Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2231/2024 17.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi (arvadı) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Tovuz rayon Mənzil İstismar Sahəsinə və Cavabdeh2 qarşı «kirayə müqaviləsinin etibarsız sayılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Tovuz rayon Mənzil İstismar Sahəsinə və Cavabdeh2 qarşı «kirayə müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər arasında bağlanmış xx.xx.2008-ci il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə, habelə, saxtakarlıq törətmiş şəxslər barəsində cinayət işi başlanmasından ötrü prokurorluğa göndərilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41,10 kv.m olan daşınmaz əmlakı 29 aprel 2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 almışdır. Həmin daşnmaz əmlaka dair ona ********** qeydiyyat nömrəli 11 may 2021-ci il tarixli çıxarış verilmişdir. Alqı-satqı müqaviləsi bağlanan vaxt həmin tikilinin həyətində olan ümumi sahəsi 44,8 kv.metr olan, o cümlədən yaşayış sahəsi 20 kv.metr, köməkçi sahəsi 24,8 kv.metr (15,40 kv.metr və 9,40 kv.metr) 3 (üç) otaqlı yaşayış evi rəsmi dövlət qeydiyyatından keçmədiyindən alqı-satqı müqaviləsində həmin əmlak qeyd edilməmişdir. Lakin alqı-satqı zamanı X9 qeyd olunan əmlakın da dəyəri onun tərəfindən ödənilmişdir. Əmlakın sənədləşdirilməməsinin səbəbi isə tikilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansında olması və qeyd olunan tikilinin isə X1 atası mərhum X11 tərəfindən müvafiq icazə olmadan inşa edilməsi olmuşdur. Qeyd olunan əmlak, yəni ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.metr olan, o cümlədən yaşayış sahəsi 20 kv.metr, köməkçi sahəsi 24,8 kv.metr (15.40 kv.metr və 9,40 kv.metr) 3 (üç) otaqlı yaşayış evinin tikintisinə 1991-ci ildə başlanılmış və tikinti işləri 1995-ci ildə başa çatdırılmışdır. Həmin tikilinin hörgü işləri 1991- 1992-ci illərdə aparılmış, qeyd olunan tikilinin 1994-cü ildə dam örtüyü işlərini X5, 1995-ci ildə suvaq, rəngsaz işlərini X10 görmüşlər. X1 mərhum atası X11 2016-cı ildə vəfat etmişdir və vəfat etdiyi günədək də həmin evdə yaşamışdır. Bu barədə müvafiq akt bunu təsdiq edir. X12 ilə onun arasında 29 aprel 2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlandıqdan və həmin əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 11 may 2021-ci il tarixli çıxarış aldıqdan sonra cavabdeh Tovuz Rayon Mənzil İstismar sahəsi ilə digər Cavabdeh2 cinayət əlaqələri yaranaraq özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə əhəmiyyətli ziyan vura biləcək hərəkətləri etmək, şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi cinayətini törətmişlər. Belə ki, şəxsi vəsaiti hesabına X4 aldığı əmlakı Tovuz Rayon Mənzil İstismar Sahəsi 23 oktyabr 2008-ci il tarixli saxta kirayə müqaviləsi və 26 oktyabr 2021-ci il tarixli 322 saylı Forma 2 arayışı əsasında rüşvət vermə, rüşvət alma yolu ilə Cavabdeh2 adına rəsmiləşdirərək özgəninkiləşdirmişdir. Kirayə müqaviləsinin bağlanılma tarixi 23 oktyabr 2008-ci il göstərilsə də müqavilədə olan möhür Tovuz rayon Mənzil İstismar Sahəsinin 2012-ci ildən sonra tanınan möhürüdür. Belə ki, 2012-ci ilədək Tovuz Mənzil İstismar Sahəsinin möhüründə həm Azərbaycan dilində, həm də Rus dilində «Tovuz Mənzil İstismar Sahəsi» sözü yazılırdı, 2012-ci ildən sonra olan möhürdə isə yalnız Azərbaycan dilində «Tovuz Rayon İcra Hakimiyyəti Tovuz Mənzil İstismar Sahəsi» sözü yazılır. Göründüyü kimi 23 oktyabr 2008-ci il tarixli kirayə müqaviləsi və həmin müqavilənin təsdiqi kimi üzərinə vurulmuş möhür saxtadır. Həmin kirayə müqaviləsi X12 ilə onun arasında 29 aprel 2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan və həmin əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 11 may 2021-ci il tarixli çıxarış alındıqdan sonra tərtib edilmiş, həmin dövrdə də 2008-ci ildə tətbiq olunan möhür əllərində olmadığından məcburən 2012-ci ildən sonra tətbiq edilən möhürdən istifadə edilmişdir. Bununla da onun nağd pulunu verib qanuni əsaslarla aldığı əmlak əlindən alınaraq məhv edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə 31 avqust 2022-ci il tarixdə etdiyi müraciətinə cavab olaraq 26 sentyabr 2022-ci il tarixli **********07 saylı məktubla məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Həmçinin xx.xx.2023-cü ildə Tovuz rayon Mənzil İstismar Sahəsinə rəsmi müraciət etsə də, ona məhkəməyə müraciət etməli olması bildirilmişdir. Göründüyü kimi 23 oktyabr 2008-ci il tarixdən 03 noyabr 2021-ci il tarixə Cavabdeh2 tərəfindən cavabdeh Tovuz Rayon Mənzil İstismar Sahəsinə kirayə haqqı olaraq heç bir ödəniş edilməmişdir. Kirayə haqqının ödənilməsini təsdiq edəcək heç bir ədəd belə olsun ödəniş qəbzi mövcud deyildir. Bu hal da 23 oktyabr 2008-ci il tarixli kirayə müqaviləsinin formal və saxta olmasını bir daha sübut edir. Bundan başqa qanunvericiliyin tələb və prinsiplərinə görə vətəndaş işlədiyi müəssisədən əvəzini ödəmədən yalnız bir dəfə əmlak payı ala bilər. Cavabdeh2 da keçmiş DTİ və MHQİ mənzil fondunun özəlləşdirən komissiyasının 15 mart 2002-ci il tarixli 5 saylı qərarı əsasında 1-ci kitabın 25-ci səhifəsində qeyd olunmuş 98 nömrəli qeydi əsasında həmin əmlak payını Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən almış və həmin əmlak payı olaraq aldığı əmlakı da Tovuz Rayon Dövlət Notariat Kontorunun xx.xx.2003cü il tarixli 4 Əİ-114 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X3, X19 da 02 iyun 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Saxtakarlıq, rüşvət alma, rüşvət vermə o qədər güclü olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 31 may 2023-cü il tarixli 3-21- 3-37/2-4183/2023 saylı məktubundan da aydın görünür ki, həmin qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədlər və mənzilin hansı təşkilatın balansında olması barədə 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində məlumat yoxdur. Yəni həmin sənədlər ya bilərəkdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən, ya da Cavabdeh2 tərəfindən Tovuz Mənzil İstismar Sahəsi ilə əlbir olub yoxa çıxarılmışdır. Deməli, qeyd olunan qeydiyyat vəsiqəsi və onun tərəfindən məhkəmələrdə mübahisələndirilən çıxarış saxta və kökü olmayan sənədlər əsasında cinayət yolu ilə hazırlatdırılmışdır. Cavabdeh2 əmlak payı olaraq bir dəfə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən aldığı əmlakı, yəni ünvan 3 ünvanında 1 nömrəli mənzili X3, sonradan Tovuz Mənzil İstismar Sahəsi ilə birlikdə əvvəlcədən sövdələşərək saxtalaşdırmaq yolu ilə yenidən ona əmlak payı verilməsi adı ilə ikinci dəfə ilk dəfə əmlak payı alırmış kimi Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən ikinci dəfə əmlak payı almış, ikinci dəfə aldığı həmin əmlak isə dövlət tərəfindən inşa edilməyən, yəni mərhum X6 şəxsi vəsaiti hesabına inşa etdirdiyi onun istifadəsində, sahibliyində və sərəncamında olmuş və şəxsi vəsaiti hesabına qanuni əsaslarla satın aldığı ünvan 5 ünvanında yerləşən 1 nömrəli mənzildir. Həmin mənzilə dair hazırda mübahisələndirdiyi 23 oktyabr 2008-ci il tarixli kirayə müqaviləsi əsasında 03 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı almışdır. Digər tərəfdən Azərbaycan Dövlət Dəmir Yollarına məxsus olan binaların Tovuz Rayon İcra Hakimiyyətinə təhvil verilməsi barədə aktda qeyd edilmişdir ki, guya Cavabdeh2 verilmiş mənzil 1886-cı ildə dövlət tərəfindən (Sovet hökuməti tərəfindən) inşa edilmişdir. Əslində isə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44.8 kv.metr olan, o cümlədən yaşayış sahəsi 20 kv.metr, köməkçi sahəsi 24,8 kv.metr (15.40 kv.metr və 9,40 kv.metr) 3 (üç) otaqlı yaşayış evinin tikintisinə 1991-ci ildə başlanılmış və tikinti işləri 1995-ci ildə başa çatdırılmışdır. Həmin tikilinin hörgü işləri 1991- 1992-ci illərdə aparılmış, qeyd olunan tikilinin 1994-cü ildə dam örtüyü işlərini X5, 1995-ci ildə suvaq, rəngsaz işlərini X10 görmüşlər və X1 mərhum atası X11 2016-cı ildə vəfat etmişdir və vəfat etdiyi günədək də həmin evdə yaşamışdır. Bu barədə müvafiq akt da mövcuddur və iddia ərizəsinə əlavə edir. Bu qeyd etdiyi xüsusatı, faktı təsdiq etmək üçün müvafiq ekspertiza təyin edilərək, Cavabdeh2 keçmiş DTİ və MHQİ mənzil fondunun özəlləşdirən komissiyasının 15 mart 2002-ci il tarixli 5 saylı qərarı əsasında 1-ci kitabın 25ci səhifəsində qeyd olunmuş 98 nömrəli qeydi əsasında əvəzini ödəmədən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən ilk dəfə amlak payı olaraq alıb X16 29 sentyabr 2003-cü il tarixli 4ƏT-114 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında satdığı, 02 iyun 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X16 məxsus olan evin və rəsmi dövlət qeydiyyatından keçmədiyindən alqı-satqı zamanı X9 dəyəri onun tərəfindən ödənilməklə satılmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.metr olan, o cümlədən yaşayış sahəsi 20 kv.metr, köməkçi sahəsi 24,8 kv.metr (15,40 kv.metr və 9,40 kv.metr) 3 (üç) otaqlı yaşayış evinin nə vaxt inşa edilməsini müəyyən etmək olar. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müfdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mülki iş üzrə ekspertiza təyin edilməsinə zərurət vardır. Ekspert rəyindən sonra bütün həqiqət aşkara çıxacaqdır. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (arvadı) X8 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı tərəfindən Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ev 56 ünvanında yerləşən mənzil alqı-satqı üzrə X4 alınmışdır. Müqavilə predmeti ümumi sahəsi 41,10 kv.m. olan yaşayış sahəsi olmuşdur. Yəni torpaq sahəsi və ərinə məxsus mənzil alqı-satqı predmeti olmamışdır. X14 mərhum qaynının övladlığı olmuşdur. İddiaçı onun tüfeyli həyat tərzi keçirməsindən istifadə edərək əmlakı almışdır. Hazırda isə iddiaçı mülkiyyət hüququ üzrə onun ərinə məxsus yaşayış sahəsini də qanunsuz yolla mənimsəmək istəyir. İddiaçının hər hansı hüququ yoxdur ki, bu iddianı qaldırsın. Aralarında dəfələrlə məhkəmə çəkişməsi olmuş və iddiaçı daim məhkəmələrdə uduzmuşdur. Onlar tərəfindən daim kirayə haqqı ödənilmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə, gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Daşınmaz əmlakın alqı-satqısı barədə AN İ ******* saylı müqavilədən görünür ki, satıcı X12 tərəfindən Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ev 56 ünvanında yerləşən ümumi sahəsi 41,10 kv.m. olan mənzil 3000 manat müqabilində alıcı İddiaçı satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ev 56 ünvanında yerləşən ümumi sahəsi 41,1 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Tovuz rayon Mənzil İstismar Sahəsinin rəisi ilə Cavabdeh2 arasında 23 oktyabr 2008ci il tarixdə bağlanmış kirayə müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.m. olan bir otaqlı mənzil sonuncuya kirayə haqqı ödəməsi müqabilində kirayəyə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)- 362 nömrəli qərardadından görünür ki, İddiaçı iddia ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-480/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun (həm maşın, həm piyada üçün nəzərdə tutulan yol) açılmasına və həmin yolda tikilən qanunsuz tikilinin Cavabdeh2 vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2073/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-108/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-108/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edimiş və iş üzrə icraata xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kirayə müqaviləsinin etibarsızlığı ilə bağlı yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyəti, mülkiyyət hüququ və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsasları və həyata keçirilməsi qaydası mülki qanunvericiliklə müəyyənləşdirilir. Həmçinin müqavilə və digər öhdəlik münasibətlərinin, habelə sair əmlak münasibətlərinin və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərinin tənzimlənməsi mülki qanunvericiliklə həyata keçirilir. Mülki qanunvericilik bu vəzifələri həyata keçirərkən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsini əsas prinsiplər kimi müəyyən edir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 2.2 və 6-cı maddələri). Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən olunmuşdur. Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İş materialları ilə müəyyən olunur ki, Tovuz rayon Mənzil İstistmar Sahəsi ilə Cavabdeh2 arasında 23 oktyabr 2008-ci il tarixdə bağlanmış kirayə müqaviləsi üzrə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.m. olan bir otaqlı mənzil sonuncuya kirayə haqqı müqabilində kirayəyə verilmişdir. Daha sonra Cavabdeh2 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.m. olan mənzil üzərində mülkiyyət hüquqları hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə rəsmiləşdirilmişdir. Mülki Məcəllənin 675-ci maddəsinə görə Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır (Mülki Məcəllənin 684.1 və 684.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, İddiaçı tərəfindən cavabdehlər arasında bağlanmış kirayə müqaviləsinin etibarsız sayılmasını tələb etməsi üçün ilk növbədə kirayə müqaviləsinin onun hər hansı hüquq və maraqlarına toxunması gərəklidir. Məhz bundan sonra iddiaçı müvafiq subyektiv hüququ sahib olmuş olacaqdır. İşin halları bu yöndə təhlil edilən zaman aşkar olur ki, daşınmaz əmlakın alqı-satqısı barədə AN İ ******* saylı müqavilə üzrə satıcı X12 tərəfindən Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ev 56 ünvanında yerləşən ümumi sahəsi 41,10 kv.m. olan mənzil 3000 manat müqabilində alıcı İddiaçı satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında isə həmin əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İddiaçı mübahisələndirdiyi kirayə müqaviləsinin predmeti olan əmlakın da ona satılmasını iddia etsə də, özünün təqdim edtiyi alqı-satqı müqaviləsindən aydın olur ki, mübahisələndirilən əmlak alqı-satqının predmeti olmamışdır. Yəni iddiaçının cavabdehin mülkiyyətində olan mənzilə dair hər hansı hüquqi və ya faktiki əlaqəsi yoxdur ki, hazırki iddianı qaldırmağa subyektiv hüququ olsun. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, iddia tələbi təmin edilməməlidir. İddiaçının ekspertiza keçirilməsinə dair vəsatətini məhkəmə təmin etməyə zərurət görməmişdir. Çünki, onun iddia tələbi üzrə subyektiv hüquqa malik olması müəyyən ediləcəyi halda ekspertiza təyin edilməsi işin obyektiv həlli üçün əhəmiyyətli olardı. Mövcud durumda buna lüzum yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da göstərir ki, hazırki mülki iş üzrə proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxmadığı üçün xüsusi qərardad çıxarılmasına zərurət yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Tovuz rayon Mənzil İstismar Sahəsinə və Cavabdeh2 qarşı «kirayə müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2231/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2231/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver