Məhkəmə qərarları › İş №2(062)-679/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-679/2025

12.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-679/2025 12.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək mərhum nənəsi X3 miras qalmış Tovuz rayonu, Alakol kəndində yerləşən 0,26 hektar həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan mərhum X6na münasibətdə onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarına əsasən mərhum nənəsi X7 və ailə üzvülərinə Tovuz rayonu, Alakol kəndi ərazisindən 0,26 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mərhum X6 həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində doğulub-böyümüş, ailə üzvüləri ilə birlikdə həmin evdə yaşamış və orada da vəfat etmişdir. Hazırda isə anası ilə birlikdə miras qalmış fərdi yaşayış evində yaşayırlar. Mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş, lakin, şəhadətnamə verilməsindən imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, miras qalmış həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin kimi köçmüş və hazırki vaxta kimi də qızı ilə orada yaşayır. Mərhum əri Natiq Əhmədov anası X3 qalmış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Onun ölümündən sonra isə miras əmlak o və qızı tərəfindən qorunub saxlanılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin onu da qeyd etdi ki, miras qalmış həyətyanı torpaq sahəsindən bütün vərəsələrin paylarının müəyyən edilməsinə etirazı yoxdur. Mülki iş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında İV ЖГ 462178 saylı şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1963-cü ildə doğulmuşdur. X2, anası isə X8r. Doğum haqqında AZ İ 555048 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü ildə doğulmuşdur. X6, anası isə X9r. Nikah haqqında AZ İ 118269 saylı şəhadətnamənin surətindən görünür ki, X16 ilə X11 nikahlarını xx.xx.2004-cü ildə rəsmi qeydə aldıraraq ailə qurmuşlar. Nikahdan sonra arvada «Əhmədova» soyadı verilmişdir. Alakol kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X1 onun mülkündə oğlu X16, onun arvadı X12 və onun uşağı İddiaçı yaşamışdır. Hazırda həmin təsərrüfatda X12 və İddiaçı yaşayır. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, X16 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X15 xx.xx.1988-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-379 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X5 vərəsəsi Cavabdeh3dır. Miras əmlak Touz rayonu, Alakol kəndində yerləşən 0,182 ha torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. «Torpağın mülkiyyətə verilməsinə dair» JN 359A KOD 50303018 saylı şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə Tovuz rayonu, Alakol kəndi ərazisindən X7 və Cavabdeh5 0,26 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materialları ilə müəyyən edilir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə Tovuz rayonu, Alakol kəndi ərazisindən X7 və Cavabdeh5 0,26 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Onların mülkiyyət hüququ «Torpağın mülkiyyətə verilməsinə dair» JN 359A KOD 50303018 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X13 xx.xx.2012-ci ildə vəfat etmişdir. Ondan qalmış yuxarıda göstərilən miras əmlak faktiki olaraq mərhum oğlu Natiq Əhmədov tərəfindən qəbul edilmişdir. Belə ki, əmlaka sahiblik və istifadə onun tərəfindən həyata keçirilmişdir. X16 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Hazırda mirasın kütləsinə daxil olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində faktiki olaraq onun ailə üzvüləri yaşayır. Eyni zamanda müəyyən edilmişdir ki, X13 ilə X10 birgə nikahlarından Natiq, Sahibə, İradə, Akif və Namiq adlı uşaqları doğulmuşdur. Birinci növbə vərəsələrdən Natiq Əhmədov vəfat etdiyi üçün ona çatacaq payı qızı İddiaçı tələb edir. Digər vərəsələrdən Cavabdeh4 və Cavabdeh3 elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq onların da miras əmlakdan payının müəyyən edilməsini xahiş etmişlər. Həmçinin məhkəmə hazırlıq iclasında Cavabdeh5 da anasından qalmış miras əmlakdan payını tələb etmişdir. İddiaçı tərəf isə öz növbəsində bildirmişdir ki, miras əmlakdan bütün vərəsələrinin payının müəyyən edilməsinə razıdır. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan xx.xx.2012-ci ildə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının mərhum atası Natiq Əhmədov tərəfindən anasından qalmış miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum atası Natiq Əhmədov tərəfindən mirasın qəbul edilməsi nəticəsinə gəlinməsi qanuni və əsaslıdır. Eyni zamanda iddiaçı tərəf özü miras əmlak üzrə bütün vərəsələrə pay verilməsini istəmişdir. Mülki Məcəllənin 1323-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Odur ki, miras əmlak üzrə bütün vərəsələrin payları müəyyən edilməlidir. Mirasın kütləsi üzə işin halları araşdırılan zaman müəyyən edilmişdir ki, mirasın kütləsinə «Torpağın mülkiyyətə verilməsinə dair» JN 359A KOD 50303018 saylı şəhadətnamədə qeyd olunan Tovuz rayonu, Alakol kəndi ərazisində yerləşən 0,26 hektar həyətyanı torpaq sahəsinin X7 məxsus ½ hissəsi daxildir. Vərəsələrin hər biri tərəfindən mirasın qəbul edildiyi nəticəsinə gəlindiyi üçün onların hər birinin payı miras əmlakdan 1/10 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN 359A KOD 50303018 saylı şəhadətnamədə göstərilən Tovuz rayonu, Alakol kəndi ərazisində yerləşən 0,26 hektar həyətyanı torpaq sahəsinin mərhum X7 məxsus miras qalmış ½ hissəsindən İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin 1/10 hissədə payları müəyyən edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN 359A KOD 50303018 saylı şəhadətnamədə göstərilən Tovuz rayonu, Alakol kəndi ərazisində yerləşən ümumi 0,26 hektar həyətyanı torpaq sahəsindən İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 payı 1/10 hissədə, Cavabdeh5 payı isə 6/10 (1/10+1/2) hissədə müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar