Məhkəmə qərarları › İş №2(062)-2106/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2106/2025

03.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2106/2025 03.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X7 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və miras payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və miras payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş və 1988-ci il tarixdə 204 saylı smeta layihəsi ilə mərhum atasının mülkiyyətini təşkil edən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 296,5 kv.metr fərdi yaşayış evinə dair Cavabdeh1 adına digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 03 oktyabr 2014-cü il tarixli Serya RX № ******* olan, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********43-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və texniki pasport ləğv edilməklə etibarsız hesab edilməsini, mərhum X1ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 296,5 kv.metr fərdi yaşayış evindən hər birinin vərəsəlik qaydasında paylarının müəyyən edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X1nun mülkiyyətində 1988-ci il tarixli 204 saylı smeta layihəsinə əsasən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 296,5 kv.metr fərdi yaşayış evi vardır. X1 08 dekabr 1994-cü il tarixdə vəfat etmişdir. Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə həmin evin ətrafında, yaxınlığında atasının və onların daimi istifadəsində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş kimi göstərilən 46,5 kv.metr fərdi isə heç bir hüquq müəyyənedici sənəd olmadan Cavabdeh1 verilmişdir. Buna dair JN 3745 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Cavabdeh1 2000-ci ilədək ümumiyyətlə Tovuz rayonu Qovlar şəhərində qeydiyyatda olmamışdır. Cavabdehin 2000-ci ilədək qeydiyyatda olduğu yer Şəmkir rayonu olmuşdur. X1 vəfatından 20 il sonra Cavabdeh1 digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 15 saylı Tovuz Ərazi İdarəsi ilə əlbir olub 1988-ci il tarixdə 204 saylı smeta layihəsi ilə mərhum atasının mülkiyyətini təşkil edən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 296,5 kv.metr fərdi yaşayış evini öz adına rəsmiləşdirərək bu barədə 03 oktyabr 2014-cü il tarixli Serya RX № ******* olan, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********43-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və texniki pasport almışdır. İddiaçı2 məhkəmə ərizə ilə müraciət edərək hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmənin hazırlıq iclasında iştirak etməmişdir. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhərində olduğu üçün hazırlıq iclasında iştirak edə bilməyəcəyini bildirmiş, sübut təqdim edəcəyi üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X5 iddia tələbi ilə bağlı bildirmişdir ki, 03 oktyabr 2014-cü il tarixli Serya RX № ******* olan, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********43-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış JN 3745 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və yaşayış evinin eskiz layihəsi əsasında verilmişdir. Heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, reyestrdəki qeydiyyat inzibati akt, yəni JN 3745 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında aparılmışdır. Həmin aktda qeyd edilmişdir ki, Tovuz rayonu Aqrar İslahatı Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İddianın faktiki əsasını bu aktların qanunsuzluğu təşkil edir. Buna görə də bu işə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263- 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və miras payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən bank vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar