Məhkəmə qərarları › İş №2(062)-212/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-212/2023

21.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-212/2023 21.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 Xidmət Mərkəzi Notariat ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 Xidmət Mərkəzi Notariat ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ona və ailə üzvülərinə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi dövlət reyestrində qeydə alınmışdır. Reyestr çıxarışında Cavabdeh2, Cavabdeh1, İddiaçı1 və İddiaçı2 adları qeyd olunmuşdur. Həmin torpaq sahəsi onların ümumi mülkiyyətindədir. 2020-ci ilin mart ayında cavabdehlərin arasında razılaşma olmuşdur. Razılaşmaya əsasən torpaq sahəsinin 0.02 ha hissəsini, Cavabdeh1 da özünə məxsus torpaq sahəsinin 0.02 ha hissəsini, Əli Əhmədovun nəvəsi X2 bağışlamalı idi. Qeyd olunan razılaşmaya əsasən 0,02 ha torpaq sahəsi notarial qaydada bağışlama müqaviləsi əsasında cavabdehə bağışlanmışdır. Birbaşa Bəynaminin adına bağışlama olmadığına görə notarius izah etmişdir ki, qanunvericilik buna icazə vermir. Məhz bu əsasa görə torpaq sahəsi Cavabdeh1 bağışlanılmışdır. Hazırda Rafiq razılaşmadan imtina edir və torpaq sahəsini Bəynaminin nənəsinin adına sənədləşdirmək istəyir. Bundan başqa bağışlama müqaviləsi təsdiq olunan zaman birgə mülkiyyətçilərin hüquqlarını pozmuş, torpaq sahəsinin hansı cizgilər daxilində bağışlanması müəyyən edilməmişdir. Həmçinin bağışlama müqaviləsi bağlanan zaman digər mülkiyyətçilərin razılığı alınmamışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 hazırda etdiyi hərəkətlər onların arasında olan şifahi razılaşmanın şərtlərinə uyğun deyildir. Halbuki, torpaq sahəsinin bağışlanılmasına səbəb yekunda həmin torpağın Bəynaminin adına keçirilməsindən ibarət olmuşdur. Lakin cavabdehin hərəkətləri razılaşmanın şərtlərinə uyğun olmadığı üçün müqavilənin etibarsızlığına şərait yaradır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 da iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, aralarında bağışlama müqaviləsi bağlanan zaman mübahisəli torpaq sahəsinin sonradan Bəynaminə bağışlanacağı barədə hər hansı razılaşma olmamışdır. Torpaq sahəsi anası və qardaşı tərəfindən ona könüllü olaraq iradələrinə uyğun bağışlanılmışdır. Əgər torpaq sahəsinin iddiaçıların göstərdiyi kimi sonradan Bəynaminə bağışlanması mövzusu var idisə, nə üçün onunla müqavilə bağlanılırdı. İddiaçılar elə birbaşa bağışlama müqaviləsinin həmin şəxsin qanuni nümayəndəsi ilə bağlanılması üçün iddiaçılar addım atardı. Bircə bu amilin özü iddiaçıların səmimi olmadığına dəlalət edir. Həmçinin torpaq sahəsini ona bağışlayan qardaşı iddia ərizəsində cavabdeh kimi göstərilmişdir ki, iddia tələbi onun tərəfindən etiraf edilməklə təmin edilsin. Hansı ki, özü elə narazıdırsa məhz iddiaçı kimi göstərilməli idi. Bütün bunlar iddia tələbinin qanunsuz olmasına dəlalət edir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə üçüncü şəxs X11 Xidmət Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Reyestr nömrəsi 4Ə-358 olan notariat işindəki xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verənlər X1 rayonu, Əlimərdanlı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin ona məxsus 0,05 ha hissəni, Cavabdeh2 isə özünə məxsus hissədən 0,02 ha hissəni hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Reyestr nömrəsi 4Ə-358 olan notariat işindəki İddiaçı1 razılıq ərizəsindən görünür ki, o, Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin əri X3 məxsus olan 0,05 ha hissəsindən 0,02 ha hissəsinin özgəninkiləşdirilməsinə etiraz etmir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 046A KOD 50305018 saylı şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisindən X4, X3, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 666.1-ci maddəsində göstərilmişdir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, bağışlama müqaviləsi əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətləri vardır: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Məhkəmə qeyd edir ki, Notariat Ofisinə sorğu verilərək notariat işinin təsdiqlənmiş surətlərinin məhkəməyə göndərilməsi barədə sorğu verilmiş və həmin sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin notariat işi ilə müəyyən edilir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisindən X4, X3, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 0,25 ha həyətyanı torpaq sahəsi verilmiş, onların mülkiyyət hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair” JN 046A KOD 50305018 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında hədiyyə verənlər X5 həmin torpaq sahəsinin ona məxsus 0,05 ha hissəsini, Cavabdeh2 isə özünə məxsus hissədən 0,02 ha hissəni hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Eyni zamanda İddiaçı1 razılıq ərizəsi əsasında əri X3 məxsus olan 0,05 ha hissəsindən 0,02 ha hissəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Hazırda isə iddiaçılar bildirirlər ki, bağışlama müqaviləsi bağlanılan zaman həm Elşan Məmmədovun iradə ifadəsi əks olunmamış, həm də mülkiyyətçilər kimi onların razılığı alınmamışdır. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Əqdin etibarsızlığının hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin normada qeyd olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığından bəhs edilir və hansı hallarda bunun mümkün olması təsbit edilmişdir. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (MM 339), uydurma və yalan əqdlərin etibarsızlığı (MM 340), qeyri-ciddi əqdin etibarsızlığı (MM 341), Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 342), Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 343), on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 344), on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 345), öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 346), vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (MM 347). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlilləri yuxarıda göstərilən normalar üzrə təhlil edilən zaman aşkar edilir ki, mübahisələndirilən bağışlama müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Çünki etibarsız hesab etmə üçün hər hansı hal baş verməmişdir. Mülki Məcəllənin yuxarıda qeyd olunan fəslinin hər hansı normasını hazırki mübahisəyə tətbiq etmək qanuna zidd olar. İddiaçılar tərəfindən etibarsızlığı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yalnız şifahi razılaşmaya əsasən torpaq sahəsinin sonradan Bəynaminə bağışlanması, lakin bunun hazırda mümkün olmaması səbəbindən torpaq sahəsinin qeyd olunan şəxsə bağışlanılması üçün Cavabdeh1la müqavilənin bağlanılması dəlili qeyd olunmuşdur ki, bu dəlil də ağlabatan deyildir. Belə ki, müqavilə üzrə hədiyyə verənlərin özlərinin birbaşa mülkiyyətlərində olan torpaq sahəsini bağışlama imkanları olduğu halda nə üçün bu addımı atmaları anlaşılan deyildir. Digər tərəfdən belə razılaşmanın həqiqətən mövcud olması da mötəbər sübutlarla təsdiq edilməlidir. Bu aspektdən də iddiaçıların sübutları yetərsizdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM 76.2) Qeyd olunmalıdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi iddiaçıların iddiasının əsasını təşkil edən – yəni şifahi razılaşmaya əsasən torpaq sahəsinin sonradan Bəynaminə bağışlanması, lakin bunun hazırda mümkün olmaması səbəbindən torpaq sahəsinin qeyd olunan şəxsə bağışlanılması üçün Cavabdeh1la müqavilənin bağlanılması dəlili məhkəmə araşdırması zamanı təsdiqin tapmamışdır. Digər tərəfdən həqiqətən belə razılaşma var idisə müqavilə şərtlə bağlana bilərdi. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Lakin bundan da istifadə edilməmişdir. Bundan başqa iddiaçıların mülkiyyətçi kimi hüquqlarının pozulması dəlili ilə bağlı məhkəmə diqqətə çatdırır ki, Mülki Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə görən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Mülki Məcəllənin 215.6-cı maddəsində qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Məhkəmə diqqətə çatdırır ki, paylı mülkiyyətdə olan mülkiyyətçi payını əvəzi ödənilmədən özgəninkiləşdirdikdə digər mülkiyyətçilərin razılığı tələb edilmir. Yuxarıda göstərilən məhdudlaşma əvəzi ödənilməklə olan özgəninkiləşdirməyə aiddir. Çünki bu zaman digər mülkiyyətçilər üstünlük hüququna malikdir. Hazırda mübahisələndirilən müqavilə əvəzsiz müqavilənin ənənəvi klassik növlərindəndir. Əvəzsiz müqavilələr odur ki, bu müqavilələrdə bir tərəfin etdiyi hərəkətə görə digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz alması nəzərdə tutulmur. Bu cür müqavilələrdə bir tərəfin digər tərəf üçün hər hansı bir hərəkət etməsi (əmlak verməsi, iş görməsi, xidmət göstərməsi) qarşı tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Ona görə də digər mülkiyyətçilərin razılığının alınması dəlili qəbuledilən deyildir. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 Xidmət Mərkəzi Notariat ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar