Məhkəmə qərarları › İş №2(062)-191/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-191/2023

09.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-191/2023 09.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «23 aprel 2013-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Möhsüm oğluna və Cavabdeh2 Möhsüm oğluna qarşı «23 aprel 2013-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 aprel 2013-cü il tarixli reystrdə 47-1-258 nömrə ilə qeydə alınmış İddiaçı və Cavabdeh1 Möhsüm oğlu arasında bağlanmış və Tovuz Notariat ofisində təsdiq olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bağışlama müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2006-2022-ci illərdə xəstəliyi ilə əlaqədar olaraq Milli Onkologiya Mərkəzində stasionar şəraitdə müalicə olunmuşdur. Xəstəliyindən istifadə edən oğlanları Cavabdeh1 Möhsüm oğlu və onun vəkalətli nümayəndəsi kiçik oğlu Cavabdeh2 Möhsüm oğlu ona məxsus evi Cavabdeh1 Möhsüm oğlunun adına sənədləşdirmişlər. Yaşadıqları ev X3 adına olmuşdur. O, isə 20 mart 2007ci il tarixdə vəfat etmişdir. Vəziyyətdən istifadə edən oğlu Cavabdeh2 xəstə ola-ola onu notariusa apararaq, evin atasının adından çıxarılaraq onun adına keçirmək bəhanəsi ilə sənədlərə qol çəkdirmişdir. Bundan əlavə bağışlamada iştirak edən digər oğlu Cavabdeh2 Möhsüm oğlu da həmin sənədin bağışlama müqaviləsi olmasından da xəbardar olmamışdır. Belə ki, Cavabdeh2 Möhsüm oğlu qardaşından ona verilən etibarnamə avtomaşının sürülməsi ilə bağlı verilmişdir və qardaşı Cavabdeh1 ona bildirmişdir ki, evin sənədi düzələr, sadəcə olaraq anasını götür, get notariusa, orda da bir-iki sənədə qol çəksin. Cavabdeh2 da Cabbarın dediyi formada gəlib onu götürmüş, notariusa getmişlər, orada bir-iki sənədə qol çəkib çıxmışlar. Heç oğlu Elmir də bu günə kimi həmin sənədin nədən ibarət olmasından məlumatı yoxdur. Bu halda məhkəmə iclasında təsdiq ediləcəkdir. Beləliklə 23 aprel 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Tovuz şəhəri M.Ə.Rəsulzadə küəsi 18-də mülkiyyətində olan 0,0328 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 63,3 kv.m yaşayış və 345,5 kv.m yardımçı sahədən ibarət yaşayış evinin, torpaq sahəsinin və əlavə tikililərin ona məxsus olan 3/4 hissəsi Cavabdeh1 Möhsüm oğlunun adına keçmişdir. O, xəstəliyi ilə mübarizə apardığı halda oğlu ev iddiasında olmuşdur. O, bilsə idi qətiyyən buna razı olmazdı. Sənədləşmə işlərindən və çıxarışdan 3-4 ay əvvəl xəbər tutmuşdur. Təsədüfən evdə sənədlər əlinə kemişdir. Maraqlananda isə məsələnin bu yerdə olması ona məlum olmuşdur. Cavabdeh1 Rusiyada yaşayır. O, nəinki ona baxmır, heç maraqlanmır da. X1 başqa heç kim ona baxmır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, o milliyətcə rusdur. Latın qrafikasını bilmir.Ona notarius tərəfindən hüquq və vəzifələri izah edilməmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddianı etiraf edərək göstərdi ki, qardaşı Cabbar ona avtomobilin alqı-satqısı ilə bağlı adına etibarnamə vermiş və ona bildirmişdir ki, atadan miras qalmış fərdi yaşayış evini iddiaçı anası İddiaçı adına sənədləşdirmək məqsədilə notariusa getmək lazım olduğunu bildirmişdir. Notariusa heç bir sənəd aparmamış, notairusun tərtib etdiyi müqavilənin məzmunundan heç bir xəbəri olmamışdır. Həmin vaxtı qardaşını o təmsil etmişdir. Əslində o da özünü günahkar hiss edir. Belə ki, zamaninda anasına bildirsə idi, anası notariat əməliyyatında iştirak etməyəcəkdi. Cavabdeh1 Möhsüm oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 Möhsüm oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən, Cavabdeh1 münasibətdə təmin edilməli,qalan hissədə rədd edilməlidir. İşə əlavə olunmuş 23 aprel 2013- cü il tarixli notarial qaydada təsdiq olunmuş müqavilənin surətindən görünur ki, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ¾ hissəsini Cavabdeh1 bağışlamışdır. İşə əlavə edilmiş reyestr nömrəsi **********006 sayli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 63,3kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində Cavabdeh1 adına 30 aprel 2013-cü ildə adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş arayışların məzmunundan görünür ki, İddiaçı 4 kurs PKT və şüa müalicəsi almışdır və son müayinə tarixi 11 Fevral 2014 cü il tarixdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz şəhəri M.Ə,Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evi 23 aprel 2013-cü il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı tərəfindən Cavabdeh1 bağışlanmışdır. Tərəflər arasında müqaviləni İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 imzalamışdır. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunur ki, 23 aprel 2013-cü il tarixli müqavilənin məzmünundan onların xəbəri olmamışdır. Hətta Cavabdeh2 iddianı etiraf etmiş və izahatında göstərmişdir ki, bağlanan əqdin maşın alqı- satqısı ilə bağlı olduğunu bildirmiş, bağlanan əqdin fərdi yaşayış evinin qardaşına bağışlama müqaviləsi olduğundan xəbəri olmamışdır. Məhkəmə tərəflərin izahatlarını müqayisəli təhlil edərək belə qənaətə gəlir ki, əqdi təsdiq edərkən notarus müqaviləni imzalayan tərəflərə müqavilənin məzmununu izah etməmiş və müqavilə iddiaçının iradəsi ziddinə tərtib olunmuşdur. Belə ki, iddiaçı bağlanan müqavilə ilə mərhum ərindən miras qalan mülkün adına sənədləşmək məqsədi ilə müqaviləyə imza etdiyini, Cavabdeh2 isə avtomobilin alqı-satqısı ilə bağlı müqaviləni imza etdiyini göstərmişdir. Cavabdeh2 etibarnamə ilə səlahiyyətli şəxs olmasına baxmayaraq bağlanan əqdin mahiyyətinin nədən ibarət olmasını bilməmışdir. Göründüyü kimi tərəflər müqavilənin məzmunundan xəbərdar olmamışdır. Qeyd olunan faktları Cavabdeh2 etiraf etmişdir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İşın hallarından göründüyü kimi mübahisə predmeti olan 23 aprel 2013 cü il tarixli əqd MM-nin tələblərini pozmaqla bağlanmaqla mübahisə edilən əqddir. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə sözü gedən müqaviləni mübahisə edilən və etibarsız əqd kimi yanaşdığından 23 aprel 2013- cü il tarixli müqaviləni bağlandığı andan da etibarsız hesab etməlidir. Həmin məcəllənin 337.5- ci maddəsinə əsasən əqd etibarsız olduqda ,əgər bu Məcəlldə onun etibarsızlığına ayrı nəticələr nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödənilməlidir. İddia tələbi bağışlama müqaviləsi olduğundan cavabdeh tərəf müqavilə ilə üzərinə heç bir öhdəlik götürməmişdir. Yalniz işdə olan cixarışla müəyyən olunur ki, hazırki vəziyyətdə fərdi yaşayış evi Cavabdeh1 adına rəsmiləşdiyindən bağışlama müqaviləsi etibarsız hesab edildiyindən onun əsasında verilmiş Çıxarış da ləğv edilməlidir. Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır:şəxs razılıq verdiyi əqdi deyil ,başqa əqdi bağlamaq istəmişdir. Tərəflər məhkəmə iclasında izahatlarında bağladığı əqdin məzmununun tamamilə başqa məzmunda olduğunu bildirmişlər və məhkəmə də belə nəticəyə gəlir ki, həm M. Novruzova, həm də Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 hərəkətləri nəticəsində vacib yanıltmanın təsiri altında bağlanmış əqddir. Əslində iddiaçı razılıq verdiyi əqdi deyil, onun iradəsindən asılı olmayaraq başqa müqavilə imzalamışdır. Yəni, iddiaçı iddia edir ki, əslində həmin ev yoldaşının adından çıxarılaraq, onun adına rəsmiləşdirilmək üçün notariusa getmişdir. Notariat haqqında qanunun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli ,bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq edilməlidir. 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin apalılması nəticələri barədə onlara xəbərdarlıq edilməlidir. İşdə olan bağışlama müqaviləsindən görünür ki, müqavilənin məzmunu, o cümlədən hədiyyə edənə onun hüquq və vəzifələrinin izahı latin qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. Həmin müqavilənin imzalar qrafasındakı ad, soyad və ata adı sözlərindən müəyyən edilir ki, həmin sözlər iddiaçı tərəfindən kiril qrafikası ilə yazılmışdır. Bu da onu deməyə əsas verir ki, həqiqətən də iddiaçı elə həmin vaxtdan latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxuya bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 23 aprel 2013-cü il tarixli reyestrdə 47-1-258 sayla qeydə alınmış İddiaçı və Cavabdeh1 arasında bağlanmış və Tovuz Notariat ofisində təsdiq olunmuş bağışlanma müqaviləsi etibarsız hesab edilməli və bağışlanma müqaviləsi əsasında verilmiş çıxarış ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23 aprel 2013-cü il tarixli reystrdə 47-1-258 sayla qeydə alınmış İddiaçı və Cavabdeh1 arasında bağlanmış və Tovuz Notariat ofisində təsdiq olunmuş bağışlama müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə əsasında verilmiş ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmıakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Q ətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar