Məhkəmə qərarları › İş №2(062)-2788/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2788/2023

15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2788/2023 15.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* saylı 31 oktyabr 2022-ci tarixli akt əsasında əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ona məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh təşkilatın əməkdaşları 31 oktyabr 2022-ci il tarixində onun evinin yaxınlığından keçən qaz xəttinin üstündə krant və krantda bir boru aşkarlamışlar. Belə ki, cavabdeh təşkilatın əməkdaşlarının aşkar etdikləri qaz xətti onun evindən ən azı 15-20 metr aralı olmuş və borunun onun evinə daxil olması müəyyən edilmişdir. Yəni həmin krantı və borunu o quraşdırmış, ondan evində istifadə etmişdir. Heyvan üçün yem bişirmək üçün ondan istifadə etmişdir. Buna baxmayaraq bu barədə 31 oktyabr 2022-ci ildə akt tərtib etmişlər və onu da akta imza etdirmişlər. Həmin akta əsasən, yazılmış cərimə əsassızdır və silinməlidir. Odur ki, X1 əməkdaşları tərəfindən tərtib olunmuş həmin akt əsasında yazılmış 1969,92 manat cərimə silinməlidir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işin materiallarına əlavə olunan 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı məxsus olan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən evinin yaxınlığından keçən qaz xəttinin krant və boru vasitəsilə qanunsuz istifadəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında qaz nəql edən ümumi borudan əlavə xətt aşkar edilmişdir. Həmin xəttin üzərində krant olmuş və xəttin ucu iddiaçının evinə tərəf yönəlmişdir. Bunu məhkəmə iclasında iddiaçı da etiraf etmişdir. Həmçinin göstərmişdir ki, həmin qaz xəttindən özü üçün deyil, mal qarası üçün yem bişirməyə istifadə etmişdir. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı evinin yaxınlığından keçən qaz xəttinə müdaxilə edilmiş və nəticədə qaz itkisi yaranması müəyyən olunmuş və bunun nəticəsində itirilmiş qaz əvəzi olaraq iddiaçıya cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndində təsbit edilmişdir ki, bu Qanunun 13cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarının habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. İddiaçı əlavə xəttdən istifadə etməsini etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli,hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı adına tərtib olunmuş 31 oktyabr 2022-ci il tarixli ******* saylı akt əsasında yazılmış 1969,92 manat borcun silinməsi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1969,92-220 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ARDNŞ «Azəriqaz» İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 1969,92 manat borcun silinməsi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar