Məhkəmə qərarları › İş №2(062)-608/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-608/2023

25.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-608/2023 25.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxslər Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «miras mülkdən payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz şəhərində 25 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxslər Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq X3 miras qalmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən pay, həyətyanı torpaq sahəsindən, fərdi yaşayış evindən payının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək izahatında göstərdi ki, X12 onun doğma dayısıdır. Onun dayısı ailə qurmamışdır, arvadı və uşağı olmamışdır. X13 21 sentyabr 2010-cu ildə vəfat etmişdir. Dayısı ölənə qədər o, baxmışdır, yas mərasimini də o vermişdir. Dayısından miras qalmış Tovuz rayonu Aşağı Quşçu kəndində 0,12 ha torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini dayısının ölümündən sonra faktiki olaraq o idarə etmişdir. Odur ki, X3 miras qalmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən pay və həyətyanı torpaq sahəsindən, fərdi yaşayış evindən onun, yəni İddiaçı payının müəyyən olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxslər Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, cavabdehlər və maraqlı şəxslərin nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmiş və cavabdehlər əvvəlki məhkəmə iclasında məhkəməyə ərizə verərək mirasdan bacıları İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin və maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə edilmiş JN 1338 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X11 Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 373A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X11 Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X12 13 sentyabr 2010-cu ildə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X7 08 yanvar 2012-ci ildə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. İşə əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, X2 ilə X7 15 aprel 1962-ci ildə 08 sayla nikah qeyd etdirmişlər. İşə əlavə olunmuş arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1932-ci il tarixində anadan olmuş X10 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 1950-ci ildən xx.xx.2010-cu ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün X10 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, X1 19 yanvar 1967-ci ildə Tovuz rayonu Əlimərdanlı kəndində anadan olmuş, atası X2, anası X5r. İşə əlavə olunmuş Tovuz rayonu İHB-nin Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyinin 13 fevral 2023-cü il tarixli, 379 saylı arayışdan görünür ki, mərhum X12 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra, qalan qohumları o cümlədən, atası, anası , qardaşı, bacısı yoxdur. İşə əlavə olunmuş ərizələrdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddianı qəbul edir, X3 miras qalmış əmlakdan imtina edirlər, İddiaçı bütövlükdə payı müəyyən olunmasını istəyirlər. İşə əlavə olunmuş DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, X10 adına keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 263 saylı qeydiyyat vəsiqəsi əsasında Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Adına Tovuz rayonu Aşağı Quşçu kəndində JN 373A nömrəli şəhadətnamə ilə 0,12 ha həyətyanı və JN 1338 nömrəli dövlət aktı ilə 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayon AİK-nin 26 noyabr 1998-ci il tarixli, 26 saylı qərarı ilə X11 0,21 ha kənd təsərrüfat təyinatlı və 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsi JN 1338 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə və həyətyanı torpaq sahəsi isə JN 373A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə dövlət reyestrində qeydiyyata alınmışdır. X12 evlənməmiş, uşaqları olmamışdır. O, 13 sentyabr 2010-cu ildə vəfat etmişdir. Onun ölümündən sonra birinci növbəli vərəsələri qalmamışdır. İddiaçı mərhum X10 doğma bacısı qızıdır. İddiaçı miras qoyanın ölümündən sonra mirası faktiki olaraq idarə etmişdir. Cavabdehlər iddianı qəbul edir, mirasdan imtina edirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1 maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. İşdə olan materiallardan görünür ki, mirasın kütləsinə 0,12 ha həyətyanı torpaq sahəsi və 0,21 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi daxildir. İddiaçı iddia ərizəsində fərdi yaşayış evi göstərsə də, həmin evə dair mülkiyyət hüququna dair sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qanunun göstərilən normasına əsaslanaraq fərdi yaşayış evini mirasın kütləsinə aid etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mərhumun birinci növbəli vərəsələri olmadığından ikinci növbəli vərəsə kimi iddiaçı X1 mirası faktiki idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi iddiaçı qanun üzrə mirasın qəbulu barədə ərizə verməsə də, mirası faktiki idarə etməklə qəbul etmiş, həmçinin iddiaçının xeyrinə mirasdan imtina etmişlər və bu hal mübahisə doğurmur. Həmçinin cavabdehlər bu halı mübahisələndirmir. Ona görə də iddiaçının mirasın kütləsinə aid edildiyi əmlakda bütövlükdə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. X3 miras qalmış JN 1338 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və JN 373A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı bütövlükdə payı müəyyən olunmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. X3 miras qalmış JN 1338 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və JN 373A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı bütövlükdə payı müəyyən olunsun. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar