Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2598/2024 04.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək 8000 manat kompensasiya verilməklə cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev xx.xx.1987ci ildən onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair 614 nömrəli qeydiyyat vəsiqəsi mövcuddur. Cavabdehlərdən Cavabdeh1 onun keçmiş arvadı, Cavabdeh2 isə qızıdır. Cavabdeh1 aralarında olan narazılığa görə ayrılmışlar. Nikahları Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin tarixdən cavabdehlər Bakı şəhərində yaşamışlar və mənzil onun sahibliyində olmuşdur. Son dövrdə qızı Fəridə Tovuza gəlib bir müddət qalmaq istədiyini bildirərək mənzilin açarlarını ondan istəmişdir. Qızı ilə razılaşıb mülkiyyətində olan mənzilin açarını ona vermişdir. Sonradan məlum olmuşdur ki, qızı və keçmiş arvadı həmin mənzildə yaşamağa başlamışdır. Özü də gedib orada yaşamaq istəmiş, lakin bunun mümkün olmadığını görmüşdür. Belə ki, cavabdehlər onun barəsində Daxili İşlər Nazirliyi 102 xidmətinə əsassız müraciətlər edirlər. Yəni cavabdehlər ilə bir yerdə yaşamaları mümkün deyildir. Cavabdehlərə mənzili satıb paylarını verməyi tıklif etsə də, onlar mənzildən onun hər hansı payının olmadığını bildirmişlər. Halbuki, mənzil onun mülkiyyətindədir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq ərizə təqdim edib göstərdi ki, kompensasiya məbləğinin 15000 manat məbləğində müəyyən edilməsinə razıdır. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********62-05101-093036 olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Nikahın pozulması haqqında AZ İ 249800 nömrəli şəhadətnamənin surətindən görünür ki, X1 ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Daşınmaz əmlakın qiymətləndirilməsinə dair arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m olan mənzilin bazar dəyəri 62000 manat təşkil edir. Tovuz rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55 saylı arayışdan görünür ki, Tovuz şəhəri ərazisində üç otaqlı mənzillərin aylıq kirayə haqqı mənzilin təmir vəziyyətinə uyğun olaraq 200-250 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ olan şəxslərə mülkiyyətçi tərəfindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda göstərilən müddəaları əsasında həll olunmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli əmlak üzrə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərə kompensasiya verilməsi ilə onların evdən istifadə hüquqlarına xitam verilməsinə nail olmaq istəyir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsidir. Həmin maddədə deyilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu normanın məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur. Qeyd olunan qərarlardan biri olan «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adı çəkilən Qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Eyni zamanda bir cəhəti nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün bir mənalı olaraq yol açır. Göründüyü kimi, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, bu meyarlar kimi mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi 15.000 manat məbləğdə kompensasiya cavabdehlərə davamlı surətdə başqa yerdə əvvəlki evdə olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Bu baxımdan «müəyyən müddət daxilində» ifadəsinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, «müəyyən müddət daxilində» anlayışı onu tələb edir ki, istifadə hüququna xitam verilən cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin edə bilsin və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olsun. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsinə malik olmaması faktiki olaraq həmin şəxsin yaşayış sahəsindən istifadə hüquqlarının pozulması ilə nəticələnir. Nəzərə alınsa ki, mübahisəli mənzilin dəyəri 62.000 manatdır. Həmin mənzilə oxşar mənzillərin Tovuz şəhəri üzrə isə kirayə haqları 200-250 manat təşkil edir. Bu zaman təklif edilən komepnsasiya məbləği cavabdehlərin uzun müddət oxşar mənzillər ilə özlərinin yaşayışını davam etdirmək imkanının olması barədə nəticəyə gəlməyə əsas verir. Odur ki, iddiaçının cavabdehlərin evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün 15.000 manat məbləğində kompensasiya təklifi yetərlilik baxımından əsaslı və ədalətli hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan mənzilə sahiblik və ondan istifadə etməkdə sərbəst olduğundan, habelə, cavabdehlərə təklif edilən kompensasiya məbləği ədalətli hesab edildiyindən iddiaçının pozulmuş mülkiyyət hüququnun bərpa və müdafiəsinin təmin edilməsi baxımından cavabdehlərin əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılması qanuni və ədalətli olar. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15.000 manat həddində kompensasiya məbləği verilməklə onların İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməli və cavabdehlər əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Сavabdehlər Cavabdeh1 və Cavabdeh2 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə onların İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin. Kompensasiya məbləği olaraq 15.000 (on beş min) manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh1 və Cavabdeh2 verilsin. İddiaçı tərəfindən 15.000 (on beş min) manat məbləğində kompensasiya cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənildikdən sonra onlar əşyaları ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2598/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2598/2024
04.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver