Məhkəmə qərarları › İş №2(062)-2754/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2754/2024

02.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2754/2024 02.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək mərhum atasından miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışda göstərilən ünvan 1 ünvanında yerləşən miras əmlakdan tam şəkildə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun qardaş və bacılarıdır. X13 xx.xx.2014-cü ildə, anası Həqiqət Hüseynova isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra miras əmlak olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışda göstərilən 0,00726 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlak onun tərəfindən qəbul edilmiş və orada xeyli işlər görülmüşdür. X14, uşaqları Günel və Tunarla birlikdə həmin evdə yaşamışlar. Hazırda cavabdehlər onlara yaşamağa imkan vermir və qanunsuz müdaxilələr edirlər. Hesab edir ki, cavabdehlərin miras əmlakda payları yoxdur. Dəfn xərcini özü çəkmiş, fərdi yaşayış evinə özü və yoldaşı sahiblənmişdir. Yaşadıqları dövrdə evi əsaslı təmir etdirmişdir. Ümumilikdə evə 50.000 manat məbləğdə xərc çəkmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, miras əmlak hüquqlarını təmsil etdiyi şəxs tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, torpaq sahəsinin və fərdi yaşayış evinin əmlak vergiləri İddiaçı tərəfindən ödənilmiş, mərhum valideynlərinə özü qulluq etmiş, onların dəfn xərclərini belə tək qarşılamışdır. Cavabdehlərin hər biri miras əmlakdan 20 ildən çoxdur ki, daimi yaşamaq üçün başqa təsərrüfata çıxmışlar. Cavabdehlər miras əmlakda hər hansı abadlıq işləri və yaxşılaşma görməmişlər. Miras əmlak olan torpaq sahəsində Cavabdeh1 fərdi yaşayış evi olsa da, həmin evin daşınmaz əmlakda rəsmi qeydiyyatı yoxdur. Məhz bu səbəbdən iddiaçı torpaq sahəsini miras əmlak olaraq tam şəkildə tələb edir. Bundan başqa fərdi yaşayış evinə aid fotoşəkillərdən aydın olur ki, evdə əsaslı təmir işləri aparılmışdır. Bütün təmir işləri İddiaçı tərəfindən edilmişdir. "xxxx" ASC, «Azəriqaz» İB və "xxxx" MMC tərəfindən verilmiş arayışlardan da məlum olur ki, miras əmlak üzrə bütün ödənişləri İddiaçı etmişdir. Habelə, icra nümayəndəliyinin verdiyi arayış və akt ilə də bu təsdiqin tapır. Qeyd olunanlara əsasən miras əmlakdan tam şəkildə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, mərhum atasından qalmış miras əmlakdan özü də daxil olmaq şərti ilə bütün qardaş-bacılarının payının müəyyən edilməsini istəyir. Belə ki, X13un mülkiyyətində olan torpaq sahəsində özünəməxsus inşa etdiyi fərdi yaşayış evində yaşayır. Digər evdə isə qardaşı Mahaləddin ailəsi ilə birlikdə yaşamışdır. Həyətdə evlər arasında hasar vardır. Lakin hər iki fərdi yaşayış evi mərhum atasının mülkiyyətində olan torpaq sahəsindədir. Atasının dəfnində bütün vərəsələr iştirak etmişdir. Hətta atasının ölümündən sonra qardaşı Mahaləddinin ailəsi analarına baxmadığı üçün o və bacıları növbə ilə anasına baxmışdır. Bir sözlə hesab edir ki, hamısının miras əmlakda payı vardır. Ona görə iddia tələbinin qismən təmin olunaraq bütün vərəsələrə pay verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 izahatında göstərdi ki, qardaşı Cavabdeh1 dedikləri ilə tam razıdır. O və digər bacıları ailə qurub ata evindən köçsələr də, daimi olaraq miras əmlaka baş çəkmişlər. Yəni gediş-gəlişi kəsməmişlər. Hətta atalarının ölümündən sonra iddiaçının ailəsi anasına baxmadığı üçün analarına o və digər qardaş-bacıları baxmışdır. Ata evindən pay tələb edir və düşünür ki, hər birinin miras əmlak üzrə payı vardır. Odur ki, iddianın qismən təmin olunaraq bütün vərəsələrə pay verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, İddiaçı evini təmir etmişdir. Evdə tavana alçiban vurulması, divarların oboylanması və kafel-metlax işləri görmüşdür. Fərdi yaşayış evində Mahaləddin və onun ailəsi yaşamışdır. Bununla belə bacıları da evə gəlibgetmişdir. Zəhmət haqqı kimi 3000 manat pul almışdır. Mikayıl Hüseynovun dəfnində belə iştirak etmişdir. Onun ölümündən sonra məhlədə iki qardaş birgə yaşamışlar. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərdi ki, İddiaçı evində usta kimi işləmişdir. Fərdi yaşayış evində boya işləri görmüşdür. Zəhmət haqqını Mahaləddin vermişdir. Təmir işləri görən zaman Baris də gəlib-getmişdir. Həmin həyətdə Barisə də məxsus fərdi yaşayış evi vardır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, İddiaçı evində 2017-2021-ci illərdə hissə-hissə təmir işləri görmüş və zəhmət haqqını həmin şəxs ödəmişdir. Zəhmət haqqı olaraq 4150 manat məbləğində pul almışdır. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0726 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 məxsusdur. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş vərəsələr barədə aaryışdan görünür ki, mərhum X3 vərəsələri İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dır. Tovuz şəhər İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində (Ə.Cavad küçəsi 22) 0,08 ha torpaq sahəsində mərhum X5 məxsus fərdi yaşayış evindən 2023-cü ilin noyabr ayına kimi İddiaçı tərəfindən istifadə edilmişdir. Ölüm haqqında AZ İİ 156832 və AZ İ 671028 saylı şəhadətnamələrin surətlərindən görünür ki, X7 xx.xx.2021-ci ildə, X8 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. «Qərb» X9 və Satışı İdarəsinin Tovuz Elektrik Şəbəkəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, , Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində (Ə.Cavad küçəsi 22) 0,08 ha torpaq sahəsində mərhum X5 məxsus fərdi yaşayış evinin işiq pulu 2023-cü ilin noyabr ayına kimi İddiaçı tərəfindən ödənilmişdir. Tovuz bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mərhum X2 miras qalmış 0,0726 ha torpaq sahəsinin vergisi oğlu İddiaçı tərəfindən ödənilir. Tovuz bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında mərhum atası X5 məxsus həyətyanı torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materialları ilə müəyyən edilir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 0,0726 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X5 məxsusdur. X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra birinci növbə vərəsələri kimi uşaqları İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qalmışdır. Miras əmlak vərəsələrdən yalnız İddiaçı və Cavabdeh1 tərəfindən faktiki qəbul edilmişdir. Digər vərəsələr miras əmlakı nə faktik və də qanunla müəyyən edilmiş formada qəbul etməmişlər. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan xx.xx.2014-cü il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı və Cavabdeh1 tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin halları qeyd olunan Plenum Qərarına müvafiq araşdırılan zaman məlum olur ki, miras əmlak yalnız vərəsələrdən İddiaçı və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Belə ki, İddiaçı miras əmlak olan fərdi yaşayış evində atasının ölümündən sonra ailəsi ilə birlikdə yaşamış, orada təmir və tikinti işləri aparmış, bütün kommunal ödənişlər onun tərəfindən edilmişdir. Cavabdeh1 isə atasından miras qalmış 0,0726 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməklə həmin evdə yaşayır. Lakin digər vərəsələrin miras əmlakı nə formal, nə dəqeyri-formal üsulla qəbul etməmişlər. Bu barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı və Cavabdeh1 tərəfindən miras əmlakın qəbul edilməsi nəticəsinə gəlindiyi üçün mirasın kütləsi müəyyən edilməlidir. Bu hissədə işin halları araşdırılan zaman müəyyən edilir ki, mirasın kütləsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 0,0726 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evindən ibarətdir. Vərəsələrdən İddiaçı və Cavabdeh1 miras əmlakı faktik olaraq qəbul etdiyi üçün isə onların hər birinin payı miras əmlak üzərində 1/2 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "Nümayəndəanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarış əsasında mərhum X5 məxsus ünvan 1 ünvanında yerləşən 0,0726 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evindən İddiaçı və Cavabdeh1 hər birinin payı 1/2 hissədə müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarış əsasında mərhum X5 məxsus ünvan 1 ünvanında yerləşən 0,0726 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evindən ibarət miras əmlakdan İddiaçı və Cavabdeh1 payları hər birinə münasibətdə ½ hissədə müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar