Məhkəmə qərarları › İş №2(062)-1664/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1664/2024

08.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1664/2024 08.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 777,60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum nənəsi X4 məxsus olmuş, hazırda isə ona məxsus Tovuz rayonu. Əlirmərdanlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı onların xəbəri olmadan çıxarılmış və yerinə yeni sayğac yerləşdirilmişdir. Bu barədə ona və ailə üzvülərinə xəbərdarlıq edilməmişdir. Lakin may ayında cavabdehin əməkdaşı bildirmişdir ki, sayğacın plastmas plombları və hesablayıcı mexanizmi aşkar olunmadığı üçün xx.xx.2023-cü il tarixli akt əsasında 777,60 manat cərimə borcu hesablanmışdır. Nənəsi Yaqut xx.xx.2017-ci ildə vəfat etsə də, aktda nənəsinin imza etməkdən imtina etdiyi göstərilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun istehlakçı olaraq hüquqları pozulmuşdur. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmişlər. Eyni zamanda iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, X4 məxsus fərdi yaşayış evinə aid G 4 markalı **********3 nömrəli sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın plastmas qapağı, zavod plastmas plombları, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdə üzərində aşkar olunmamışdır. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tələbnamədən görünür ki, G-4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 6480 kub metr müəyyən edilmişdir. X4 məxsus abonentin saldosundan görünür ki, ona 2023-cü ilin sentyabr ayında akt əsasında 777,60 manat məbləğdə borc hesablanmışdır. Ölüm haqqında AZ İ 838828 saylı şəhadətnanin surətindən görünür ki, X8 xx.xx.2017ci ildə vəfat etmişdir. Ölüm haqqında AZ İİ 365992 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. Doğum haqqında A3 ******* saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1958-ci ildə doğulmuşdur. X2, anası isə X6r. Doğum haqqında XV ЖГ 473855 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə doğulmuşdur. X1, anası isə X3r. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İlk növbədə məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olub-olmamasına dair diqqətə çatdırır ki, miras əmlak faktik olaraq iddiaçı tərəfindən qəbul edilmiş və Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1255-ci maddəsində qeyd olunmuşdur ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Odur ki, iddianın qaldırılması barədə İddiaçı subyektiv hüquqa malikdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndində təsbit edilmişdir ki, bu Qanunun 13cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndində göstərilmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1 və 5.2-ci bəndləri. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Cavabdeh tərəf bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, eyni zamanda ümumiyyətlə iddia tələbinə qarşı məhkəməyə hər hansı etiraz ərizəsi ünvanlamamışdır. Hansı ki, yuxarıda əksin tapan qanunvericiliyin tələblərindən aydın olur ki, istehlakçı fiziki şəxs olduğu təqdirdə sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Eyni zamanda əksi – yəni sayğaca kənar müdaxilənin iddiaçı tərəfindən edilməsi barədə tərtib olunmuş akta hər hansı sübut əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qeyd olunan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən yazılmış əsassız borc silinməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumundan azad olunduğundan və iddianın qiyməti 1000 manata kimi olduğundan “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə cavabdehdən 30 manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent kodu **********01920 olan fərdi yaşayış evinə akt əsasında yazılmış 777,60 manat borc məbləği silinsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar