Məhkəmə qərarları › İş №2(062)-3106/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3106/2024

19.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3106/2024 19.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ARDNŞ Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ARDNŞ Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ARDNŞ Cavabdeh nümayəndələri tərəfindən tərtib edilmiş ******* saylı 20 oktyabr 2022-ci tarixli akt əsasında əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, özünə məxsus Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə qaz sayğacı quraşdırılmışdır. Qaz idarəsinin əməkdaşları tərəfindən yoxlama aparılan zaman guya onun sayğaca müdaxilə etməsi barədə akt tərtib olunsa da, o, heç bir müdaxilə etməmişdir. Hətta həmin vaxt qaz idarəsinin əməkdaşları ona sayğacın dəyişilməsi ilə bağlı məlumat verərək, akta imza etdirmişlər. Sonradan məlum olmuşdur ki, ona 4054,08 manat cərimə yazılmışdır. Halbuki, o heç bir müdaxilə etməmişdir. Odur ki, X1 əməkdaşları tərəfindən tərtib olunmuş həmin akt əsasında yazılmış 4054,08 manat cərimə silinməlidir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə olunan 20 oktyabr 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı məxsus olan, Tovuz rayonu Əyyublu kəndində yerləşən evinə quraşdırılmış sayğaca gələn qaz xəttinə müdaxilə müəyyən edilmişdir. Aktdan göründüyü kimi fərdi evdə “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qaz xəttinə müdaxilə aşkar edilmişdir. Həmçinin iddiaçının işə əlavə etdiyi abonentin saldosundan görünür ki, iddiaçı aybaay kommunal ödənişini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının yaşadığı Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evində olan qaz xəttində sayğacdan kənar müdaxilə olması aşkar edilmişdir. İddiaçı barəsində akt tərtib edilərək ziyan hesablanmışdır. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı evində qaz xəttinə sayğacdan kənar müdaxilə edilmiş və nəticədə qaz itkisi yaranması müəyyən olunmuş və bunun nəticəsində itirilmiş qaz əvəzi olaraq iddiaçıya cərimə hesablanmışdır. Hazırki mübahisə üzrə mülki hüquq pozuntusunun İddiaçı tərəfindən törədilməsi sübuta yetirilməsə də onun istifadəsində olan xəttdə sayğacdan kənar müdaxilə aşkar edilmişdir. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.1 və 5.2-ci bəndləri.) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən abonentin yaşadığı mənzilə kənar xətt çəkilməsi iddia olunur. Hansı ki, həmin xətt vasitəsi ilə iddiaçı təbii qazdan sayğac göstəriciləri olmadan istifadə etmişdir. Göstərilən hal iddiaçının özü tərəfindən etiraf edilmir və mübahisələndirilir. Lakin tərəflər heç biri kənar xəttin olub- olmaması barədə heç bir sübut təqdim etməmişdir. Belə hər bir halda iddiaçının hüquqları da istehlakçı olaraq kölgədə qalmamalı və cavabdehin ona hesablamış olduğu cərimə məbləği hüquqi müstəvidə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10 və 3.1.11-ci bəndlərinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir Həmin Qaydaların 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci bəndinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-3-cü bəndinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Sadalanan normaları təhlil edən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının kənar qaz xətti istifadə etməsi üzrə etdiyi tədbirlər doğru olsa belə ona hesablanmış cərimə məbləği düzgün olmamışdır. İlk növbədə yuxarıda adıçəkilən Qaydaların 6.5-3-cü bəndinin tələbləri pozulmuşdur. Çünki həmin bəndin tələbinə görə İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun ümumiyyətlə 2022-ci illər üzrə illik təbii qaz sərfi nəinki 4000 manatdan çox, heç 750 manatı belə keçməmişdir. Hansı ki, 2022-ci ilin oktyabr ayında kənar xətt aşkar edilmiş və ləğv edilmişdir. Həmin tarixdən sonrakı tarixə də nəzər saldıqda iddiaçının aylıq ödənişlərinin 2024-cü il üzrə 1306,26 manat olması müəyyən edilir. Göründüyü kimi hesablanan cərimə məbləği iddiaçının illik təbii qazdan istifadəsi ilə kəskin fərqlidir. Bir məqamı da məhkəmə diqqətə çatdırır ki, qaz paylayıcısı olaraq cavabdeh təşkilatın vəzifəsi kimi istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 01 (bir) dəfə, digər qaz sayğaclarına isə 03 (üç) ayda 01 (bir) dəfə baxış keçirilməlidir. İddiaçıya məxsus fərdi yaşayış evində kənar xətt 2022-ci ilin oktyabr ayında aşkar edilmişdir. Bu halda iddiaçının həmin xətti 2022-ci ilin oktyabr ayında qoşması ağlabatandır. Çünki qaz paylayıcısı olaraq cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə uyğun olaraq bir il ərzində sayğacın yerləşmə yerinə uyğun olaraq yoxlama tədbirləri keçirməli idi. Abonentin saldosundan isə məlum olur ki, kənar xətt üzrə aşkar edilmə halları əvvəlki illərdə olmamışdır. Olsa idi akt üzrə cərimə hesablanması əksin tapardı. Odur ki, üç aylıq kənar xətt qoşulmasına görə istehlakçıya illik sərfiyyatından dəfələrlə artıq cərimə hesablanması ədalətli ola bilməz. Bu səbəbdən məhkəmə hesablanan cərimə məbləğinin 3 aylıq müddətə sutkanın 12 saatı ərzində hesablanaraq 506,75 manat həddində müəyyən olunmasını qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qeyd olunan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat iddiaçı tərəfindən sayğacdan kənar xəttə qeyri-qanuni olaraq qazdan istifadə etdiyinə görə ona cərimə yazmaqda haqlı olmuşdur. Lakin cərimənin miqdarı həddindən artıq şişirdilmişdir. Belə ki, 20 oktyabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamədə dəymiş ziyan hesablanarkən iddiaçının evində 2 ədəd kombi (25 kv metr və 32 kv metr) və 2 ədəd PQ3 olduğu göstərilmişdir. Halbuki, heç bir abonent tərəfindən PQ3-ün il boyu hər gün 24 saat ərzində işləməsi ağlabatan deyil. Məhkəmə hesab edir ki, PQ3 gün ərzində maksimal olaraq 12 saatadək işləyir. Məhkəmə hesab edir ki, 20 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən, iddiaçı tərəfindən vurulmuş ziyanın məbləği 506,75 manat təşkil edir. Ona görə də, iddianın 3547,33 manat hissəsi silinməlidir, qalan 506,75 manat hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarının habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli,hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı adına tərtib olunmuş 20 oktyabr 2022-ci il tarixli ******* saylı akt əsasında yazılmış 4054,08 manat borcdan 3547,33 manat hissəsi silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 637-220 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ARDNŞ Cavabdeh nümayəndələri tərəfindən tərtib edilmiş İddiaçı adına 20 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasında hesablanmış 4054,08 manat borcdan 3547,33 manat borc hissəsi silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar