Məhkəmə qərarları › İş №2(062)-2764/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2764/2023

13.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2764/2023 13.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və cavabdehlər X9, Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı, həmçinin Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər X14, Cavabdeh4, X4 və Cavabdeh6, maraqlı şəxs Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı «payların müəyyən olunması» tələbinə dair mülki işə Tovuz şəhərində 13 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər X14, Cavabdeh4, X4 və Cavabdeh6, maraqlı şəxs Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia qaldıraraq məhrum X6 ilə anası X5 miras qalmış mülkdən payının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək izahatında göstərdi ki, X20 ilə X7 birgə nikahlarından anadan olmuşdur. X2 adına Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55-də ümumi sahəsi 43,5 kv mənzil və Tovuz rayonu Cəlilli kəndində atasının adına dövlət reyestrində fərdi yaşayış evi, həyətyanı və pay torpaq sahəsi qeydə alınıb. Atası X1 bütün mülkünü 21 yanvar 2013-cü ildə digər vərəslərini miras paydan məhrum etməklə bütün mülkünü ona vəsiyyət etmişdir. Vəsiyyətnamə Tovuz rayon notariat kontorunda təsdiq olunmuşdur və hal –hazırda qanuni qüvvəsindədir. X6 ilə anası X7 birgə nikahlarından altı uşağı olmuşdur. X20 xx.xx.2021-ci ildə, anası X16 isə xx.xx.2005-ci ildə vəfat etmişdir. Onların ölümündən sonra ailə üzvləri ilə birlikdə atasına məxsus fərdi yaşayış evində yaşamaqla mirası qəbul etmiş və hal–hazırda da atasından miras qalmış mülkdə yaşayır. Digər vərəsələr isə özlərinə məxsus evdə yaşayırlar. Mirasa dair vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Tovuz rayon regional ASAN xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə ona məlum olmuşdur ki, mirasa dair bacisi Cavabdeh2 öz adına vərəsəlik hüququna dair şəhadətnamə almışdır. Bu səbəbdən də ona vərəsəlik hüququna dair şəhadətnaməsi verilməsindən imtina edilmışdir. Halbuki, o vərəsə kimi vəsiyyətnamə üzrə vərəsədir. Vəsiyyətnamə ləğv edilməyib, qanuni qüvvəsindədir. Bundan başqa mirası faktiki olaraq qəbul etmişdır. Cavabdeh Tovuz regional ASAN XİDMƏT Mərkəzinin notariat ofisi vərəsəlik hüququna dair şəhadətnamə verərəkən bütün vərəsələrin dairəsini müəyyən etməli idi. Bundan başqa vəsiyyətnamə notariat ofisində verilmişdir, vəsiyyətnamənin notariusda rəsmi reyestrdə qeydiyyatdadır və vəsiyyətnamənin gizlədilməsi qeyri mümkündür. Qanunvericiliyin tələblərinə əsasən miras mülk ona vəsiyyət edildiyindən mirasdan vəsiyyətnamə üzrə payı var. Mirasın kütləsinə Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55-də ümumi sahəsi 43,5 kv mənzil, Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı və pay torpaq sahəsi daxildir və mirasdan məhrum atasının və anasının bərabər payları var. Mirasın əsas kütləsinə əsasən, Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahələri daxildir. Cavabdehlərin mirasdan yalnız məcburi payı var. Cavabdeh2 mirasa dair vərəsəlik şəhhadətnaməsi alarkən digər vərəsələr barəsində notariusa məlumat verməmişdir. Belə ki, onun məqsədi mirası məqsədli şəkildə tam ələ keçirmək olmuşdur. Miras mülklə bağlı mübahisə yarandığından miras məhkəmə qaydasında bölünməlidir. Ona görə də məhrum X6ndan ilə X5 miras qalmış mülkdən payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı, həmçinin Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisə olunan miras mülk Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55- də yerləşməklə ümumi sahəsi 43,5 kv-dir. Qanunvericiliyin tələblərinə əsasən Tovuz regional ASAN xidmət Mərkəzinin notariat ofisinə rəsmi müraciət etmiş, mirasa dair ona vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Mirası rəsmi qaydada yalnız vərəsə kimi özü qəbul etdiyindən digər vərəslərə pay verilməmişdir. Hal-hazırda mübahisə olunan mənzil miras kimi qəbul edildiyindən mirasın kütləsinə daxil deyildir və ona görə də iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh X17 məhkəmə iclasında Cavabdeh4 ilə eyni məzmunlu izahat verdi. Cavabdehlər X4 və Cavabdeh6, Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, cavabdehlər X12 və Cavabdeh6 Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlər X3 və Cavabdeh6, Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55-də yerləşən ümumi sahəsi 43,5 kv.m, yaşayış sahəsi 29.3 kv.m, yardımçı sahəsi 14,2 kv.m olan iki otaqlı mənzil daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2110 nömrəli reyestr kitabının 195214 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə X15 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 222131 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55 X10 adına qeydə alınmışdır. Tovuz Rayon Qeydiyyat şöbəsinin tərtib etdiyi arayışdan görünür ki, X15 və X13 nikahları xx.xx.1965-ci il tarixdə qeydə alınmışdır. Tovuz Rayon Qeydiyyat şöbəsinin tərtib etdiyi arayışdan görünür ki,X15 və X8 birgə nikahlarından xx.xx.1977-ci ildə İddiaçı anadan olmuşdur. İşə əlavə olunmuş 21 yanvar 2013-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X18 ölən günədək ona məxsus olan, onun harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını digər vərəslərini vərəsəlik hüququndan məhrum etməklə oğlu İddiaçı vəsiyyət etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2021-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2005-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X15 vərəsəsi Cavabdeh2 olmuş və mirasın kütləsinə Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55-də yerləşən ümumi sahəsi 43.5 kv.m, yaşayış sahəsi 29.3 kv.m, yardımçı sahəsi 14.2 kv.m olan iki otaqlı mənzil daxildir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, hazırkı iş üzrə tərəflər miras qoyan X19 ilə X8 birinci növbəli vərəsələridir. X20 xx.xx.2021-ci ildə vəfat etmiş və miras həmin günü açılmışdır. Onun ölümündən sonra Cavabdeh2 mirasa dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almış və Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55-də yerləşən ümumi sahəsi 43.5 kv.m,yaşayış sahəsi 29.3 kv.m, yardımçı sahəsi 14.2 kv.m olan iki otaqlı mənzil vərəsəlik hüququna dair şəhadətnamə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi miras mülkün bir hissəsinə vərəsəlik şəhadətnaməsi verilmişdir və hazırda da qüvvədədir. Hal-hazırda Tovuz rayon məhkəməsində 2(062)-2764/2023 sayla qeydiyyata alınmış iddia tələbi isə miras mülkdən pay tələbidir. Azərbaycan Rrespublikası MPM-nin 218.3-cü maddəsinə əsasən isə məhkəmə işə verilən iddia tələbi həcmində baxır və müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə isə müstəsna hal kimi hazırkı iddia tələbindən kənara çıxmağı məqsədə müvafiq hesab etmir. Hazırkı iddia predmeti miras mülkdən pay tələbidir və iddiaçı iddia tələbində qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməni iddia predmetinə daxil etməmiş və xahiş etdi hissədə mübahisələndirməmişdir. İddia tələbinə aid olmadığından məhkəmə öz təşəbbüsü ilə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməni mübahisələndirə bilməz. Belə olan halda mirasın vərəsələr arasında bölünməsi hazırki vəziyyətdə mümkün deyil və həmin iddia təmin oluna bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya və digər vərəsələrə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin mübahisələndirə bilmək hüquqları izah edilməli və vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsinin nəticələrinə uyğun olaraq vərəsələr mirasdan pay tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1 maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın bir hissəsinə vərəsəlik şəhadətnaməsi verildiyindən qanunun mənasına görə bütövlükdə miras qəbul edilmiş sayılır. Ona görə də miras tam həcmdə müzakirə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.1-ci maddəsinə görə, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə görə, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X14, Cavabdeh4, X4 və Cavabdeh6, maraqlı şəxs Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mərhum X6 ilə anası X5 miras qalmış Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55-də ümumi sahəsi 43,5 kv metr mənzildən, Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evindən, həyətyanı və pay torpaq sahəsindən payının müəyyən olunmasına dair iddiası hazırda qanunsuz olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər X14, Cavabdeh4, X4 və Cavabdeh6, maraqlı şəxs Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mərhum X6 ilə anası X5 miras qalmış Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55-də ümumi sahəsi 43,5 kv metr mənzildən, Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evindən, həyətyanı və pay torpaq sahəsindən payının müəyyən olunmasına dair iddiası hazırda qanunsuz olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar