Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2752/2025 30.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: Ərizəni nəzərdən keçirərkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, notariat kontoru tərəfindən vərəslik şəhadətnaməsinin verilməsindən ona görə imtina edilmişdir ki, digər vərəsələrin mərhumla qohumluq əlaqələrini təsdiq edən sənədlərdə uyğunsuzluq vardır. İddiaçı isə iddia ərizəsində həmin digər vərəsələrin kimlərdən ibarət olmasına dair dəlillərə toxunmayaraq, onu təsdiq edən sübutlarını da ərizəsinə əlavə etməmişdir. Notariat ofisinin imtinasından görünür ki, qohumluq münasibətini təsdiq edən sənədlərdə uyğunsuzluq vardır. Belə olan halda iddiaçı həmin uyğunsuzluğu aradan qaldırmaq əvəzinə vərəslərin dairəsini müəyyənləşdirmədən məhkəməyə müraciət etmişdir. Halbuki həmin uyğunsuzluq aradan qaldırıldığı halda iddiaçının hüquqi marağının notariat orqanında təmin olunması mümkündür. Belə ki, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151.1, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: Ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2752/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2752/2025
30.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver