Məhkəmə qərarları › İş №2(062)-351/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-351/2024

31.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-351/2024 31.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ARDNŞ Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ARDNŞ Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ARDNŞ Cavabdeh nümayəndələri tərəfindən tərtib edilmiş ******* saylı 19 dekabr 2022-ci tarixli akt əsasında əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, özünə məxsus Tovuz rayonu Əsrik Cırdaxan kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə qaz sayğacı quraşdırılmışdır. Qaz idarəsinin əməkdaşları tərəfindən yoxlama aparılan zaman guya onun qaz vintilinə müdaxilə etməsi barədə akt tərtib olunsa da, o, heç bir müdaxilə etməmişdir. Hətta həmin vaxt qaz idarəsinin əməkdaşları ona sayğacın dəyişilməsi ilə bağlı məlumat verərək, akta imza etdirmişlər. Sonradan məlum olmuşdur ki, ona 3021,72 manat cərimə yazılmışdır. Halbuki, o heç bir müdaxilə etməmişdir. Odur ki, X1 əməkdaşları tərəfindən tərtib olunmuş həmin akt əsasında yazılmış 3021,72 manat cərimə silinməlidir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə olunan 19 dekabr 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı məxsus olan, Tovuz rayonu Əsrik Cırdaxan kəndində yerləşən evinə quraşdırlmış sayğacın vintilinə müdaxilə müəyyən edilmişdir. Aktdan göründüyü kimi fərdi evdə “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacın vintilinin xarab olması aşkar edilmişdir. Həmçinin iddiaçının işə əlavə etdiyi abonentin saldosundan görünür ki, iddiaçı aybaay kommunal ödənişini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının yaşadığı Tovuz rayonu Əsrik Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin sayğacının vintilinin xarab olması aşkar edilmişdir. İddiaçının bu barədə heç bir məlumatı olmamışdır. Lakin iddiaçı barəsində akt tərtib edilərək ziyan hesablanmışdır. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı evinin sayğacının vintilinə müdaxilə edilmiş və nəticədə qaz itkisi yaranması müəyyən olunmuş və bunun nəticəsində itirilmiş qaz əvəzi olaraq iddiaçıya cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Hazırki mübahisə üzrə mülki hüquq pozuntusunun İddiaçı tərəfindən törədilməsi sübuta yetirilmir. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri mümkün edir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat iddiaçı tərəfindən sayğacın vintilinin xarab olmasına görə qeyri-qanuni olaraq qazdan istifadə etdiyinə görə ona cərimə yazmaqda haqlı olmuşdur. Lakin cərimənin miqdarı həddindən artıq şişirdilmişdir. Belə ki, 19 dekabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamədə dəymiş ziyan hesablanarkən iddiaçının evində PQ3-ün maksimal qaz sərfi 0,8 kub metr saat iş rejimi 24 saat və hesabat dövrü 360 gün, radiator soba maksimal saatlıq qaz sərfi 0,8 kub metr saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün, dəmir sobası maksimal saatlıq qaz sərfi 1,4 kub metr saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün, QSSQ-nin (100L) maksimal saatlıq qaz sərfi 1 kub metr saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 0,8x24x360=6912 kub metr, 0,8x24x180=3456 kub metr, 1x24x360=8640 kub metr olmaqla, cəmi 25056 kub metr qazın dəyərinin ödənilməsi göstərilmişdir. Halbuki, heç bir abonent tərəfindən PQ3-ün il boyu hər gün 24 saat ərzində işləməsi ağlabatan deyil. Məhkəmə hesab edir ki, PQ3 gün ərzində maksimal olaraq 8 saatadək işləyir. Həmçinin evdə dəmir sobanın olması öz təsdiqini tapmır. Ona görə də məhkəmə aşağıdakı qaydada dəymiş zərərin hesablanmasını məqsədə müvafiq hesab edir: 0,8x8x360=2304, 0,8x8x180=1152 kub metr, 1x24x360=8640 kub metr olmaqla, cəmi 12096 kub metr təşkil edir. Belə olan halda da Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, 0,12 manata vurulmaqla, iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, 19 dekabr 2022-ci il tarixli ******* saylı akta əsasən, iddiaçıya vurulmuş ziyanın məbləği 12096x0,12=1451,52 manat təşkil edir. Ona görə də, iddianın 1570,2 manat hissəsi silinməlidir, qalan 1451,52 manat hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarının habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli,hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı adına tərtib olunmuş 19 dekabr 2022-ci il tarixli ******* saylı akt əsasında yazılmış 3021,72 manat borcdan 1570,2 manat hissəsi silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 637-220 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ARDNŞ Cavabdeh nümayəndələri tərəfindən tərtib edilmiş İddiaçı adına 19 dekabr 2022-ci il tarixli ******* saylı akta əsasında hesablanmış 3021,72 manat borcdan 1570,2 manat borc hissəsi silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar