Məhkəmə qərarları › İş №2(062)-138/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-138/2024

08.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-138/2024 08.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ARDNŞ “Azəriqaz” İstehsalat birliyinə (İB) qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ARDNŞ “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ “Azəriqaz” İB tərəfindən tərtib edilmiş 29 aprel 2023cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3110 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ARDNŞ “Azəriqaz” İB-nin əməkdaşları məhrum əri Hüseynov Niyaza məxsus olan Tovuz şəhəri M.Əliyev küçəsi ev 27 fərdi yaşayış evinə quraşdırılmış sayğac sərfiyyatı çox yazdığına görə sayğaca baxış keçirilməsi üçün qaz idarəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında idarənin əməkdaşları gələrək sayğaca baxış keçirmiş və akt tərtib edərək sayğacı sökərək aparmışlar. Sonradan ona məlum olmuşdur ki, sayğaca ümumi baxış keçirilən zaman güya onların müdaxiləsi nəticəsində sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulağcıqlarında əzik-cızıq izləri yaranmışdır. Bu səbəbdən də 3110 manat cərimə hesablanmışdır. Sayğac küçədə quraşdırılmış, nə onun nə də ailə üzvləri tərəfindən sayğaca müdaxilə edilməmişdir. Sayğacın sökülərək götürülməsi barədə akt tərtib edilmiş, sonradan ona cərimə yazıldığını bildirmişlər. İddiaçı tələbin həcminin artırılmasına dair ərizə verərək ARDNŞ “Azəriqaz” İB tərəfindən tərtib edilmiş 29 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3310 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edilmişdir: Belə ki, iş materiallarında olan X4 İstismar İdarəsi tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Sayğac istismara yararsızdır, nəticədə qaz itkisi yaranmışdır. xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 25920 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı X1 vərəsəsidir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 87 saylı qərarının 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2- ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.2 iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 1,000 manatadək olduqda 51,10 manat məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.5 istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən Tovuz şəhəri M.Əliyev küçəsi ev 27 fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Sayğac istismara yararsızdır, nəticədə qaz itkisi yaranması aşkar olunmuş, bu barədə akt tərtib olunmuş və sayğac müayinəyə göndərilmişdir. Akt əsasında abonentə 3110 manat cərimə hesablanmışdır. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərinə görə, küçədə yerləşən sayğaca müdaxilənin istehlakçının, hazırkı halda mərhum X1 və yaxud həmi ünvanda yaşayan digər şəxslərin ttəqsirli hərəkəti ilə baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Lakin, həmin qüsurların mərhum X1 müdaxiləsi nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, hazırkı halda qaz paylayıcı tərəfindən sayğacın qanunvericiliyin tələblərinə uyğun olaraq üzərində olan plombun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi də təsdiqini tapmır ki, belə olan halda istehlakçı müdaxiləyə görə cavabdehlik daşıya bilməz. Daha sonra qeyd olunmalıdır ki, mövcud qanunverciliyin tələbləri və təlimatlara əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə olan halda istehlakçıya hansı əsasla 90 gün əsas götürülməklə cərimənin hesablanması da əsaslandırılmamışdır. Sayğaca müdaxilənin istehlakçı tərəfindən baş verməsi sübut edilmədiyindən sayğacın dəyərinin ödənilməsi də cavabdehə aid edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia təmin edildiyindən ödənilməli olan dövlət rüsumu 51 manat 10 qəpik cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı mərhum əri X1 adına “Azəriqaz” İstehsalat birliyi tərəfindən hesablanmış 3110,40 manat pul əsassız hesab edilərək X1 hesabından silinsin. 51 manat 10 qəpik dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar