Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2247/2023 28.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı və cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin nümayəndələri tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Tovuz rayonu Böyük Qışlaq kəndində yaşayır və yaşayış yerinə elektrik enerjisindən istifadə etmək üçün elektrik sayğacı quraşdırılmışdır. Həmin sayğac mərhum anası X1 adına sənədləşdirilmişdir. Hazırda həmin sayğacdan o istifadə edir. Anası 18 oktyabr 2018-ci ildə vəfat etmişdir. Onun ərizəsinə əsasən, sayğaca baxış keçirilmiş, sayğacın göstəriciləri oxunmadığından 15 aprel 2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğac sökülüb aparılmışdır. Həmçinin təşkilatın əməkdaşları tərəfindən ona 462,32 manat borc yazılmışdır. Elektrik sayğacı dəyişdirilən zaman yeni sayğac quraşdırılmış və 15 aprel 2023-cü il tarixdə akt tərtib edilmiş və həmin akta əsasən borc yazılmışdır. Hesab edir ki, həmin akt əsassız tərtib edilmiş və əsassız borc yazılmışdır. Bu səbəbdən əsassız yazılmış 462,32 manat borc silinməlidir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, toplanmış sənədlərlə təsdiq olunur ki, "xxxx" ASCnin təsis etdiyi “Qərb” X6 və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X4 əməkdaşları tərəfindən 15 aprel 2023-cü il tarixdə iddiaçının iştirakı ilə ailəsinin yaşayış evi üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “sayğaca müdaxilə edilmişdir, belə ki, sayğacın üst A möhürünə və hesablama mexanizminin rəqəmlərinə müdaxilə olunmuşdur. Qüsur faktı aşkar edilmişdir. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşlar tərəfindən iddiaçı barəsində akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya cəmi dəyəri 432 manat təşkil edən itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Odur ki, akt əsaslı tərtib edilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə olunan 15 aprel 2023-cü il tarixli 400960 saylı aktın surətindən görünür ki, abonent Qaratel Hüseynovaya məxsus olan, Tovuz rayonu Böyük Qışlaq kəndində yerləşən evdə elektrik sayğacına baxış zamanı sayğacın ekranının oxunmaması müəyyən edilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 18 oktyabr 2018-ci ildə kəskin tənəffüs çatışmazlığı səbəbindən ölmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçı tərəfindən istifadə edilən sayğacda nöqsan aşkar edildiyi üçün həmin sayğac sökülərək yenisi ilə əvəz edilmişdir. Köhnə sayğacda nöqsanlar aşkar edildiyindən laboratoriya şəraitində baxış keçirilməsi qərara alınmışdır. Laboratoriya şəraitində baxış keçirildikdən sonra nöqsanlar yazılmaqla iddiaçıya itirilmiş enerjiyə görə borc yazılmışdır. Həmçinin abonentin saldosundan görünür ki, o mütəmadi olaraq hər bir ay üçün sayğacın göstərişinə uyğun olaraq ödənişlər etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, abonent mütəmadi olaraq elektrik enerjisindən istifadə etmiş və sayğacın göstərişinə uyğun olaraq ödənişlər etmişdir. Bu hal onu deməyə əsas verir ki, abonent işlətdiyi enerjiyə görə borcunu ödəmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının iştirakı olmadan sayğac sökülərək yenisi ilə əvəz edilmişdirsə, deməli sayğac çöl şəraitindədir, bunu həmçinin iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillər də sübut edir və onda aşkar edilmiş nöqsana görə abonent olan iddiaçı deyil, enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. Belə olan halda hər hansı bir nöqsandan söhbət gedə bilməz. Belə olan halda məhkəmə borcun əsassız hesablanması qənaətinə gəlir. Eyni zamanda məhkəmə sayğacın göstəricisi əsasında olan borcu müzakirə etmir və hesab edir ki, sayğac əsasında hesablanmış borcun ödənilməsi istehlakçının vəzifəsidir. Məhkəmə həmin borcu əvvəlki ilin eyni dövrünə uyğun olaraq hər ay üçün 17 manat məbləğində, cəmi 51 manat məbləğində müəyyən edir. Ona görə də 15 aprel 2023-cü il tarixli 400960 saylı akt əsasında yazılmış 462,32 manat borcun 412,32 manatı silinməlidir. İddiada göstərilən qalan 51 manat borc isə debitor borc olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Elektrik enerjisindən istifadə qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarının 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə -pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisinin sərfini müəyyənləşdirmək üçün ayrıca elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qərarın 7.10-cu bəndinə əsasən, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qərarın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi elektrik paylayıcısı yəni cavabdeh birlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, elektrik sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri mümkün edir. Lakin abonentin saldosundan və ödədiyi məbləğlərdən görünür ki, onun köhnə dövr üçün borcu 51 manat təşkil edir. Ona görə də göstərilən dövr üçün olan borc 51 manat saxlanılmaqla borcun qalan 412,32 manat hissəsi silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya yazılmış akt əsasında hesablanmış borc qismən silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarının habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli,hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçının adına tərtib olunmuş akt əsasında yazılmış 412,32 manat borc silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 15 aprel 2023-cü il tarixli 400960 saylı akta əsasən İddiaçı hesablanmış borcun 412,32 manat hissəsi silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2247/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2247/2023
28.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver