Məhkəmə qərarları › İş №2(062)-185/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-185/2023

21.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-185/2023 21.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (arvadı) X4 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Notariat ofisinə və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Notariat ofisinə və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli 2V-298 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, anaları X10 miras qalan Tovuz rayonu Alakol kəndində yerləşən 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən ibarət miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anaları X11 Tovuz rayonu Alakol kəndində 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. Həmin evdə doğulub böyümüşlər. X7 xx.xx.2001-ci ildə vəfat etmişdir. X3 vəfat edərkən onun yas mərasimində iştirak etmiş və ondan qalan mirasın qəbulunda bilavasitə iştirak etmişlər. Sonraki vaxtlarda miras əmlakın idarə olunmasında Cavabdeh1 ilə bərabər iştirak etmişlər. X2 miras qalan əmlakın notarial qaydada rəsmləşdirilməsi üçün Cavabdeh2 Notariat ofisinə müraciət etmişlər. Lakin onlara Cavabdeh1 xx.xx.2020-ci il tarixli 2V298 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlakı öz adına sənədləşdirdiyi. bildirilmişdir. Cavabdeh2 Notariat ofisi vərəsələrin dairəsini müəyyənləşdirmədən cavabdehə əsassız vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, tələbəlik illərindən ata yurdundan çıxıb getmişdir. Daimi yaşamaq üçün 1973-cü ildən Gəncə şəhərində məskunlaşmışdır. Hazırda da orada yaşayır. Cavabdeh olan qardaşı isə daimi olaraq ata yurdunda yaşamış, hazırda da orada yaşamağa davam edir. Mirasın faktik qəbulu üzrə hər hansı addım atmamışdır. Bununla belə anasının yas mərasimində iştirak etmişdir. Hesab edir ki, onun bu addımı eleə bir növ mirasın qəbuludur. Çünki anasından qalmış miras əmlakdan cavabdeh ilə bərabər bütün vərəsələrin payı vardır. Lakin cavabdeh olan qardaşı vərəsələr haqqında düzgün məlumat verməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (arvadı) X9 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, onun əri də Gəncə şəhərində məskunlaşmış və orada yaşayırlar. Ailə quran zaman cehiz əşyaları hazırda vərəsəlik qaydasında mübahisələndirilən miras əmlak olan fərdi yaşayış evinı yığılmışdır. Lakin həmin evdə qısa müddət yaşamışdır. Daimi yaşayış yerləri Gəncə şəhərində olmuşdur. Mirasın qəbulu ilə bağlı əri tərəfindən hər hansı addım atılmamışdır. Lakin onun əri, qaynı olan digər iddiaçı və özü mərhum qaynanasının dəfnində iştirak etmişlər. Yas mərasiminin təşkilin də ərinin də rolu olmuşdur. Cavabdeh olan qaynı isə daimi olaraq ata yurdunda yaşamış, hazırda da orada yaşamağa davam edir. Hesab edir ki, əri və iddiaçı olan qaynı tərəfindən miras əmlak faktik qəbul edilməsə belə onların hər birinin vərəsə kimi əmlakda payları vardır. Lakin buna baxmayaraq cavabdeh digər vərəsələri notariatdan öz mənafeyi naminə gizlətmişdir. Bununla da vərəsəlik münasibətlərindən doğan hüquqlar pozulmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mərhum anası X19 rayonu Alakol kəndində 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzrə qəzalı, yaşayışa yararsız evi olmuşdur. Onlar həmin evdə doğulub böyümüşlər. Həmin evi söküb 1997-ci ildə yenidən inşa etdirmişdir. İddiaçıların heç biri həmin evdə yaşamamışdır. Onlar hələ gənc yaşlarından evdən çıxmış və daimi yaşamaq üçün Gəncə şəhərinə köçmüşlər. Anası xx.xx.2001-ci ildə vəfat etmişdir. Həmin vaxt Rusiyada olduğu üçün anasının yeddisi günü gəlib çatmışdır. Bütün yas mərasimi onun tərəfindən qarşlanmış, habelə qəbir daşı belə onun vəsaiti hesabına qoyulmuşdur. İddiaçılar heç bir vaxt mirası nə faktik, nə də qanunla müəyyən edilmiş qaydada qəbul etməmişlər. İddiaçılar anasının yas mərasimində iştirak etsələr də, qısa müddət sonra evdən getmişlər. Onların niyyəti yalnız yas mərasimində iştirakdan ibarət olmuşdur. Həmçinin yasın təşkili zamanı heç bir vəsait xərcləmişlər. Hesab edir ki, iddiaçılar tərəfindən miras qəbul edilmədiyindən iddia tələbinin təmin edilməsi qanunsuz olar. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə İddiaçı2, Cavabdeh2 Notariat ofisinin və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz rayon İcra Hakimiyyəti Başçısı yanında Alakol kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 392 və 393 saylı arayışlardan görünür ki, İddiaçı1 və İddiaçı2 Tovuz rayonu Alakol kəndində doğulmuşlar. Hərbi xidmətə gedənə kimi həmin kənddə yaşamışlar. Doğum haqqında AZ –T 210298 və AZ - T210398 saylı şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı1 xx.xx.1948-ci ild, İddiaçı2 isə xx.xx.1954-cü ildə doğulmuşdur. X5, anası isə X14r. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.1964-cü ildə ölmüşdür. Bu barədə xx.xx.1964-cü ildə 22 nömrə ilə akt qeydi aparılmışdır. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 xx.xx.2001-ci ildə ölmüşdür. Bu barədə xx.xx.2001-ci ildə 09 nömrəli akt qeydi aparılmışdır. Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 95 nömrəli arayışdan görünür ki, 1996-2000-ci il tarixli 1 saylı təsərrüfatbaşına kitabın 1197-ci şəxsi hesabında təsərrüfat X11 adına olmaqla təsərrüfatda 0,26 ha torpaq sahəsi, 1975-ci ildə tikilmiş yaşayış evi ümumi sahəsi 96 kv.m., o cümlədən yaşayış sahəsinin 54 kv.m. olması göstərilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-298 nömrə ilə qeydə alınmış şəhadətnamədən görünür ki, X6 qalmış miras əmlakdan Cavabdeh1 1/1 hissədə irs almışdır. Miras əmlak JN 706 KOD 50303018 saylı dövlət aktı əsasında mərhuma məxsus Tovuz rayonu, Alakol kəndində yerləşən ümumi sahəsi 0,1618 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir. “Torpağa mülkiyyət hüququna dair” JN 706 KOD 50303018 saylı dövlət aktından görünür ki, Tovuz rayon AİK –nın xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə X17 və X1 mülkiyyətinə Tovuz rayonu, Alakol kəndi ərazisindən 0,16 ha torpaq sahəsi verilmişdir. Tovuz rayon İcra Hakimiyyəti Başçısı yanında Alakol kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 370 nömrəli arayışdan görünür ki, X17 vəfat etdikdən sonra ona məxsus pay torpağından oğlu Cavabdeh1 istifadə edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, X11 adına ərazi idarəsində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan müvafiq olaraq 2000ci ildən sonra vəfat etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Buna görə də ilk öncə iddiaçıların mirası qəbul edib-etməməsi araşdırılmalıdır. Çünki miras iddiaçılar tərəfindən qəbul ediləcəyi halda onun iddia tələbləri üzrə subyektiv hüququ yaranmış olacaqdır. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının atası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, iddiaçıların mərhum ansı Minə Ələkbərovadan miras qalan əmlakı bu qaydada qəbul etməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Həm iddiaçıların özünün izahatları, həm də iş materiallarında olan icra nümayəndəliyi tərəfindən verilmiş arayışlar ilə təsdiqin tapır ki, iddiaçılar uzun müddət əvvəl mübahisəli miras əmlakdan çıxaraq daimi yaşamaq üçün Gəncə şəhərinə getmişlər. Hazırda da orada yaşayırlar. Özləri də bildirmişlər ki, miras əmlakı qəbul etməmişlər. Lakin bununla belə qeyd edirlər ki, anasının yas mərasimində iştirak etmişlər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıların anasının yasında iştirak etməsi, habelə bu zaman orada mərasim ilə bağlı qısa müddət yaşaması mirası qəbul etməyə yönələn hərəkət olmayıb, ölmüş şəxsin yas məraimi ilə bağlı adət-ənənədən irəli gələn vəzifələrin icrasına xidmət edən hərəkətdir. İddiaçıların bu hərəkətini, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh olunan əsaslarla mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. İddiaçılarn mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. İddiaçıları tərəfindən anasından qalmış mirası qəbul etməsini sübuta yetirilə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu hal iddiaçıların üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən miras əmlak nə faktik olaraq, nə də qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə qəbul edilməmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Notariat ofisinə və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar