Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2134/2025 28.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı Cavabdehnə qarşı “cərimənin silinməsi” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdehnə qarşı “cərimənin silinməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına qeydiyyata alınmış Tovuz rayonu, Qovlar şəhərində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə yazılmış 581.40 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Qovlar şəhərində M.Axundov küçəsində fərdi yaşayış evinə quraşdırılmış sayğac vardır. Sayğaca cavabdeh təşkilatın nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və bu barədə ******* saylı akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, sayğacın üzərində metroloyiblonblara müdaxilə olunub və sayğaca hesablama mexanizminin altında blonb deşilmişdir. O, sayğaca müdaxilə etməmişdir, plasmas borunun deşilməsindən onun xəbəri olmamışdır. Belə olan halda cavabdeh təşkilatın əməkdaşlarının akt tərtib edib, ona vurulmuş ziyan hesablaması tam qanunsuzdur. Hətta qeyd etdiyi hala görə 581.40 manat cərimə olunmuşdur. Sayğac yaşadığı fərdi yaşayış evinin bayır tərəfində quraşdırılmışdır. Sayğacın qüsursuz işləməsinə təşkilatın əməkdaşları cavabdehdirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia ərizəsinə etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, Tovuz rayonu, Qovlar şəhəri, M.Axundov küçəsində fərdi yaşayış evinə quraşdırılmış sayğaca tərəflərindən hər hansı müdaxilə olmamışdır. Sayğaca cavabdeh təşkilatın nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və əsassız olaraq cərimə borcu hesablanmışdır. Sayğac fərdi yaşayış evindən kənarda küçədə yerləşir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2021-ci il tarixli, 017/21-259 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı ilə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, G-4 markalı, **********9 nömrəli sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanmasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 10 iyun 2024-cü il tarixli, 0791 nömrəli aktına əsasən G-4 markalı, **********9 nömrəli sayğaca ümumi baxış keçirilmişdir. 20680581 nömrəli plomb kəsilərək qutu açılmışdır. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzikcızıq izləri aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, İddiaçı 06.2024-cü il tarixə 518.40 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr
1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir. 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”
4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş üzrə halların araşdırılması zamanı müəyyən edilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, M.Axundov küçəsində yerləşən iddiaçının fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı dəyişdirilərək dövlət yoxlaması keçirilməsi üçün göndərilmişdir. Ünvandan çıxarılan qaz sayğacının əvəzinə iddiaçının yaşadığı ünvana yeni sayğac quraşdırılmışdır. Çıxarılmış “Zenner” G4 markalı, **********9 nömrəli sayğaca laboratoriya öz rəyini verərək, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzikcızıq izləri aşkar olunduğu müəyyən edilmişdir. Cavabdeh yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq 518.40 manat həcmində cərimə məbləğini iddiaçının abonent hesabına hesablamışdır. Hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Cavabdeh tərəf bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, eyni zamanda ümumiyyətlə iddia tələbinə qarşı məhkəməyə hər hansı etiraz ərizəsi ünvanlamamışdır. Hansı ki, yuxarıda əksini tapan qanunvericiliyin tələblərindən aydın olur ki, istehlakçı fiziki şəxs olduğu təqdirdə sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Eyni zamanda əksi – yəni sayğaca kənar müdaxilənin iddiaçı tərəfindən edilməsi barədə tərtib olunmuş akta hər hansı sübut əlavə edilməmişdir. Qaz sayğacının zədələnməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Əksinə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İddiaçı iddia tələbində onun hesabına hesablanmış borcun 581.40 manat olduğunu bildirsə də iş materiallarına əlavə edilmiş abonent saldosundan müəyyən olunur ki, hazırki iş üzrə iddiaçının hesabına 4320 m3 həcmində qaz sərfiyyatına uyğun 518.40 manat məbləğində borc hesablanmışdır. Odur ki, iddia tələbi tələbi qismən təmin edilməlidir. İş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün iddiaçının evinə gələn təbii qazın qeydiyyatını aparan qaz sayğacının işlək vəziyyətdə saxlanma vəzifəsi Cavabdeh İB-nin üzərinə düşməklə həmin təşkilat tərəfindən bununla bağlı müvafiq tədbirlər görülməli idi. Lakin Cavabdeh İB tərəfindən həmin sayğacın işlək vəziyyətdə saxlanması üçün müvafiq qanuni tədbirlər görülməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, qanunvericiliyin tələbinə əsasən hazırki iddianın qaldırılması üçün iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə dövlət rüsumu ödəməmişdir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus **********30540 saylı abonent koduna hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********30540 saylı abonent koduna hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Pərvanə İsaqlı