı və onun övladları Elgün və Elmirin çıxarılmasına aid hissədə iddia təmin edilməmişdir. Elektron sistemdən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh adına hər hansı bir daşınmaz əmlak olması barədə məlumat yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh evli olmuşlar, məhkəmə qaydasında ayrılmışlar. Onların birgə nikahlarından Elgün və Elmir adlı uşaqları anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə 2016-cı ildə İddiaçı və övladları Elgün və Elmir Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən, ümumi sahəsi 86,6 kv metr və yaşayış sahəsi 69,8 kv metr fərdi yaşayış evinə köçürülmüşlər. Həmçinin Tovuz Rayon Məhkəməsinin 2(062)-151/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən, ümumi sahəsi 86,6 kv metr və yaşayış sahəsi 69,8 kv metr fərdi yaşayış evindən İddiaçı və onun övladları Elgün və Elmir çıxarılmamışlar. Lakin iddiaçı mövcud iddia ilə məhkəməyə müraciət edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində qeyd olunur ki, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini yalnız həmin mənzilin mülkiyyətçisi tələb edə bilər. Mövcud iddiadan isə görünür ki, İddiaçı həmin evin mülkiyyətçisi deyildir, əksinə həmin mənzilə məhkəmə tərəfindən verilmiş istifadə hüququ olan bir şəxsdir. Cavabdeh isə həmin mübahisəli evdə yalnız ailə üzvü kimi yaşayan bir şəxsdir. Həmin ev əvvəllər X1 adlı şəxsə məxsus olmuş, hazırda isə cavabdehin bildirməsinə görə onun arvadının mülkiyyətindədir. Ona görə də məhkəmə hesab edir ki, iddia qanunsuz və əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi deyildir, eyni zamanda cavabdeh də həmin mənzilin mülkiyyətçisi deyildir, bu da onu deməyə əsas verir ki, mövcud iddia qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddiası qanunsuz və əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar