Məhkəmə qərarları › İş №2(062)-262/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-262/2023

20.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-262/2023 20.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkil) X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı «girov müqaviləsinin etibarsız sayılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «Qarant Kredit» təşkilatına və mütəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı «girov müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabadeh Lombard Qarant Kredit Tovuz 1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, KL/021557 nömrəli kredit və girov müqaviləsinin etibarsız hesab edilməsi, 45,50 qram çəkisi olan 1 ədəd boyunbağı, 15,50 qram çəkisi olan «Versaçi» qızıl komplekt dəstinin cavabdehdən alınaraq ona qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor-girov saxlayan “Qarant Kredit” (VÖEN: **********) istifadəçisi qismində kreditor-girov saxlayan Cavabdeh1 ilə onun adından xx.xx.2021-ci il tarixdə KL/021557 nömrəli müqavilə bağlanılaraq müliyyətində olan qızılzinət əşyaları qanunsuz olaraq girova götütülmüşdür. Belə ki, qohumu X4 borc müqaviləsi bağlamaqla müəyyən müddət ərzində hissə-hissə qrafik üzrə qaytarılması şərti ilə “Qarant Kredit” təşkilatına pul krediti üçün müraciət etmişdir. “Qarant Kredit” təşkilatı isə qızıl zinət əşyalarının həmin zaman faktiki olaraq Bəxtiyar Məmmədovda olduğu və maddi maraq güddüklərinə görə zamin duran şəxsin hüquq və vəzifələrini ona izah etmədən mülkiyyətində olan qızıl zinət əşyalarını ondan xəbərsiz saxta kredit və girov müqaviləsinə əsasən onun adından imza atdırmaqla girov saxlayaraq ona kredit vermişdir. X1 geri istədikdə bu müqavilə ona təqdim edilmiş, müqavilənin şərtləri və məzmunu ilə tanış olduqda isə imzanın ona məxsus olmaması məlum olmuşdur. Bəxtiyar Məmmədovdan nəyə görə ondan xəbərsiz əşyalarını girov qoymasını aydınlaşdırdıqda sonuncunun sözlərindən bu müqavilənin müvəqqəti xarakter daşıması və iş yerindən arayış təqdim edərkən qızılların ona təqdim ediləcəyi anlaşılmışdır. Məlum olduğu kimi cavabdeh qızılların ona məxsus olduğunu bilərək ona görə də müqavilədə onun ad və soyadını göstərmiş, lakin müqaviləni buna səlahiyyətli olan şəxslə, yəni qızıl-zinət əşyalarının mülkiyyətçisi sahibi kimi onunla müqavilə bağlayaraq imzalatdırmamışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh «Qarant Kredit» təşkilatının əsl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə gedişatı zamanı aşkar edilmişdir ki, «Qarant Kredit» təşkilatı adlı bir qurum mövcud deyildir. Müqavilədə qeyd olunan VÖEN müqavilədə adıçəkilən Cavabdeh1 məxsusdur. Bundan başqa müqavilə özünü «Qarant Kredit»in direktoru kimi təqdim edən Cavabdeh2 tərəfindən imzalanmışdır. Ona görə də cavabdehin əsl cavabdehlər ilə əvəz olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkil) X6 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, iş üzrə alınmış məhkəmə xəttşünaslıq ekspertizasının rəyi ilə təsdiq edilmişdir ki, mübahisələndirilən müqavilədə imza hüquqlarını müdafiə etdiyi şəxsə məxsus deyildir. Belə olan halda həmin şəxsin müqavilə üzrə tərəf kimi qiymətləndirilməsi düzgün deyildir. Çünki müqavilə onun tərəfindən imza edilməmişdir ki, gələcəkdə də müqavilə üzrə hər hansı məsuliyyət daşısın. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddia tələbi ilə bağlı göstərmişdir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, KL/021557 nömrəli kredit və girov müqaviləsi imzalatdırılması üçün X2 verilmişdir. Özü də onunla birlikdə İddiaçı yaşadığı evə getmişdir. Lakin özü içəri girməmiş və küçədə Bəxtiyar Məmmədovu gözləmişdir. Bir müddət sonra Bəxtiyar Məmmədov evdən küçəyə çıxmış və mübahisələndirilən müqavilənin İddiaçı tərəfindən imzalanmasını ona bildirmişdir. O da, müqaviləyə baxaraq həqiqətən də müqavilədə, habelə digər sənədlərdə imza olmasını görmüşdür. Lakin heç bir zaman düşünməmişdir ki, Bəxtiyar Məmmədov onları aldatsın. Kredit müqaviləsi üzrə pul da məhz həmin şəxsə verilmişdir. X3 tərəfindən edilmişdir və onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçını məhkəmə iclasında nümayəndəsi təmsil etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kreditor-girov saxlayan Cavabdeh1, direktor Cavabdeh2 ilə borclu-girov qoyan İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KL/021557 saylı müqavilədən görünür ki, kreditor-girov saxlayan tərəfindən borclu-girov qoyana illik 42 faiz olmaqla 18 ay müddətinə 4414 manat məbləğdə pul verilmişdir. Borc öhdəliyinin təminatı xx.xx.2021-ci il tarixli AC20255399 saylı zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 1297,5 ABŞ dolları qiymətləndirilən borclu-girov qoyanın mülkiyyətində olan qiymətli metaldır. Qiymətləndirmə aktından görünür ki, 583 əyarlı çəkisi 45,50 qram olan boyunbağının dəyəri 910 ABŞ dolları, 750 əyarlı çəkisi 15,50 qram olan komplektin dəyəri isə 388 ABŞ dollarıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekeprtizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/189 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 10-11-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli, KL/021557 nömrəli kredit (borc) və girov müqaviləsinin axırıncı vərəqində “İddiaçı” yazılarının aşağı hissəsindəki “imza” qrafasındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyəti, mülkiyyət hüququ və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsasları və həyata keçirilməsi qaydası mülki qanunvericiliklə müəyyənləşdirilir. Həmçinin müqavilə və digər öhdəlik münasibətlərinin, habelə sair əmlak münasibətlərinin və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərinin tənzimlənməsi mülki qanunvericiliklə həyata keçirilir. Mülki qanunvericilik bu vəzifələri həyata keçirərkən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsini əsas prinsiplər kimi müəyyən edir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 2.2 və 6-cı maddələri). Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən olunmuşdur. Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, KL/021557 nömrəli kredit və girov müqaviləsi kreditor-girov saxlayan Cavabdeh1, direktor Cavabdeh2 ilə borclu-girov qoyan İddiaçı arasında imzalanması üçün tərtib edilmişdir. Müqavilənin tərəflərin ünvanları, rekvizitləri və imzası qrafasında da borclu-girov qoyan kimi İddiaçı tərəfindən imza olunması qeyd olunmuşdur. Müqavilə əsasında borclu-girov qoyana məxsus 583 əyarlı çəkisi 45,50 qram olan boyunbağı və 750 əyarlı çəkisi 15,50 qram olan qızıl komplekt borc öhdəliyinin təminatı kimi girova qoyulmuşdur. Mülki Məcəllənin 269.1-ci maddəsində qeyd olunmuşdur ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. (Mülki Məcəllənin 269.2, 269.3 və 270.1-ci maddələri) Mülki Məcəllənin 302.1-ci maddəsində qeyd olunmuşdur ki, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, hazırda xx.xx.2021-ci il tarixli, KL/021557 nömrəli kredit və girov müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinin yaranması, habelə onların iradə ifadəsini əks etdirməsi üçün müqavilənin imzalanması vacib şərtdir. Məhz həmin andan müqavilə onlar arasında bağlanmış hesab oluna bilər. Çünki girov hüququ müqavilə üzrə əmələ gəlir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 406.2-ci maddəsinə görə əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə görə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi barədə dəlili ondan ibarətdir ki, müqavilədən İddiaçı məlumatı yoxdur. İmza ona məxsus deyildir. Qeyd olunan xüsusatın araşdırılması üçün məhkəmə tərəfindən xəttşünaslıq ekspertizası təyin edilmiş və alınmış xx.xx.2023-cü il tarixli, 4/189 nömrəli ekspert rəy ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 10-11-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli, KL/021557 nömrəli kredit (borc) və girov müqaviləsinin axırıncı vərəqində “İddiaçı” yazılarının aşağı hissəsindəki “imza” qrafasındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir və hesab edilir ki, rəy əsaslıdır. Ekspert gəldiyi nəticəni yetərincə əsaslandırmışdır. Eyni zamanda məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 da özü bir növ etiraf etmişdir ki, müqavilə İddiaçı tərəfindən şəxsən imzalanmamış və ona imza etdirilməsi üçün Bəxtiyar Məmmədova verilmişdir. Göründüyü kimi mübahisələndirilən müqavilə İddiaçı iradə ifadəsini əks etdirmir. Onun tərəfindən müqavilənin imza edilməməsi o deməkdir ki, ümumiyyətlə onun həmin müqavilədən məlumatı olmamışdır. Yalnız müqavilə artıq tərtib edildikdən sonra ona təqdim edilmişdir və məlumat tutan kimi məhkəməyə müraciət etmişdir. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir (“X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarı). Məhkəmə işin göstərilən hallarını yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymətləndirib, habelə Konstitusiya Məhkəməsinin müvafiq Qərarlarında əks olunmuş göstərişləri rəhbər tutmaqla hesab edir ki, mübahisələndirilən kredit-girov müqaviləsi iddiaçının iradə ifadəsini əks etdirmir. Müqavilədə olan imza ona məxsus deyildir. Bu isə müqavilənin onun tərəfindən bağlanılmaması nəticəsinsə gəlməyə kifayət qədər əsaslar olduğuna dəlalət edir. Ona görə də müqavilə etibarsız hesab edilməli və girov predmeti olan əmlaklar iddiaçıya geri qaytarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 125 manat pul vəsaiti Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli, KL/021557 saylı kredit (borc) və girov müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə əsasında girova qoyulmuş 583 əyarlı çəkisi 45,50 qram olan boyunbağı və 750 əyarlı çəkisi 15,50 qram olan qızıl komplekt cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. İş üzrə 125 (bir yüz iyirmi beş) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar