Məhkəmə qərarları › İş №2(062)-2731/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2731/2025

18.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2731/2025 18.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X12 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X12 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş və qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********54-101301 olan Tovuz rayonu Bozalqanlı kəndi İ.Bayramov küçəsi giriş 39-da yerləşən evə aid olan çıxarışın ləğv olunması, yenidən vərəsəlik üzrə onun və uşaqlarının paylarının müəyyən edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum əri X2 ilə xx.xx.1992-ci il tarixində el adəti qaydasında ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.1993-cü il tarixində X3, xx.xx.1994-cü il tarixdə X4, xx.xx.1999-cu il tarixdə X1 adlı uşaqları dünyaya gəlmişdir. Həyat yoldaşı X2 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Onlar evlənən zaman hazırda mübahisə olunan Tovuz rayonu Bozalqanlı kəndində yerləşən mərhum qaynanası və qaynatasına məxsus olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahlarından anadan olan uşaqları həmin evdə dünyaya gəlmişdirlər. O, gəlin köçdüyü gündən etibarən həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Hal-hazırda da həmin mübahisə olunan fərdi yaşayış evində oğlanları ilə birlikdə yaşamağa davam edir. Qaynı Cavabdeh1 ondan xəbərsiz, qanunsuz, icazəsiz olaraq faktiki olaraq ona məxsus olan fərdi yaşayış evinə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********54-101301, daşınmaz əmlakın ümumi sahəsi (kv.metrlə)82.90 olan Tovuz rayonu Bozalqanlı kəndi İ.Bayramov küçəsi giriş 39-da yerləşən evə çıxarış almışdır. Tərtib olunmuş həmin qeydiyyat tarixi xx.xx.2024-cü il qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********54-101301 olan Tovuz rayonu Bozalqanlı kəndi İ.Bayramov küçəsi giriş 39-da yerləşən evə aid olan çıxarış ləğv olunmalı, yenidən vərəsəlik üzrə payların müəyyən edilməlidir. Həmin evdə onun və uşaqlarının payı mövcuddur. Həyat yoldaşı həyatda olarkən həmin evdə yaşamış, təsərrüfatı birgə idarə etmişlər, uzun illərdir ki həmin sözügedən fərdi yaşayış evində yaşamışlar. Hesab edir ki, birinci dərəcəli vərəsə olduğu üçün onunda orada payı vardır. Baldızı Tovuz rayonu Abulbəyli kənd sakini X7 (FİN 4XGT76T) sözügedən mirasın tərkibinə daxil olan torpaq sahəsindən və yaşayış evindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsini müdafiə etdiyini bildirmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək mülki işin icraatına yolverilməzliyinə görə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X11 bildirmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Tovuz rayonu Aqrar İslahatı Komissiyasının 31 iyul 2000-ci il tarixli 07 nömrəli qərarı əsasında Cavabdeh1 ayrılmış torpaq sahəsi ilə bağlı JN 259 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. Buna görə də həmin iddia mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, icraata xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, reyestrdəki qeydiyyat inzibati akt, yəni JN 259 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında aparılmışdır. Həmin aktda qeyd edilmişdir ki, Tovuz rayonu Aqrar İslahatı Komissiyasının 31 iyul 2000-ci il tarixli 07 nömrəli qərarı ilə 0.30 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İddianın faktiki əsasını bu aktların qanunsuzluğu təşkil edir. Buna görə də bu işə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263- 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X12 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən bank vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar