Məhkəmə qərarları › İş №2(062)-1911/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1911/2023

28.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1911/2023 28.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* saylı 20 aprel 2023-cü tarixli akt əsasında əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ona məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh təşkilatın əməkdaşları 20 aprel 2023-cü il tarixində onun evinin yaxınlığından keçən qaz xəttinin üstündə krant və krantda bir boru aşkarlamışlar. Həmin əlavə boru ilə onun heç bir əlaqəsi olmamışdır. Belə ki, cavabdeh təşkilatın əməkdaşlarının aşkar etdikləri qaz xətti onun evindən ən azı 70-80 metr aralı olmuş və borunun onun evinə daxil olması müəyyən edilməmişdir. Yəni həmin krantı və borunu o quraşdırmamış, ondan istifadə etməmişdir. Buna baxmayaraq bu barədə 20 aprel 2023-cü ildə akt tərtib etmişlər və onu da aldadaraq akta imza etdirmişlər. Həmin akta əsasən, yazılmış cərimə əsassızdır və silinməlidir. Odur ki, X1 əməkdaşları tərəfindən tərtib olunmuş həmin akt əsasında yazılmış 2073,6 manat cərimə silinməlidir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işin materiallarına əlavə olunan 20 aprel 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı məxsus olan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən evinin yaxınlığından keçən qaz xəttinin krant və boru vasitəsilə qanunsuz istifadəsi müəyyən edilmişdir. İşə əlavə olunmuş şəkillərdən görünür ki, həmin qaz xətti, onun üzərində olan krant və boru evdən xeyli aralıda yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında qaz nəql edən ümumi borudan əlavə xətt aşkar edilmişdir. Həmin xəttin üzərində krant olmuş və xəttin ucu iddiaçının evinə tərəf yönəlmiş olsa da, evinə daxil olmamışdır. Lakin iddiaçı barəsində akt tərtib edilərək ziyan hesablanmışdır. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı evinin yaxınlığından keçən qaz xəttinə müdaxilə edilmiş və nəticədə qaz itkisi yaranması müəyyən olunmuş və bunun nəticəsində itirilmiş qaz əvəzi olaraq iddiaçıya cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Hazırki mübahisə üzrə mülki hüquq pozuntusunun İddiaçı tərəfindən törədilməsi sübuta yetirilmir. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri mümkün edir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarının habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya yazılmış akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli,hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı adına tərtib olunmuş 20 aprel 2023-cü il tarixli ******* saylı akt əsasında yazılmış 2073,6 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2073,6-220 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib edilmiş 20 aprel 2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 2073,6 manat borc silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar