Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2393/2025 11.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “miras payların müəyyən olunması” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən X1ndan miras qalmış 0,08 ha torpaq sahəsindən onun və qızı Mələyin qanun üzrə paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İlkin iddia ərizəsində göstərilmişdir ki, X9 ilə 2016-cı il tarixdə evlənmişlər. Nikahları xx.xx.2019-cu il tarixdə rəsmi qaydada qeydə alınmışdır. Onunla birgə nikahdan xx.xx.2017-ci il tarixdə Mələk adlı övladı olmuşdur. X18 xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Tovuz Rayonu Dönük Qırıqlı kəndində 0,08 ha torpaq sahəsi Emin Ələsgərovun adına qeydə alınmışdır. O, Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə miras mülkə dair şəhadətnamə almaq üçün rəsmi ərizə ilə müraciət etmişdir. Mirasla bağlı cavabdehlə onun arasında mübahisə olduğundan ona vərəsəlik hüququna dair şəhadətnamə veriməsindən imtina edilmişdir. İddia ərizəsinə etirazın əsaslandırıldığı hallar İddia ərizəsinə etirazda göstərilmişdir ki, 2020-ci il 8 iyul tarixində cavabdehin övladı şəhid olmuşdur. X3 2024-cü ildə vəfat etmişdir. Oğlundan miras qalmış torpaq sahəsini anası və atası qəbul etmişdir. İddiaçı isə ərinin ölümündən əvvəl anasının yanına qayıtmışdır. Əri oğlunun ölümündən sonra mirası qəbul etmiş və həmin mirasdan ona çatası pay da anasına çatmışdır. Belə olan halda mirasdan anasının payı vardır. Oğlundan miras qalmış mülkü iddiaçı qəbul etməmişdir. İddiaçı gələcəkdə həmin torpaq sahəsini satmaq istəyir və o, buna razı deyildir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etmiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisindən İddiaçı ünvanlanmış 11 iyun 2025-ci il tarixli 2469 nömrəli məktubdan görünür ki, X6 vərəsələri arasında mübahisə olduğu üçün miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün edilən müraciəti rəsmiləşdirmək mümkün olmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********036 olan çıxarışdan görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X7 məxsusdur. Tovuz regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ № 090337 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli AZ-İV № 274335 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. X2, anası İddiaçı göstərilmişdir. Tovuz rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 350580 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 və İddiaçı nikahı haqqında xx.xx.2019-cu il tarixdə 556 nömrəli akt qeydi tərtib edilmişdir. 008385 və 008384 nömrəli “şəhid ailəsi üzvünün vəsiqəsi”nə əsasən əsasən müvafiq olaraq X11 və İddiaçı şəhid ailəsi kimi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən eidlmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
Məhkəmənin mövqeyi Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Məhkəmə müəyyən etmişdir ki, - miras qoyan X9 07 iyul 2020-ci il tarixdə ölmüşdür; - X9 tərəfindən vəsiyyətnamə tərtib edilməmişdir; - X6 ölümündən sonra onun birinci növbəli vərəsələri arvadı İddiaçı, övladı X11, anası Cavabdeh və miras açılarkən sağ olmuş atası X8 olmuşdur; - X1 vəfat etdikdən sonra xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş xüsusi mülkiyyətdə olan Tovuz rayonunun Dönük Qırıqlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi X1ndan miras qalmışdır; Beləliklə, 4 nəfər şəxs - miras qoyan X6 arvadı İddiaçı, övladı X11, anası Cavabdeh və miras açılarkən sağ olmuş atası X8 birinci növbəli vərəsə kimi miras qalmış əmlakda bərabər pay hüququna malikdirlər. İş materiallarından görünür ki, X9 və İddiaçı nikahı xx.xx.2019-cu il tarixdə, yəni torpaq sahəsinə X9 mülkiyyət hüququ əldə etdikdən (xx.xx.2019-cu il) sonra rəsmiləşdirilmişdir. Buna görə də həmin torpaq sahəsi ər-arvadın birgə mülkiyyətinə aid deyildir. Cavabdeh etirazında iddiaçı tərəfindən mirasın qəbul edilmədiyini, mirasın yalnız onun özü və əri, yəni miras qoyanın valideynləri tərəfindən qəbul edildiyini bildirsə də buna dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı və övladının miras qoyanın şəhid olmasından sonra şəhid ailəsinin üzvü kimi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etməyə başlamasını miras əmlakı faktiki qəbul etməsini göstərən hal kimi nəzərə alır. Bu baxımdan miras əmlak - xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş reyestr nömrəsi **********036 olan Tovuz rayonunun Dönük Qırıqlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi qanun üzrə birinci növbəli vərəsələr arasında bərabər bölünməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş reyestr nömrəsi **********036 olan Tovuz rayonunun Dönük Qırıqlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi ¼ hissəsində İddiaçı, ¼ hissəsində X10, ¼ hissəsində Cavabdeh və ¼ hissəsində X5 payı müəyyən edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Süleyman Hacıyev