Məhkəmə qərarları › İş №2(062)-3828/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3828/2025

27.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3828/2025 27.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdeh1 Hüseyn qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyn qızına və X2 qarşı “istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyn qızına və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisi, yeni qaydalarla ünvan 3-də olan istifadə hüquqlarına evdən köçüb getdikləri üçün müvafiq kompensasiya ödənilmədən xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 onun gəlinib olub. Ona məxsus evə 2004-ci ildə gəlin gəlib 2013-cü ildə ona məxsus evdən köçüb getmişdir. Harada olmasından xəbəri yoxdur. Digər cavabdeh ona məxsus evdən köçüb getmiş halhazırda özünə məxsus evdə yaşayır. Ancaq cavabdehlər ona məxsus evdən köçüb getsələrdə ona məxsus evdə qeydiyyatdadırlar. O, cavabdehlərin evdən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Ancaq ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Gəncə İnzibati Məhkəməsinə ona bildirmişlər ki, Tovuz rayon Məhkəməsinə müraciət etsin. Cavabdeh1 Hüseyn qızı 2013-cü ildə evdən köçüb getmişdir. Onun haraya köçməsi barəsində onda heç bir məlumat yoxdur. Digər cavabdehin is özünün evi vardır və öz evində yaşayır. Məhkəmə iclasında iştirak iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının DİN Tovuz rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Tovuz rayon PŞ-nə ünvanladığınız ərizəyə cavab olaraq bildirilir ki, Tovuz rayon PŞ-nə təqdim etdiyiniz Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin 923 nömrəli arayışında qeyd olunan vətəndaşlar 25.03 1942-ci il təvəllüdlü İddiaçı, xx.xx.1971-ci il təvǝludlu Cavabdeh1 və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2 Tovuz şəhəri Aşağı Öysüzlü yaşayış ərazisi (Yeni qaydalarla AZ 6000: ünvan 2 ünvanında qeydiyyatdadır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Azərbaycan Respublikasının Qanununa əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarıla bilər. 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən 2. Başqa ölkədə yaşayış yeri seçdikdə. 3. Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Odur ki, Tovuz rayon PŞ-nə təqdim etdiyiniz Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin 923 nömrəli arayışında qeyd olunan vətəndaşlar xx.xx.1942-ci il təvəllüdlü İddiaçı Tanirverdi qızı, xx.xx.1971-ci il təvəlüdlü Cavabdeh1 və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2 Tovuz şəhəri Aşağı Öysüzlü yaşayış ərazisi (Yeni qaydalarla AZ 6000: ünvan 2 ünvanında qeydiyyatdan çıxarılması tərəfimizdən mümkun deyil. İş materiallarında olan Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 923 nömrəli arayışının surətindən görünür ki, verilir İddiaçı ondan ötəri ki, Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərzisi, ev-Yeni qaydalarla: Az 6000, ünvan 3 ünvanında mülkiyyətində olan 0.1458 ha torapaq sahəsində yerləşən ümumi sahəsi 81.9 kv.m dən ibarət fərdi yaşayış evində (Reyestr nömrəsi **********45-10301, Qeydiyyat No **********) daimi qeydiyyatda olanların tərkibi aşağıdakı qayda üzrədir. Özü: İddiaçı Tanirverdi oğlu, gəlini Cavabdeh1 və nəvəsi Cavabdeh2. İş materiallarında olan Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisi, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adınadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Tural onun böyük qardaşının oğludur. Onun öz evi var, sadəcə olaraq anasının evinə qeydiyyata düşmüşdür. İradə 2007-2008-ci illərdə onlara gəlin köşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, o, Dilşadın qonşudur. Cavabdehlər Dilşada məxsus olan evdə yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Göründüyü kimi iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğu üçün onun öz mülkiyyəti üzərində sahiblik, istifadə və ona dair sərəncam vermək hüquqları mövcuddur və həmin mənzildə istifadə hüququna malik olan şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin məhkəmə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisəli evlə bağlı hər hansı istifadə hüquqlarının olması müəyyən edilməmişdir. Mövcud olmayan bir hüquq isə itirilmiş hesab edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi cavabdehlərin hansı əsasla həmin evə qeydiyyata düşmələrini müəyyən etmək mümkün deyildir və iddiaçı bununla bağlı hər hansı sübut da təqdim etməmişdir. İşin mübahisəsiz halı da ondan ibarətdir ki, cavabdehlərin heç biri hazırda həmin evdə yaşamırlar. Cavabdehlər mübahisə predmeti olan evdə heç bir hüquqa, yaşayış hüququna və istifadə hüququna malik deyildirlər. Belə ki, yaşayış sahəsinə istifadə hüququ iki əsasla yarana bilər. 1. Yaşayış sahəsinin mülkiyyətçisi ilə notarial qaydada bağlanmış müqavilə əsasında(istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla) 2. Yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olması əsası ilə. Bununla bağlı məhkəmə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehlərlə iddiaçı arasında notarial qaydada bağlanmış hər hansı müqavilənin olması müəyyən edilməməklə, cavabdehlərin iddiaçının ailə üzvləri olmaması da işin mübahisəsiz halını təşkil etmişdir. Yaşayış sahəsinə istifadə hüququ verən sonuncu əsasla bağlı məhkəmə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edir. Belə ki, Mənzil Məcəlləsinin sözügedən maddəsinə əsasən, həmçinin Konstitusiya Məhkəməsinin Plenum Qərarından göründüyü kimi, yaşayış sahəsinə istifadə hüququna yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri: əri (arvadı); valideynləri və övladları; bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsilinin müvafiq müddəalarına uyğun olaraq, yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər (nənə(baba)nəvə; bacı-qardaş və s.) malikdirlər. Göründüyü kimi cavabdehlər mülkiyyətçiyə münasibətdə yuxarıda təsbit edilmiş ailə üzvləri sırasına daxil deyildirlər və qarşılıqlı olaraq onların saxlanılmasını tələb etmək hüquqları da yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli evdə qeydiyyatda olması, onların həmin evə yaşayış və istifadə hüququna malik olması anlamına gələ bilməz. Belə ki, pasport qeydiyyatında olmaq həmin yaşayış evinə yaşayış və istifadə hüququnun yaranmasına əsas vermir. Bu mənada iddiaçı cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, cavabdehlərin mübahisə predmeti olan evdə istifadə hüquqlarının olması ümumiyyətlə öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməsini cavabdehlərin qeydiyyatdan çıxarılması ilə əsaslandırmışdır. Bununla bağlı iddiaçıya izah edilir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli, 244 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli,136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanlar sırasına aid edilmişlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyn qızına və X2 qarşı “istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar