Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-569/2024 01.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəlin Nərminə Ruslan qızının katibliyi ilə Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı «tərtib olunmuş akta görə müəyyən olunmuş cərimənin silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «tərtib olunmuş akta görə müəyyən olunmuş cərimənin silinməsi tələbinə dair» iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib olunmuş akt əsasında ona yazılmış 292.5 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında sayğacın elektrik yükünü qeyd etməməsi göstərilərək, onun barəsində 292,5 manat miqdarında cərimə tərtib edilmişdir. O, sayğaca heç bir müdaxilə etməmiş və müdaxilə barədə aktda heç bir qeyd göstərilməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu və təmin edilməməsini məhkəmədən xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, iddiaçının 432.41 manat borcu olsa da, o həmin pulun 172 manatını ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli icra vərəqinin surətindən görünür ki, abonent İddiaçı məxsus olan, Tovuz rayonu Atabəyli kəndində yerləşən fərdi yaşayış evinə hesablanan borcun dəyəri 432.41 manatdır. İş materiallarında olan “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 432520 nömrəli protokolun surətindən görünür ki, sayğacın daxili sxemində yaranan qüsurdan enerjini qeyd etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abunə haqqında müqavilədən görünür ki, İddiaçı 292.5 manat borcu var. Məhkəmə hesab edir ki, aparılmış hesabat 32.09 manat civarında müəyyən edilməlidir. Belə ki, cavabdehin nümayəndəsinin izahatından göründüyü iddiaçının 432 manat 41 qəpik borcu olmuş, o həmin borcdan 172 manat ödəmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, 260 manat 41 qəpik iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Elektrik enerjisindən istifadə qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarının 7.9- 7.10-cu bəndlərinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qərarın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi elektrik paylayıcısı yəni cavabdeh birlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, elektrik sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri mümkün edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya yazılmış akt əsasında hesablanmış borc qismən silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarının habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli,hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı adına tərtib olunmuş akt əsasında yazılmış 260 manat 41 qəpik borc silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı hesablanmış 260 manat 41 qəpik borc silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-569/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-569/2024
01.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver