Məhkəmə qərarları › İş №2(062)-1765/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1765/2023

07.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1765/2023 07.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 4561,92 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, hazırkı iddianın predmeti fərdi yaşayış evinə sayğacdan kənar xəttin çəkilməsi ilə bağlı itirilmiş qazın bərpası məqsədi ilə hesablanmış borcun silinməsi olsa da iddia ərizəsinə əlavə edilən sənədlərlə İddiaçı fərdi yaşayış evində qazdan istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Diqqətə çatdırmağı zəruri hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsidir. Çünki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti Mülki Prosessual Məcəllənin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Həmin normada təsbit edilmişdir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından təhlil edərək belə nəticəyə gəlirəm ki, hazırki iddia tələbi üzrə yaranmış mübahisə kommersiya məhkəmələrində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri) Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar