Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1469/2024 06.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, X11 Xidmət Mərkəzi Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı«vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli V-363 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə anası X5 xx.xx.1976-cı il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, birgə nikahlarından o, İlqar, İlham və İlhamə adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə atasının münasibətləri pis olduğu üçün atası onu qeydiyyatdan çıxarmışdır. Digər qardaşı İlham uzun illərdir Rusiya Federasiyasında yaşayır, onunla əlaqələri yoxdur və ata evinə gedib-gəlməmişdir. Bacısı İlhamə isə ailə quraraq ata evindən ayrılmışdır. Təsərrüfat başçısı olaraq o qalmışdır. Miras qalmış evdə o, oğlanları Orxan və Musa qalmışdır. Valideynlərinin daim qulluğunda durmuş və onlar vəfat etdikdən mirası faktik olaraq o qəbul etmişdir. Fərdi yaşayış evi onların istifadəsində olmuşdur. Cavabdeh və oğlunun xahişi üzrə keçən ilin may ayında onları evə qeydiyyata salmışdır. Sonradan bilmişdir ki, cavabdeh onu aldatmış və miras evi öz adına rəsmiləşdirmişdir. Lakin bu zaman notarius vərəsələrin əhatə dairəsini dəqiq müəyyən etməmişdir. Halbuki, mirası o faktiki qəbul etmişdir. Buna baxmayaraq cavabdeh onu evə buraxmır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mübahisəli fərdi yaşayış evindən 1991-ci ildə ailə quraraq çıxmışdır. Həmin vaxt ev bir otaqlı olmuş, daha sonra əlavə tikililər qardaşları tərəfindən inşa edilmişdir. Atası 2003-cü il tarixdə vəfat etmiş və atasının vəfatından sonra evlə əlaqəni kəsməmişdir. Onun yasında iştirak etmiş və mütəmadi olaraq evə gedibgəlmişdir. Lakin miras qalan evin qorunmasında və abadlaşdırılmasında iştirak etməmişdir. Yəni mirasın qorunub saxlanılmasında hər hansı rolu olmamışdır. Evə dair hər hansı vergi ödəməmişdir. Sadəcə olaraq evə ata yurdu kimi gedib-gəlmişdir. Bununla belə hesab edir ki, atasından miras kimi qalmış fərdi yaşayış evindən onun da payı vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı onun bacısıdır və hələ atasının ölümündən qabaq ailə quraraq evdən çıxmışdır. Atasının evi yəni iddiaçının gəlin kimi çıxdığı ev bir otaqdan ibarət olmuş, daha sonra onun tərəfindən ev zamanla inşa edilərək hazırki vəziyyətə gətirilmişdir. Atası 2003-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra həmin evdə o və ailəsi yaşamışdır. Doğrudur ki, iddiaçı da evə gedib-gəlmişdir. Hətta özü iddiaçıya bildirmişdir ki, tək qalma səhər vaxtlarında gəl, vaxtını burada keçir axşam isə evinə qayıt. İddiaçı da bu formada etmişdir. İddiaçı 2022-ci ilə kimi evə gedib-gəlmişdir. Lakin həmin tarixdən evdən əsassız olaraq pay tələb etdiyi üçün onu evə buraxmamışdır. İddiaçının mübahisəli fərdi yaşayış evinə gəlməsi qonaq xarakteri daşımışdır. Miras əmlak onun tərəfindən qorunub saxlanılmış, evin yerləşdiyi torpaq sahəsinin vergisi onun tərəfindən ödənilmişdir. Odur ki, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdehlər X11 Xidmət Mərkəzi Notariat ofisinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında İV ЖГ 31322 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə doğulmuşdur. X1, anası isə X3r. Doğum haqqında İV ЖГ 313221 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1970-ci ildə doğulmuşdur. X1, anası isə X3r. X11 Xidmət Mərkəzi Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X8 ilə X5 nikahlarını xx.xx.1976-cı ildə rəsmi qeyd etdirərək ailə qurmuşlar. Nikahdan sonra arvada «Rzayeva» soyadı verilmişdir. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1070 və 1071 saylı arayışlardan görünür ki, X8 xx.xx.2003-cü ildə, X7 isə xx.xx.1990-cı ildə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, 2V-637 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2003-cü ildə ölmüş X4 vərəsəsi Cavabdeh3dur. Miras əmlak isə xx.xx.1987-ci ildə X4 adına verilmiş 310 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,1 kv.m. olan üç otaqlı fərdi yaşayış evindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Aşağı Öysüzlü kəndi, Həzi Aslanov küçəsində yerləşən 0,1101 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 93,4 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur. Tovuz rayonu Aşağı Öysüzlü-Qazıqulu bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 123 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən X6 məxsus fərdi yaşayış evi və torpaq sahəsinin vergisini onun vəfatından sonra Cavabdeh3 ödəmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan müvafiq olaraq 2000ci ildən sonra vəfat etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Buna görə də ilk öncə iddiaçının mirası qəbul edib-etməməsi araşdırılmalıdır. Çünki miras iddiaçı tərəfindən qəbul ediləcəyi halda onun iddia tələbləri üzrə subyektiv hüququ yaranmış olacaqdır. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının atası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, iddiaçının mərhum atası Əli Rzayevdən miras qalan əmlakı bu qaydada qəbul etməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının özünün izahatı ilə məlum olur ki, onun tərəfindən miras əmlak nə qanunla müəyyən edilmiş qaydada, nə də faktik olaraq qəbul edilməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçıya verilmiş suallara o, cavab olaraq bildirmişdir ki, atasının ölümündən sonra miras qalmış fərdi yaşayış evinin qorunub saxlanılmasında iştirak etməmiş, həmin evdə hər hansı təsərrüfat aparmamışdır. Onun mübahisəli fərdi yaşayış evinə gediş-gəlişi qardaşı evinə qonaq kimi baş tutmuşdur. Burada söhbət mirasın qəbuluna yönəlmiş hərəkətlərdən gedə bilməz. Hətta məhkəmə onu da göstərir ki, iddiaçının atasının yas mərasimində iştirak etməsi belə mirası qəbul etməyə yönələn hərəkət olmayıb, ölmüş şəxsin yas məraimi ilə bağlı adət-ənənədən irəli gələn vəzifələrin icrasına xidmət edən hərəkətdir. İddiaçının bu hərəkətini, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh olunan əsaslarla mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. İddiaçının mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. İddiaçı tərəfindən atasından qalmış mirası qəbul etməsini sübuta yetirilə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Əksinə iş materialları ilə təsdiqin tapır ki, mərhum X2 qalmış miras əmlak onun oğlu Cavabdeh3 tərəfindən həm faktiki, həm də qanunla müəyyən edilmiş qaydada qəbul edilmişdir. İşdə olan Aşağı Öysüzlü-Qazıqulu bələdiyyəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən X6 məxsus fərdi yaşayış evi və torpaq sahəsinin vergisini onun vəfatından sonra Cavabdeh3 ödəmişdir. Həmçinin atasının vəfatından sonra miras əmlakda o yaşamış və əmlakı qoruyub saxlamışdır. Göründüyü kimi miras əmlakın qorunub saxlanılması cavabdeh tərəfindən həyata keçirilmişdir. İddiaçı isə mərhum atasından qalmış miras əmlakın qorunub saxlanılmasında iştirak etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən miras əmlak nə faktik olaraq, nə də qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə qəbul edilməmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələbinə müvafiq olaraq iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1469/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1469/2024
06.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver