Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2541/2024 16.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrisinin cavabdehlər Cavabdeh1 və qeyrisinə, üçüncü şəxslər X12 Xidmət Mərkəzi Notariat Ofisinə və qeyrisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs X12 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin adına verilmiş xx.xx.2012-ci il tarixli, 2V-3 -2026 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların hər biri X6 ilə Cavabdeh1 birgə nikahlarından doğulmuşlar. Ataları xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra miras əmlak olaraq ünvan 1 ünvanında yaşayan ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evi qalmışdır. Hazırda həmin evdə cavabdehlər yaşayır. Atasının ölümü zamanı bütün dəfn xərcini onlar çəkmiş və miras əmlakın qorunub saxlanılmasında iştirak etmişlər. Yaxın günlərdə cavabdehlərə müraciət edərək mərhum atalarından miras qalmış torpaq sahəsində ev tikdirmək niyyətlərinin olmasını bildirmişlər. Bu zaman onlara məlum olmuşdur ki, miras əmlaka dair cavabdehlər vərəsəlik hüququ haqqında şəhadətnamə almış və əmlakı daşınmaz əmlakın dövlət reyestrində öz adlarına qeydə aldırmışlar. Halbuki, miras əmlak onlar tərəfindən də faktik olaraq qəbul edilmişdir. Həmçinin miras əmlakdan imtina etməmişlər. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1869 saylı arayışdan görünür ki, X6 ilə X3 xx.xx.1964-cü ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. Nikahdan sonra arvada «Məmmədova» soyadı verilmişdir. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1755 saylı arayışdan görünür ki, X6 xx.xx.1987-ci ildə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1753 və 1754 saylı arayışlardan görünür ki, İddiaçı2 xx.xx.1957-ci il tarixdə, X4 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. X1, anaları isə X2r. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli, 2V-3-2026 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1 və oğlu Cavabdeh2dur. Miras əmlak isə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evindən və tikililərdən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0965 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" ASC-yə məxsusdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan müvafiq olaraq 2000ci ildən əvvəl vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Hazırda iddiaçılar yalnız vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirir və məhkəmə tərəfindən onlara hazırlıq iclasında tələbin dəqiqləşdirilməsi təklif edilib miras əmlakdan payların müəyyən edilməsinin də xahiş edilməli olması bildirilsə də, onlar iddia tələbində dəqiqləşmə aparmamış, məhz verdikləri iddia tələbi üzrə işə baxılmasını xahiş etmişlər. Məhkəmə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq verilən tələb üzrə iddiaya baxmağa davam etmişdir. Lakin bu zaman məhkəmə tərəfindən işin zahiri mənzərəsi adlanaraq daha dərinə nəzər salınması zəruri hesab edilmişdir. Bu aspektdən miras əmlakın mövcud olubolmaması üzrə daşınmaz əmlakın dövlət reyestri xidmətinə soğru verilmişdir. Alınmış cavab məktubu üzrə müəyyən edilmişdir ki, tərəflərin mərhum atasından miras qalmış ünvan 3 ünvanında yerləşən 0,0965 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" ASC-yə məxsusdur. Buna əsas isə cavabdehlər ilə bank arasında yaranmış ipoteka münasibətləri üzrə qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-498 saylı icra vərəqəsi olmuşdur. Yəni miras əmlak cavabdehlər tərəfindən ipoteka ilə "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş, lakin onlar müqavilə öhdəliklərini tam icra etmədiyi üçün ipotekasaxlayan məhkəmə müdafiəsi hüququndan istifadə etməklə pozulmuş hüquqlarını bərpa etmişdir. Nəticədə isə ipoteka predmeti olan əmlak bankın mülkiyyətinə keçmişdir. Bütün sadalananları sistemli təhlil edən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən miras əmlak artıq mövcud olmadığından, yəni, qanuni əsaslarla bankın mülkiyyətinə keçdiyindən mövcud durumda iddianın təmin edilməsindən söhbət gedə bilməz. Çünki hazırki iddianı qaldırmaqda iddiaçıların məqsədi miras əmlakdan pay almaqdan ibarətdir. Yəni ilkin mərhələ kimi vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, daha sonra isə miras əmlakdan paylar müəyyən edilməlidir. Lakin miras əmlakın mövcud olmaması hazırki iddianın təmin edilməsi halını istisna edir. Yəni iddianın təmin edilməsi iddiaçılara miras əmlakdan payın verilməsi halına gətirib çıxarmayacaqdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçıların özləri də bu durumdan xəbərdar olduqları üçün çaşqınlıq yaratmaq üçün yalnız vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvini xahiş etmişlər ki, məhkəmə araşdırması şəhadətnamənin ləğvi üzrə məhdudlaşsın. Hansı ki, cavabdeh tərəf də iddianı qəbul etmişdir. Lakin bu etiraf başqa şəxslərin hüququnu pozduğu üçün məhkəmə tərəfindən qəbul edilməmişdir. Bir sözlə iddiaçı tərəf hüquqdan sui-istifadə etməyə çalışmışdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (Mülki Məcəllənin 560.1-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələbinə müvafiq olaraq iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçılar İddiaçı1 və qeyrisinin cavabdehlər Cavabdeh1 və qeyrisinə, üçüncü şəxslər X12 Xidmət Mərkəzi Notariat Ofisinə və qeyrisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2541/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2541/2024
16.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver