Məhkəmə qərarları › İş №2(062)-211/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-211/2023

23.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-211/2023 23.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı « miras mülkdən payların müəyyən edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Tovuz şəhərində 23 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən **********32 saylı çıxarışda göstərilən mərhum X10 və X8 miras qalmış torpaq sahəsindən altıda bir hissə payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx xxx 1948-ci ildə X17 ilə X9 birgə nikahlarından Tovuz rayonu Çobansıxnaq kəndində anadan olmuş, valideynlərinə məxsus evdə böyüyüb boya başa çatmışdır. X22 və anası Bənövşə Məmmədrzayevanın birgə nikahlarından 1948-ci ildə özü, 1951-ci ildə Almaz,1958-ci ildə Məfkurə, xx xxxxxx 1963-cü ildə Dayandur,1968-ci ildə Nərgiz, 1970-ci ildə Nəcibə adlı uşaqları olmuşdur. Atası Qəzənfər 29 noyabr 2006-cı ildə , anası Bənövşə 08 yanvar 2019- cu ildə vəfat etmişdir.Valideynlərinin ölümündən sonra qardaşı Dayandurla birgə vərəsə kimi mirası qəbul etmişdir. Miras torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Tovuz regional ASAN xidmət mərkəzinin Notariat ofisinə rəsmi müraciət etmiş, qardaşı Dayandur ilə miras mülklə bağlı arasında mübahisə olunduğundan ona vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən və reyestr nömrəsi **********32 saylı çıxarışda göstərilən 0,6605 ha torpaq sahəsindən mərhum ata və anasının 2/7 payı vardır. Qarşılıqlı razılaşma yolu ilə mirası qardaşı Dayandurla bölə bilmədiyinə görə mübahisə olunan Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən mərhum atası X10 və mərhum X4ndan miras qalmış torpaq sahəsindən ona çatası altıda bir hissə payın müəyyən olunmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və məhkəmə iclasında verdyi izahatında göstərdi ki, Tovuz rayonu Çobansıxnaq kəndində mərhum ata və anasına və onun ailə üzvlərinə həyətyanı torpaq sahəsi verilmişdir. X4 24 dekabr 2013-cü il tarixdə Tovuz rayonu Sarıtala kənd İƏD uzrə nümayəndəliyində vəsiyyətnamə tərtib etmiş və anası əmlakını ona vəsiyyət etmişdir. Vəsiyyətnamə olduğuna görə iddiaçıya mirasdan pay düşmür. Ona görə də iddianin təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş reyesrt nömrəsi **********32 saylı çıxarışdan görünür ki,Tovuz rayonu ümumi sahəsi 0,6605 ha olan torpaq sahəsi X12, X9, Cavabdeh, X5, X6, X7 və X14 ümumi birgə mülkiyyətindədir. İşə əlavə olunmuş Tovuz rayon qeydiyyat şöbəsinin vermiş olduğu arayışdan görünür ki, İddiaçı xx xxx 1948-ci ildə anadan olmuş, atası X17, X4dır. İşə əlavə olunmuş arayışdan görünür ki, X17 29 noyabr 2006-cı ildə, X13 08 yanvar 2019-cu ildə vəfat etmişdir. İşə əlavə olunmuş 24 dekabr 2013-cü il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X1 yerləşən iki mərtəbəli, iki otaqlı geniş balkonlu yaşayış evini və ona məxsus əmlakını Cavabdeh vəsiyyət etmişdir. İşə əlavə olunmuş Tovuz rayon Dövlət Arxiv idarəsinin vermiş olduğu sənədlə müəyyən olunur ki, mərhum Qəzənfər Məmmədrzayev və mərhum X15, Almaz, Məfkurə, Dayandur, Nərgiz və Nəcibə adlı uşaqları olmuşdur. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, İddiaçı xx xxx 1948-ci ildə X17 ilə X9 birgə nikahlarından Tovuz rayonu Çobansıxnaq kəndində anadan olmuşdur. Qəzənfər Məmmədrzayev və Bənövşə Məmmədrzayevanın birgə nikahlarından iddiaçıdan başqa, 1951- ci ildə Almaz,1958-ci ildə Məfkurə,xx xxxxxx 1963-cü ildə Dayandur,1968-ci ildə Nərgiz,1970-ci ildə Nəcibə adlı uşaqları olmuşdur.İddiaçının atası Qəzənfər 29 noyabr 2006-cı ildə, anası Bənövşə 08 yanvar 2019-cu ildə vəfat etmişdir.Valideynlərinin ölümündən sonra tərəflər birinci növbəli vərəsə kimi mirası qəbul etmişdir. Vərəsələrdən heç biri mirasın qəbulundan imtina etməsi barədə ərizə verməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273.1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. Göründüyü kimi vərəsələrdən heç birinin miras paydan imtina etməsi barədə ərizələri olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın ) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər(övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinə görə, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən və reyestr nömrəsi **********32 saylı çıxarışda göstərilən 0,6605 ha torpaq sahəsindən mərhumların 2/7 payı var. Tərəflər arasında mübahisə olduğundan miras mülk məhkəmə qaydasında bölünməlidir. İşdə olan vəsiyyətnamənin surəti ilə müəyyən olunur ki, Bənövşə Məmmədrzayeva adına olan əmlakı Cavabdeh Binnət oğluna vəsiyyət etmişdir. Bundan başqa, iş üzrə müəyyən olundu ki, mərhumların altı nəfər birinci növbəli vərəsəsi var. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mərhum X10 miras qalmış torpaq sahəsindən 1/6 payı var. Cavabdeh adına vəsiyyətnamə olduğundan X8 miras qalmış torpaq sahəsindən iddiaçının məcburi payı, yəni 1/12 payı müəyyən olunmalıdır. Digər vərəsələr mirasdan pay tələb etmədiyinə görə onların payı açıq saxlanılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, mirasın kütləsinə Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən **********32 saylı çıxarışda göstərilən 0,6605 ha torpaq sahəsinin 3/14 hissəsi daxildir. Həmin mirasdan İddiaçı ümumi torpaq sahəsinin 3/84 hissəsinə payı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən, Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən **********32 saylı çıxarışda göstərilən mərhum X10 və X8 miras qalmış torpaq sahəsinin mirasın kütləsinə daxil olan 3/14 hissəsinin 1/6 hissəsinə (yəni ümumi əmlakın 3/84 hissəsinə) İddiaçı miras payı müəyyən edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən **********32 saylı çıxarışda göstərilən mərhum X10 və X8 miras qalmış torpaq sahəsinin mirasın kütləsinə daxil olan 3/14 hissəsinin 1/6 hissəsinə (yəni ümumi əmlakın 3/84 hissəsinə) İddiaçı miras payı müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar