Məhkəmə qərarları › İş №2(062)-77/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-77/2024

19.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-77/2024 19.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 19 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 01 oktyabr 1992-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, X3 ilə birgə nikahlarından 01 oktyabr 1992-ci ildə Etimad adlı uşaqları anadan olmuşdur. O, doğulduğu vaxtdan ruhi xəstədir və etdiyi əməllərin nəticəsini qavramır. Həmin vaxtdan etibarən Etimad Süleymanov ev şəraitində yaşayır. Onun tərəfindən ona qulluq edilir. Oğlu əvvəllər olduğu kimi, indi də hərəkətlərinin nəticəsini qavramır, psixi cəhətdən problemlidir. Bununla bağlı maraqlı şəxs olan Tovuz rayon İcra Hakimiyyətinin Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanına müraciət etmişlər, lakin oradan məhkəməyə müraciət olunması bildirilmişdir. Odur ki, 01 oktyabr 1992-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə maraqlı şəxs Tovuz rayon İcra hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə X1 məhkəmə iclasında dindirilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 01 oktyabr 1992ci ildə Tovuz rayonu Kirən kəndində anadan olmuşdur. İşə əlavə olunmuş 14 noyabr 2023-cü il tarixli, 3143 saylı ekspertiza rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik formasında psixi xəstəlikdən əziyyət çəkir. X4 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X4 01 oktyabr 1992-ci ildə anadan olmuşdur. X4 ərizəçinin oğludur. Ərizəçinin izahatı və işdə olan sənədlərdən görünür ki, Etimad Süleymanov doğulduğu vaxtdan əqli gerilik, davranış pozuntusu olan xəstədir və etdiyi əməllərin nəticəsini qavramır. Etimad Süleymanov hazırda hərəkətlərinin nəticəsini qavramır, şəxsdə əqli gerilik, davranış pozuntusu var. 14 noyabr 2023-cü il tarixli, 3143 saylı ekspertiza rəyindən də göründüyü kimi, X2 ağır dərəcəli əqli gerilik müəyyən olunur. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi, ərizə təmin olunmalı və X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. 01 oktyabr 1992-ci ildə Tovuz rayonu Kirən kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 01 oktyabr 1992-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar