Məhkəmə qərarları › İş №2(062)-1995/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1995/2023

18.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1995/2023 18.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat birliyinə qarşı “əsassız borcun azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun hesabına yazılmış cərimənin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Tovuz rayonu Əsrik Cırdaxan kəndində fərdi yaşayış evi vardır. Həmin evdə o, valideyinlərinin az yaşlı uşaqları və qoca nənəsi yaşayır. Həmin evdə təbii qazdan istifadə edirlər. Onun evində iki ədəd qaz peçi və bir ədəd yemək bişirmək üçün qaz plitəsi vardır. O, qaz borcunu hər ay vaxtlı-vaxtında ödəyir. Cavabdeh təşkilatın nümayəndələri onun evinə gələrək ona 5184 manat cərimə yazmışdır. O, həmin cərimə ilə razı deyil. Protokolda göstərilmişdir ki, o, qaz sayğacından kənardan qaz xətti çəkmişdir. Onun xəbəri olmadan cərimə yazılmazdan iki ay əvvəl nənəsi öz yaşadığı otaq üçün çəkdirmişdir. 2 ay müddətinə bir qaz peçi bu qədər sərfiyyat edə bilməz. Həmin cərimə cox yüksək yazılmışdır. Məhkəmə araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edilmişdir: Belə ki, xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 43200 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyrini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərilməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyrini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydalarının 4.2-ci bəndinə görə qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılamsı və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarına işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizminin sıradan çıxması baxış pəncərəsinin sınması, qoruycu plombların qırılması, texniki nasazlıqlar və.s) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması, müraciət etdiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyəta keçirilir. Qaydaların 8-1-cu bəndinə görə Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Yuxarıda qeyd edilən olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilat “Azəriqaz” İstehsalat birliyi hər ay baxış keçirərərək kənar müdaxiləni aşkar etməmişdir. Əgər vaxtında müdaxilə aşkar olunsa idi o zaman, İddiaçı yuksək məbləğdə cərimə yazılmazdı. Eyni zamanda cavabdeh təşkilat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin cərimə qaz sərfiyatının hesablanması Qaydalarına zidd olaraq hesablandığından, cavabdehin aylar üzrə qaz göstəricini əks etdirən abonent saldosunu nəzərə alınaraq itirilmiş qaz sərfinə görə hesablanmış cərimə üç dəfəyə qədər azaldılmalıdır. Məhkəmə hesab edir ki, 19 aprel 2023-cü il tarixli akta əsasən, İddiaçı qaz sərfiyyatına görə yazılan borcu 5184 manat təşkil edir. 19 aprel 2023-cü il tarixli akta əsasən, yazılmış 5184 manat borc üç dəfəyə qədər azlaldılaraq 1728 manat müəyyən edilməlidir. Yuxarıda adı çəkilən Qaydaların 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bun baxmayaraq qaz paylayıcı hesabat müddətini qaz plitələrinə və qeyri-standart su qızdırıcısına münasibətdə 360 gün, dəmir sobaya münasibətdə isə 180 gün hesablamış, qaz sərfinin iş rejimini 24 saat müəyyən etmişdir. Halbu ki, həmin abonent məişət abonenti olmaqla sutkanın on iki saatı hesablanmaqla dəymiş ziyan müəyyən edilməli idi. Bundan başqa da məhkəmə hesab edir ki, hesabat dövrünün 180-360 gün daxilində aparılması da ədalətli deyildir. Belə ki, sonuncu baxış tarixi müəyyən olmadığı halda istehlakçıya 180-360 gün ərzində hesabat aparılmışdır. Məhkəmə hesab edir ki, hesabat müddəti 6 ay ərzində müəyyən edilməlidir. Belə olduğu halda məhkəmə qeyd edir ki, qazın qiyməti Azərbaycan Respublikasının Tarif(qiymət)Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir)kub metr üçün illik istehlak həcmi 1200 kubmetrədək olan hissəsi üçün qazın dəyəri 0,12 manat, illik istehlak həcmi 1200-2500 kub metr olan hissəsi üçün qazın dəyəri 0,20 manat, 2500 kub metrdən çox olan hissəsi üçün isə qazın dəyəri 0,25 manat məbləğində müəyyən edilir. Bu hesablama ilə və 6 aylıq hesabat dövrü nəzərə alınaraq, qaz sərfinin iş rejimi 12 saat götürülməklə abonentə hesablanmış məbləğ 1523 manat 50 qəpik məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarının habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli,hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı adına tərtib olunmuş 19 aprel 2023-cü il tarixli ******* saylı akt əsasında yazılmış 5184 manat borc azaldılaraq 1523 manat 50 qəpik müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 637-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı adına AR Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat birliyi tərəfindən hesablanmış 5184 manat borc azaldılaraq 1523 manat 50 qəpik müəyyən edilsin. 35 (otuz beş) manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətindəTovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar